“Türkiyəni gözləyirik” Dünya

“Türkiyəni gözləyirik”

Riyaz Dəmirçi: "İŞİD Bağdada qədər gedəcək, Türkiyənin müdaxiləsi lazımdır"

"İraq Şam İslam Dövləti" terror qruplaşmasının İraqın Mosul şəhərini zəbt etməsi, Türkiyə konsulluğuna basqını, türk səfirin girov götürülməsi dünya mediasının gündəmində baş hadisədir. Mosulda yaşayanlar artıq Şimali İraqda özünü muxtariyyat elan etmiş Kürdüstanın paytaxtı Ərbilə kütləvi şəkildə köç ediblər. Son xəbərlərdə qeyd olunur ki, İŞİD silahlıları paytaxt Bağdada doğru istiqamət alıblar.
Axar.az Ərbildə yaşayan "Türkmən Reform" radiosunun direktoru Riyaz Dəmirçi ilə əlaqə saxlayıb, bölgədə və ölkədəki son vəziyyətlə bağlı eksklüziv açıqlama alıb.
Dəmirçinin sözlərinə görə, hMosulda hər kəs Ərbilə köç etmək məcburiyyətində qalıb: "Gələnlər arasında əsasən türkmənlər üstünlük təşkil edir. Onların həyatı təhlükədədir. Ona görə də canlarını qurtarmaq üçün Ərbilə üz tutublar. Çünki burda sabitlikdir, terror olmur, təhlükəsizlik qorunur. Hazırda Mosul və Ərbil sərhədində qaçqınlar üçün çadırlar qurulub".
Riyaz Dəmirçi deyir ki, bütün baş verənlərin arxasındakı məqsəd mərkəzi İraq hökumətinin Baş naziri Nuri Əl Malikini iqtidardan kənarlaşdırmaqdır: "İŞİD-in Mosula girməsi Maliki üçün hazırlanıb. Artıq İraq ordusu da Baş nazirdən bezib. Bir tərəfdən də xalq Malikini istəmir.
Bu, millətə qarşı beynəlxalq səviyyədə qurulmuş siyasi plandır. İraq ordusunun əsgərləri Malikini istəmirlər. Bu gedişat göstərir ki, İraq üç hissəyə parçalanacaq. Sünni, şiə və kürd bölgələrinə. Gələcək İraq belə görünür".
Radio rəhbərinin sözlərinə görə, indi İraqın bir çox ərazilərini İŞİD terrorçularından peşmərgələr qoruyur: "Kərkük bölgəsi də kürdlər tərəfindən mühafizə olunur. Kərkük kürdlərin nəzarətindədir. Ərbil şəhərində də təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçib. Hər yerdə nəzarət məntəqələri qurulub, şəhərə giriş-çıxış edənlər yoxlanılır".
Riyaz Dəmirçi Türkiyə təcili olaraq İraqa gəlməli olduğunu deyir: "Düzdür, türkmənlər Ərbildə çox sakit və rahat yaşayırlar. Kürd hökuməti ilə bizim aramızda heç bir problem yoxdur. Türkmənlər Ərbildə ikinci millətdir. Onların burada beş deputatı parlamentdə təmsil olunur. Kürd əsgərləri türkmənlər olan bölgələri də lazımi şəkildə qoruyurlar.
Ancaq biz sünni və şiə münaqişələrinin arasında qalmışıq. Bu hücumlar Bağdada qədər gedəcək. İŞİD silahlıları Maliki hakimiyyətini yıxmayınca geri çəkilməzlər. İndi hamının diqqəti bir nöqtəyə dikilib - ola bilsin, Türkiyə bura müdaxilə etsin. Çünki Mosul və Kərkükdə xeyli sayda türkiyəlilər yaşayırlar".