
MHP və CHP-nin "çatı adayı" Türkiyədə Ərdoğan hakimiyyətinin sonunu gətirəcəkmi?
Azər Rəşidoğlu: "Bu seçkidən sonra CHP və MHP özlərinə yeni lider axtarmalı olacaqlar"
Arzu Hağıyev: "İhsanoğlu MHP və CHP liderlərindən qat-qat güclüdür"
Türkiyənin iki aparıcı müxalifət partiyası prezident seçkilərində vahid namizədlə çıxış edəcək. Xeyli müddətdir aparılan müzakirələr nəticəsində ana müxalifət vahid namizəd məsələsində razılığa gələ biliblər. Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun namizədliyini dəstəkləyəcklərini rəsmi şəkildə açıqlayıb.
CHP lideri Kamal Kılıçdaroğlu professor Ekmələddin İhsanoğlunun namizədliyini MHP sədri Dövlət Baxçalıya təklif edib. İki lider apardığı danışıq nəticəsində ortaq qərara gələ bilib. Dövlət Baxçalı Ekmələddin İhsanoğlunun namizədliyi barədə "Bu ad millətimiz üçün çox xeyirlidir",- deyə bildirib. Onun sözlərinə görə, iki partiya ölkə üçün vacib bir addım atıb: "Cənab Kamal Kılıçdaroğlu və CHP üzvləri Türkiyənin yetişdirdiyi çox qiymətli bir övladını, hörmətli Ekmələddin İhsanoğlunun namizədliyini təklif etdilər. MHP də bu ad üzərində dayanaraq demokratiyamızın gücləndirmək baxımından təklif edilən namizədi dəstəklədi. Hörmətli CHP sədri Kılıçdaroğlu və yoldaşlarının Türkiyənin dəyərli bir şəxsinin namizədliyini irəli sürməsi bizi məmnun elədi. Bu ad ətrafında da çalışacağımızı bildirmək istəyirik".
CHP sədri isə çıxışında söyləyib ki, hər kəsin qəbul edə biləcəyi, möhtərəm və dürüst, təcrübəsi ilə hər kəsə nümunə olan bir ad təklif ediblər: "Demokratiyada yeni bir hadisəyə şahidlik edirik. Davadan uzaq, sülhün tərəfində olan bir prosesi başlamaq istəyirik".
Artıq CHP və MHP-nin "çatı aday" kimi xarakterizə etdikləri vahid namizəd Ekmələddin İhsanoğlu iki partiyanın qərarını şərh edib: "CHP və MHP-yə bu ortaq qərarına görə təşəkkür edirəm və bunu hörmətlə qarşılayıram. Şübhəsiz ki, Türkiyə kimi böyük bir ölkədə bu uca vəzifəyə layiq çox sayda şəxsiyyət var".
Ekmələddin İhsanoğlu kimdir?
Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. İslam və Qərb mədəniyyətini yaxından öyrənən İhsanoğlu 1984-cü ildə professor olub. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. İhsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin ali dövlət mükafatının da sahibidir. İhsanoğlu YUNESKO-da və ABŞ-ın məşhur Harvard Universitetində işləyib. O, evlidir, üç övladı var.
Qeyd edək ki, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində hakim AKP-nin namizədinin hazırki baş nazir Rəcəb Tayyib Ərdoğanın olacağı gözlənilir.
Mətbuat yazır ki, Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu Misirdə doğulsa da əslən azərbaycanlıdır. Məlumata görə, İhsanoğlunun ulu babaları Şirvanda yaşayıblar. Azərbaycana səfər edən zaman o, Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi. Yerli telekanallara müsahibəsində Şirvan əsilli olduğunu deyib. İhsanoğlunun nəsli XVIII əsrdə Səfəvi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.
Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərlu (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlular əslən Cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki "şapka qanunu" üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.
İhsanoğlu 70-ci ilə kimi Misir vətəndaşı olub. Qahirədə və İngiltərədə təhsil alıb. Misirdə Osmanlı tarixini tədris və tədqiq edib. 70-ci ildən Türkiyəyə köçüb. 25 ildir İslam Əməkdaşlıq Təşkilatında çalışıb, qurumun baş katibi də olub. İƏT-in baş katibi olanda Azərbaycana sıx-sıx səfər edib, Heydər Əliyev Fondu, XİN və digər qurumlarla birgə tədbirlər keçirib. İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Bəziləri onun Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə qəbul etmirlər.
Onun namizədliyinə hakim partiya da münasibət bildirib. AKP-nin nümayəndəsi Bülənt Arınc bildirib ki, CHP-də bu şəxsi dəstəkləməyən, hətta onun əleyhinə gedəcək şəxslər var: "Əgər iki partiyanın anlaşması ilə bu iş baş verəcəksə, digər bütün məqamlarda diqqətə alınması vacib olan məsələlər nəzərə alınmazsa, belə bir namizədin prezident seçkilərində iddiasının nə qədər olacağını siz təxmin edin".
Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verən Arınc müxalifətdə İhsanoğlunun namizədliyinə qarşı çıxanların olduğunu deyib: "Mən AKP üzvüyəm, söyləyə biləcəyim budur ki, bizim partiyanın namizədi seçkini udacaq. O olsun, yaxud bir başqası, AKP kimi namizəd göstərəcəksə, əminəm ki, o şəxs seçkini qazanacaq".
Arınc İhsanoğlunu yaxşı tanıdığını deyib: "Münasibətlərimiz əvvəldən də yaxşı olub. Elm adamıdır, əslən yozqatlı bir ailədən olduğunu bilirəm. Ancaq bir tərəfdən Baxçalı, bir tərəfdən də də Kılıcdaroğlu qapı-qapı gəzdilər. Sonunda bir namizədlə bağlı anlaşıblar. Ancaq digər partiyaların bu məsələ ilə bağlı qərarının necə olacağı hələlik məlum deyil. MHP lideri bu şəxsin daşıdığı dəyərlərə görə onlara çox yaxın olduğunu nəzərə alaraq etiraz etmədi. Mənim nəzərimcə, MHP müəyyən çərçivədə bu şəxsi dəstəkləyəcək, ancaq CHP-nin hətta parlamentdəki qrupu içində belə çox insan onu dəstəkləməyəcək, hətta onun əleyhinə gedəcək. Çünki CHP içində Kılıçdaroğlu istisna olmaqla demək olar ki, hər kəs bu şəxslə bağlı mənfi fikir söyləməkdən geri qalmadı".
Bəs Azərbaycanda bu barədə nə düşünürlər, siyasi ekspertlərin rəyləri necədir?
Siyasi şərhçi Azər Rəşidoğlu dedi ki, Türkiyə müxalifətinin vahid namizəd irəli sürməsi təqdirəlayiq haldır: "Lakin İhsanoğlu xaraktercə əsl ziyalı olduğuna görə populizmi sevən və gözəl natiq olan Ərdoğana uduzur. Hesab edirəm ki, müxalifət nisbətən aqressiv və daha populist olan bir simanın namizədliyi üzərində dayanmalı idi. Türkiyədə prosesləri küçələr həll edir. Əgər MHP insanları küçələrə tökə bilməsə, İhsanoğlu ilə qələbə qazanmaq çətin olacaq. Hesab edirəm ki, bu seçkidən sonra CHP və MHP özlərinə yeni lider axtarmalı olacaqlar. Ərdoğanın qələbəsi daha çox ehtimal edilir. Bu seçkidəki qələbə Ərdoğanı daha avtoritar edəcək. Bundan isə Türkiyə uduza bilər".
Siyasi şərhçi Elman Cəfərli diqqətə çatdırdı ki, AKP hakimiyyətinin davamını, Ərdoğanın prezident kürsüsünə əyləşməsini istəməyən siyasi çevrələr, mətbuat İhsanoğlu faktorunu qabardır, onun AKP iqtidarından qurtuluşa səbəb olacaq siyasi fiqur kimi xarakterizə edirlər: "Hətta bəzi yazarlar İhsanoğlunun həm dünyəvi-sekulyar, həm də dini kəsimin səsini ala biləcəyini deyirlər. Doğrudur, İhsanoğlu həm Türkiyədə, həm də İslam dünyasında populyar şəxsdir, nüfuzludur. Ancaq o, siyasi fiqur deyil. İhsanoğlu onun namizədliyini irəli sürmüş Kamal Kılıçdaroğludan da, Dövlət Baxçalıdan da zəif siyasətçidir. Ərdoğan islamçı kəsimin səsini təkcə dindar olduğu üçün almayıb. Türkiyədə islamçı siyasi qruplar çoxdur, başqa islamçı partiyalar da var. AKP-nin uğuru Ərdoğanın adı ilə bağlıdır. İhsanoğlunu irəli çıxarıb Ərdoğanı devirmək istəyən Türkiyə müxalifəti AKP-nin uğurunu şərtləndirən digər amilləri nəzərə almırlar. Ərdoğanın müstəqilliyi, yalnız Türkiyə cəmiyyətinə arxalanması, apardığı sosial islahatlar, türk insanını narahat edən problemlərin üstünə getmək bacarığı, siyasi cəsarəti, Türkiyəni supergücə çevirmək cəhdləridir. İhsanoğlu hər nə qədər Türkiyədə populyar olsa da, siyasi xadim deyil, seçki və idarəetmə təcrübəsi yoxdur. Bir müddət beynəlxalq təşkilata rəhbərlik edib. Belə görünür ki, o daha çox Qərbin namizədidir. Ancaq Məhəmməd əl-Baradeyinin Misirdəki uğursuzluğu göstərdi ki, Qərbin dəstəyi hələ əsas şərt deyil. Xalqın dəstəyi də lazımdır. Kifayət qədər siyasi yetkinliyə malik Türkiyə cəmiyyəti İhsanoğluna yetərli dəstəyi verməyəcək. Ərdoğan onunla müqayisədə kifayət qədər ciddi, uğurlu, xarimaztik namizəddir və böyük ehtimalla, Çankaya köşkünə hazırkı baş nazir özü çıxacaq. Misir təcrübəsi göstərdi ki, siyasi, modern islamın güclü olduğu ölkələrdə demokratik yolla seçilmiş qanuni hakimiyyəti yalnız hərbi qiyam yolu ilə devirmək mümkündür. Qərb fətullahçıların, ələvi-atesit generalların əli ilə qiyam təşkil edə bilməsə Ərdoğan dövlət başçısı seçiləcək, AKP hakimiyyəti davam edəcək".
Politoloq Arzu Nağıyev dedi bildirdi ki, bu gün üçün Türkiyə müxalifətinin elan etdiyi vahid namizəd bəlkə də onun ən təqdirəlayiq seçimlərindən biridir: "Ekməleddin İhsanoğlu Misirdə anadan olmuş türkdür. İslam dövlətləri arasında nüfuz sahibidir, türk dilindən əlavə 4 dildə, ərəb, fars, ingilis və fransız dillərini bilir. Bu seçim mütləq edilməli idi. Çünki bu gün İslam aspekti olmadan Türkiyədə heç bir siyasətçi səs qazana bilməz, əhalinin bütün qütblərinin səsini əldə etmək üçün İslam Türkiyədə faktor olaraq qalır. Əlbəttə ki, o, Rəcəb Tayyib Ərdoğan qədər siyasi gücə malik bir fiqur deyil, lakin MHP və CHP liderlərindən qat-qat güclüdür. Məhz bunu başa düşən müxalifət Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi təqdim etdi...".
Əli