
“Azərbaycanla Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik, Orta Dəhlizin inkişafı, yaşıl enerji, investisiyalar və biznes əməkdaşlığı əsas müzakirə mövzuları olub:
“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, eləcə də “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi və institusional baxımdan yeni səviyyəyə yüksəldiyini göstərir. Almaniya rəhbərliyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusi vurğulayıb, eyni zamanda Ermənistanla sülh prosesində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. Berlində imzalanan strateji gündəliyə dair Birgə Bəyannamə münasibətlərimizin strateji xarakter aldığını rəsmiləşdirərək gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir. Sənəd çərçivəsində müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması və əməkdaşlığın sistemli əsaslarla inkişaf etdirilməsi nəzərdə tutulur”.
K.Nurullayevanın sözlərinə görə, iqtisadi baxımdan səfərin ən mühüm nəticələrindən biri Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasıdır:
“Yeni təsisat dövlət qurumları ilə özəl sektor arasında daimi dialoq platforması formalaşdıracaq, investisiya layihələrinin hazırlanmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə və iqtisadi əməkdaşlığın institusional əsaslarla inkişafına xidmət edəcək. Biznes Şurasının yaradılması Almaniyanın Azərbaycanın artan iqtisadi potensialına, geostrateji mövqeyinə və regional tranzit imkanlarına verdiyi yüksək qiymətin göstəricisidir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev də Berlində iqtisadi əlaqələrin perspektivlərini xüsusi vurğulayaraq Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması istiqamətində mühüm razılaşmaların əldə olunduğunu diqqətə çatdırıb.
“Azərbaycan artıq Almaniyaya təbii qaz ixrac edir və bununla da Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bununla yanaşı, yaşıl enerji və hidrogen istehsalı sahəsində əməkdaşlıq perspektivləri də genişdir. Almaniyanın alternativ enerji texnologiyalarında malik olduğu qabaqcıl təcrübə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi ‘yaşıl enerji zonası’ layihələri ilə yeni əməkdaşlıq imkanları yaradır”, – deyə deputat əlavə edib.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycanın geostrateji mövqeyi və Orta Dəhlizin inkişafı Almaniya şirkətləri üçün Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi bazarlarına çıxış baxımından mühüm üstünlüklər yaradır:
“Bu gün Azərbaycan–Almaniya münasibətləri artıq təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır. Strateji gündəlik sənaye, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsallaşma, logistika, innovasiya, investisiyalar və regional nəqliyyat layihələrini əhatə edən geniş əməkdaşlıq platformasına çevrilir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, mühüm investisiya və tranzit mərkəzi kimi Almaniyanın uzunmüddətli iqtisadi strategiyasında getdikcə daha vacib yer tutur”.
Deputatın fikrincə, Almaniyanın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına verdiyi dəstək də Berlində keçirilən görüşlərin əsas siyasi nəticələrindən biridir:
“Həm Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, həm də Federal Kansler Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayaraq regionda davamlı sülhün möhkəmləndirilməsi istiqamətində dəstəklərini ifadə etdilər. Bu, Almaniyanın Cənubi Qafqazda sabitliyi Avropanın təhlükəsizliyi və iqtisadi maraqları baxımından mühüm amil kimi qiymətləndirdiyini göstərir. Regionda dayanıqlı sülhün təmin olunması nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta Dəhlizin daha səmərəli fəaliyyəti, ticarət əlaqələrinin genişlənməsi və investisiya axınının artması üçün yeni imkanlar yaradır”.
K.Nurullayeva Almaniyada yaşayan bəzi şəxslərin və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ayrı-ayrı blogerlərin fəaliyyətinə də münasibət bildirib:
“Almaniyada fəaliyyət göstərən bəzi şəxslərin və ya blogerlərin mövqeyi Azərbaycan–Almaniya dövlətlərarası münasibətlərinin mahiyyətini müəyyən edən amil deyil. Demokratik hüquq sisteminə malik Almaniyada fərqli siyasi baxışların mövcudluğu təbiidir və bu, həmin şəxslərin Almaniya dövlətinin rəsmi siyasətini təmsil etdiyi anlamına gəlmir”.
Deputat sonda vurğulayıb ki, son dövrdə Bakı ilə Berlin arasında siyasi dialoqun intensivləşməsi, strateji sənədlərin imzalanması, Biznes Şurasının yaradılması və enerji, nəqliyyat, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkənin münasibətləri qarşılıqlı maraqlar əsasında daha da inkişaf etdirmək əzmində olduğunu nümayiş etdirir:
“Dövlətlərarası münasibətlər beynəlxalq hüquq, qarşılıqlı maraqlar, rəsmi dialoq və imzalanmış sazişlər əsasında formalaşır. Antimilli ünsürlərin fəaliyyəti isə Azərbaycan–Almaniya strateji tərəfdaşlığının mahiyyətinə və inkişaf perspektivlərinə təsir göstərə bilməz”.
Günel Elxan