
“İsrailin energetika naziri Eli Koenin bu bəyanatı Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin nə qədər həssas və çoxqatlı olduğunu bir daha nümayiş etdirir. Suriya artıq uzun illərdir ki, təkcə daxili siyasi proseslərin deyil, həm də regional və qlobal güclərin maraqlarının kəsişdiyi geosiyasi məkan kimi çıxış edir. Bu səbəbdən burada hər hansı yeni hərbi təşəbbüs və ya belə təşəbbüslərlə bağlı verilən siyasi mesajlar region ölkələri tərəfindən diqqətlə izlənilir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov bildirib ki, Türkiyə Suriya istiqamətində siyasətini əsasən sərhəd təhlükəsizliyi, terror təhdidlərinin qarşısının alınması və milli təhlükəsizlik prioritetləri çərçivəsində əsaslandırır: “İsrail isə Suriyada öz təhlükəsizlik mühitinə təsir göstərə biləcək istənilən hərbi dəyişiklikləri diqqətlə qiymətləndirən və bu məsələlərə preventiv yanaşan dövlət kimi çıxış edir. Bu baxımdan tərəflərin fərqli təhlükəsizlik konsepsiyalarına malik olması zaman-zaman sərt siyasi bəyanatların səslənməsinə səbəb olur. Bununla yanaşı, siyasi ritorika ilə real hərbi qərarlar arasında fərq olduğunu da nəzərə almaq lazımdır. Beynəlxalq münasibətlərdə yüksək tonlu açıqlamalar əksər hallarda qarşı tərəfə siyasi mesaj vermək, çəkindiricilik yaratmaq və danışıqlar prosesində mövqe nümayiş etdirmək məqsədi daşıyır. Ona görə də hər bəyanatı qaçılmaz eskalasiya əlaməti kimi qiymətləndirmək düzgün olmaz”.
Politoloq diqqətə çatdırıb ki, digər tərəfdən, Suriyada artıq müxtəlif dövlətlərin və silahlı aktorların fəaliyyət göstərməsi təhlükəsizlik mühitini kifayət qədər mürəkkəbləşdirib: “Belə şəraitdə yeni hərbi mövcudluq və ya bununla bağlı qarşılıqlı bəyanatlar koordinasiya risklərini artırmaqla yanaşı, təsadüfi insidentlərin baş verməsi ehtimalını da yüksəldə bilər. Xüsusilə hava məkanında və müxtəlif əməliyyat zonalarında fəaliyyət göstərən qüvvələr arasında anlaşılmazlıqlar regional sabitlik baxımından əlavə risk faktoruna çevrilə bilər. Eyni zamanda, regionun gələcək təhlükəsizlik arxitekturası təkcə Türkiyə və İsrailin mövqeyindən asılı deyil. Suriya məsələsində ABŞ, Rusiya, İran, ərəb dövlətləri və digər regional aktorların maraqları da proseslərə ciddi təsir göstərir. Bu səbəbdən mümkün ssenarilər çoxşaxəlidir və hər hansı addımın nəticəsi geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir”.
O həmçinin deyib ki, hazırkı mərhələdə tərəflər arasında verilən bəyanatları daha çox siyasi və strateji siqnallar kontekstində dəyərləndirmək məqsədəuyğundur: “Bununla belə, qarşılıqlı sərt ritorikanın davam etməsi yanlış hesablamalar riskini artırdığı üçün diplomatik kommunikasiya kanallarının açıq saxlanılması, hərbi koordinasiya mexanizmlərinin işlək vəziyyətdə qalması və dialoq imkanlarının qorunması regionda gərginliyin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Yaxın Şərqin mövcud geosiyasi reallıqları göstərir ki, təhlükəsizlik balansının qorunması yalnız hərbi vasitələrlə deyil, eyni zamanda, siyasi dialoq və qarşılıqlı koordinasiya ilə mümkündür”.
Röya İsrafilova