“Rus dili İranda ikinci xarici dil olacaq” Dünya

“Rus dili İranda ikinci xarici dil olacaq”

Aprelin 19-da Moskvada səfərdə olan İranın təhsil naziri Məhəmməd Bəthai, Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşərək Rusiyada fars, İran məktəblərində isə rus dilinin ikinci xarici dil kimi tədris olunmasını təklif edib.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Bəthai bildirib ki, İran hökuməti ingilis dilinin ikinci dil olaraq inhisarını aradan qaldırmaq üçün ölkə məktəblərində digər dillərin, o cümlədən də rus dilinin tədris olunmasının tərədarıdır: "Mən, Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşümdə bu təklifi irəli sürdüm. Dedim ki, əgər Rusiya məktəblərində fars dilinin tədrisinə yer verilsə, biz də qarşılıqlı bir razılaşma əsasında İran məktəblərində rus dilinin ikinci xarici dil kimi tədrisinə başlaya bilərik. Belə olduğu halda, rus dili İran məktəblərinin ikinci xarici dili olacaq.
Mən, Moskvadakı məktəblərdən birində oldum. Təəssüflər olsun ki, rus şagirlərindən heç birinin İran haqqında məlumatı yox idi. Ümid edirəm ki, bu təklifin gerçəkləşdirilməsi ilə ruslar ölkəmiz barəsində daha geniş bilgilərə yiyələnərək, onunla tanış olsunlar. Mənim bu təklifim, ruslar tərəfindən müsbət qarşılandı və belə qərara gəlindi ki, belə bir razılaşmanın əldə olunması üçün işçi qrupu yaradılsın".
İranın təhsil naziri həmçinin bildirib ki, bu təklifin gerçəkləşdirilməsi İranla Rusiya arasında qarşılıqlı əməkdaşlığın gündən-günə möhkəmlənməsinə, ingilis dilinin isə getdikcə nüfuzunun azaldılmasına gətirib çıxaracaq.