Qara dənizdə gəmi təhlükəsizliyi mexanizmi yaradılır Gündəm

Qara dənizdə gəmi təhlükəsizliyi mexanizmi yaradılır

Bolqarıstan, Rumıniya və Türkiyənin Müdafiə nazirləri Qara dənizdə ticarət gəmilərinə qarşı son hücumları pisləyib və gəmiçiliyin təhlükəsizliyi sahəsində koordinasiya mexanizminin yaradılması barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə naziri Dimitar Stoyanov Sofiyada rumıniyalı və türkiyəli həmkarları ilə görüşdən sonra bəyan edib.

Çərşənbə günü keçirilən görüşdə üç ölkə Qara dənizdə ticarət gəmilərinə, dəniz infrastrukturu və dəniz fəaliyyətinin təhlükəsizliyinə təhlükə yaradan hücumların dərhal dayandırılmasına çağırıb.

"Faciəvi insidentlər gərginliyin təhlükəli dərəcədə eskalasiyasını təşkil edir, gəmiçiliyin təhlükəsizliyi və regional vəziyyət üçün ciddi risklər yaradır. Qara dəniz dövlətləri və NATO müttəfiqləri kimi biz regionda təhlükəsizliyin və gəmiçilik azadlığının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birgə məsuliyyət daşıyırıq", - deyə Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Stoyanovun sözlərinə görə, hər üç nazir məlumat mübadiləsinin yaxşılaşdırılması, şəraitdən xəbərdarlığın artırılması və Qara dənizdə baş verən insidentlər barədə erkən xəbərdarlıq imkanlarının təkmilləşdirilməsi istiqamətində addımlar atmağa razılaşıblar.

Məryəm Quliyeva