ABŞ-də amerikalı jurnalist Çinə casusluq etdiyinə görə həbs edilib Dünya

ABŞ-də amerikalı jurnalist Çinə casusluq etdiyinə görə həbs edilib

Amerikalı jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanlarına işləmək ittihamı ilə ABŞ-də iki il müddətinə azadlıqdan məhrum edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

"Çində yaşamış və çalışmış 51 yaşlı Amerika vətəndaşı Tomas Veyr Pauken ABŞ ərazisində xarici dövlətin agenti kimi fəaliyyət göstərdiyinə görə iki il müddətinə azadlıqdan məhrumetmə və xaricə çıxış qadağası ilə 36 ay müddətinə nəzarət altında azadlığa buraxılma cəzasına məkum edilib", — deyə qurumun saytında dərc olunmuş relizdə bildirilir.

ABŞ baş prokurorunun köməkçisi Con Eyzenberqin bəyan etdiyinə görə, təqsirləndirilən şəxs Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin "əməliyyatlarını dəstəkləmək", habelə "potensial agentləri cəlb etmək və məxfi məlumatları toplamaq" üçün Amerika vətəndaşlığından istifadə edib. "Pauken pul xatirinə öz ölkəsinə xəyanət etdi", — deyə rəsmi şəxs yekunlaşdırıb.

İyunun 5-də Pauken ABŞ-də xarici hökumətin agenti funksiyalarını yerinə yetirmək və Çin xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etmək təqsirini etiraf edib. Amerikalı təxminən 15 il Çində yaşayıb və jurnalist olub: Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin KİV-lərində məqalələr dərc etdirib və televiziyada ekspert qismində çıxış edib. Federal Tədqiqat Bürosunun məlumatına görə, o, ən azı 2019-cu ildən 2026-cı ilə qədər Çin xüsusi xidmət orqanlarının, o cümlədən Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin müxtəlif tapşırıqlarını yerinə yetirib. Bu əməllərinə görə Pauken öz kuratorundan ən azı 100 min dollar alıb.

Məryəm Quliyeva