“İrəvandakı yeni siyasi rəhbərliyin strateji düşüncəsi o qədər aşağı səviyədədir ki...” Dünya

“İrəvandakı yeni siyasi rəhbərliyin strateji düşüncəsi o qədər aşağı səviyədədir ki...”

Fikrət Sadıqov: "Onlar Daxili Qoşunları ön xətdə yeritməklə bağlı qərar qəbul ediblər"

Tofiq Zülfüqarov: "Bu Ermənistanın hərbi potensialının çatışmazlığını təsdiqləyən növbəti faktdır"

Məhəmməd Əsədullazadə: "Ermənistanın Azərbycanla təmas xəttində əsgər çatışmamazlığı bir neçə ildir davam edir"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.
Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib. Erməni mətbuatı yazır ki, daxili qoşunlar polisi haqda qanuna görə onlar torplaqların müdafiəsinə cəlb edilə bilər: "Polis rəisi Valeri Osipyan Müdafiə Nazirliyindən gələn təklifə müsbət cavab verib və polisi Qarabağa göndərib. Şübhəsiz ki, qərar ilk növbədə baş nazir Nikol Paşinyan tərəfindən verilib".
Məsələni şərh edən politoloq Fikrət Sadıqov bu qərarı Ermənistanın yeni siyasi rəhbərliyinin növbəti düşüncəsiz qərarı kimi xarakterizə edib:
"İrəvandakı yeni siyasi rəhbərliyin strateji düşüncəsi o qədər aşağı səviyədədir ki, onlar Daxili Qoşunları ön xətdə yeritməklə bağlı qərar qəbul ediblər. Halbuki, Daxili Qoşunların vəzifələri tamamilə başqadır. Ermənistanın Daxili Qoşunlarının hər hansı bir ölkənin Silahlı Qüvvələri, xüsusilə də Azərbaycan ordusu ilə toqquşmada davam gətirməsi mümkün deyil.
Ikincisi bu, birmənalı şəkildə beynəlxalq hüquq normalarının tapdalanmasıdır. Irəvan bu vaxta qədər iddia edirdi ki, guya Azərbaycanın torpaqlarını, Qarabağ və 7 rayonu Qarabağdakı qanunsuz silahlı birləşmələr işğal edib. Madam ki, bu torpaqları onlar işğal edib, madam ki, bu silahlı birləşmələr bu qədər güclüdür, Ermənsitan öz Daxili Qoşunlarını niyə onların köməyinə göndərir?
Üçüncüsü, əminəm ki, Ermənistanın Daxili Qoşunları Azərbaycan ordusu ilə üz-üzə gəlsə, onların özlərini belə müdafiə etməyə gücləri çatmayacaq.
Əgər ermənilər nə vaxtsa qadınlardan ibarət batalyon yaradıb təmas xəttinə göndərsələr, buna da təəccüb etmərəm. Tarixdə bununla bağlı bəzi faktlar var. Rusiyada müvəqqəti hökumət dövründə Almaniya ilə döyüşən zaman almanlarla vuruşmaq üçün qadınlardan ibarət batalyon göndərdilər. Lakin bu batalyonun taleyi çox acınacaqlı oldu. Yaxşı olar ki, ermənilər də tarixi, tarixi həqiqətləri yaddan çıxarmasınlar".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bunu Ermənistanın hərbi potensialının çatışmazlığını təsdiqləyən növbəti fakt kimi dəyərləndirib:
"Bunun həm hərbi, həm də siyasi mənası var. Bu qərar onu göstərir ki, Ermənistanda başa düşürlər ki, Azərbaycan öz torpaqlarını azad etmək əzmindədir. Polis əməkdaşlarının təmas xəttinə cəlb edilməsi isə onunla bağlıdır ki, Ermənistan hərbi imkanlarının yetərli olmadığının fərqindədir və bundan narahatlıq keçirir. Hesab edirəm ki, bu siyasət Ermənistan daxilindəki narazılığı daha da artıracaq. Əhalinin Ermənistanı tərk etməsi prosesi davam edəcək.
Bildiyiniz kimi, aprel döyüşlərindən sonra Ermənistandan əhalinin axını xeyli güclənib. Bunu etiraf edən müxtəlif beynəlxalq təşkilatlar da var.
Siyasi baxımdan da bu qərar tənqidolunasıdır. Paşinyan bir tərəfdən bildirir ki, mən danışıqlara qatılmaq istəmirəm. Çünki Ermənistanın problemi yoxdur. Danışıqlar Qarabağ ermənlərinin təmsilçisi ilə aparılmalıdır. İndi sual meydana çıxır. Ermənistanın baş verənlərə necə aidiyyatı yoxdur ki, indi də polisi, Daxili Qoşunları Qarabağa göndərir? Baş verənlər bir daha təsdiq edir ki, proseslərin arxasında bilavasitə Ermənistan dayanır və mövcud situasiyaya görə də məsuliyyət məhz onun üzərinə düşür".
Politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanın Azərbycanla təmas xəttində əsgər çatışmamazlığı bir neçə ildir davam edir: "Demək olar ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində dislokasiya olunmuş hərbi hissələrə əsgər göndərməkdə çətinlik çəkir". O, bildirib ki, demoqrafiq durum acınacaqlıdı və bir az pulu olan rüşvət verərək, işğal olunmuş ərazilərə gəlməkdən yayınır: "Çünki, ordumuzun artan hərbi təzyiqləri ermənilər arasında panika yaradıb. Erməni gənclər işğal olunmuş.ərazilərdə ölmək istəmirlər. Qarabağlı ermənilərlə gəlmə ermənilər arasında uçurumda ciddi şəkildə imkişaf edir. Artıq, vəziyyət o dərəcəyə çatıb ki, baş nazir Nikol Paşinyan Daxili Qoşunları işğal olunmuş ərazilərə-cəbhə bölgəsinə göndərmək barədə əmr verib. Halbuki, daxili qoşunlar ölkədə daxili təhlükəsizliyi təmin etməyə xidmət edir. Göründüyü kimi Azərbaycanın hərbi təlimləri, işğalçı üzərində açıq üstünlüyü və cəbhə xəttində təzyiqləri Nikol Paşinyanın belə bir qərar qəbul etməsinə səbəb olub". Politoloq deyib ki, Ermənistan Müdafiə Nazirliyində rüşvət və intizamsızlıq, döyüş qabiliyyətinin aşağı olması, Sarkisyan klanının orduda kök atması, Paşinyanın bu nazirliyə etimadını azaldıb: "Onu da qeyd edim ki, Daxili qoşunları rəsmi Yerevan cəbhə bölgəsinə göndərməklə, heç bir üstünlüyə malik olmayacaq. Görünür, erməni rəhbərliyi Azərbaycanın hərbi hərəkətliliyindən narahatdır".

Əli