“Cənab Prezidentin belə tədbirlərdə iştirakı ölkəmizin yüksək nüfuzunun göstəricisidir” Siyasət

“Cənab Prezidentin belə tədbirlərdə iştirakı ölkəmizin yüksək nüfuzunun göstəricisidir”

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və təşkilat üzvləri Azərbaycanın daim onun tədbirlərində, o cümlədən yüksəksəviyyəli görüşlərində olmasını arzu edirlər. Təşkilatla əməkdaşlıq regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın güclənməsinə böyük töhfə verir. Bu, Azərbaycanın sülh modelinin bir daha dünyaya fayda verməsinin imkanlarından biridir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O vurğulayıb ki, Azərbaycanın həm təşkilatla, həm onun ayrı-ayrı üzvləri ilə sıx əməkdaşlığı var: “Dünən cənab Prezidentimizin İran Prezidenti ilə görüşü onu göstərdi ki, Azərbaycan qonşularla münasibətlərə böyük önəm verir. Ermənistan rəhbəri ilə görüşümüz isə Ermənistanla dərinləşən sülh prosesini daha da möhkənləndirmək xarakteri daşıyır. Təsadüfi deyil ki, görüşdə parlament üzvləri humanitar əlaqələrin genişləndirilməsi barəsində razılığa gəldilər. Bu, o deməkdir ki, biz ərazi bir bütövlüyümüz təmin edildikdən sonra bütün qonşu dövlətlər kimi Ermənistanla da normal qonşuluq münasibəti qurmaq maraqındayıq və Ermənistandan da bunu gözləyirik”.

“Digər ölkə rəhbərləri ilə görüşlər isə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı müzakirə etməyə, dünya qarşısında duran problemlərin həllinə bu region təşkilatının töhfə verməsinə gətirib çıxaracaq. Cənab Prezidentimizin belə tədbirlərdə iştirakı ölkəmizin yüksək nüfuzunun göstəricisi hesab edilə bilər” deyə deputat qeyd edib.

Röya İsrafilova