İrəvandakı həbslər: Paşinyanın hədəfi nədir? Dünya

İrəvandakı həbslər: Paşinyanın hədəfi nədir?

"İrəvanda misli görünməmiş həbs dalğası dünya mətbuatında da ciddi surətdə müzakirə edilir və Rusiya bundan məyus olub".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Köçəryanın həbsi tamamilə qanunauyğundur:"1 mart 2008-ci ildə baş verən hadisələrin cinayət olduğunu o vaxt müxalifət irəli sürmüşdü və bununla bağlı məhkəməyə də müraciət etmişdi. Lakin hakimiyyət və güc həmin vaxt Robert Köçəryanın əlində idi. Ondan sonrakı prezident Serj Sərkisyan da Qarabağ klanın üzvü idi. Onlar eyni klanın nümayəndələri olduğuna görə də bu məsələlərin cinayət tərkibi olmadığını iddia edərək, əhalinin özünün iğtişaşlar yaratdığını söyləyərək, olayı ört-basdır etməyə çalışdılar. Amma əhali yaxşı bilirdi ki, həmin gecə güc tətbiq edilməsi tamamilə qanunazidd idi".
Politoloq qeyd edib ki, üstündən müəyyən müddət keçəndən sonra həmin məsələnin yenidən gündəmə gəlməsi təsadüf deyil:"Ermənistanda uzun müddətdir ki, köhnə hakimiyyətə, Qarabağ klanının üzvlərinə qarşı cinayət işləri başladılıb. Bunlar içərisində ən yaddaqalanı və əhali tərəfindən bağışlanmayanı məhz 1 mart 2008-ci ildə baş verən qırğındır. Əhali ciddi surətdə tələb edirdi ki, bu hadisələr araşdırılsın. Bu hadisələrin araşdırılması Paşinyanın nüfuzuna da müsbət təsir göstərir.
Həmin hadisələrdə həmçinin KTMT-nin baş katibi olan Xaçaturov da yaxından iştirak edib. Ümumiyyətlə, bu hadisələrə görə bir çox adam artıq həbs edilib. Köçəryandan fərqli olaraq, Xaçaturovun həbs edilməsi üçün Rusiya ilə məsləhətləşmələr həyata keçiriləcək".
Politoloq vurğulayıb ki, hazırda Ermənistanda baş verənlər Rusiyanın sadiq adamlarına qarşı həyata keçirilən repressiya tədbirlərini xatrırladır:"Amma bu adamların hər birinin indiyə qədər törətdikləri cinayətləri var.
Paşinyan indi bu addımı atmasaydı, əhali arasında onun prinsipsizliyi barədə rəy formalaşa bilərdi. O zaman Paşinyanın özü gələcəkdə bu cür loyal hərəkətlərə görə cavab verməli olacaqdı. Amma Paşinyan onu hakimiyyətə gətirən insanların təzyiqi altında bu hadisələrin araşdırılmasına dair göstəriş verdi. Araşdırma nəticəsində bütün faktlar üzə çıxdı.
Bunun Rusiyaya yönəlik tədbir olduğunu söyləmək çətindir".
Politoloqun sözlərinə görə, Rusiya olanları ciddi narazılıqla qarşılayacaq:
"Çünki Köçəryan Rusiyanın 1 nömrəli adamlarından idi. İndiyə qədər də "Qazprom"un mərkəzi idarə heyətində məsul vəzifələrdən birini icra edirdi. Güman edirəm ki, Rusiya Köçəryanın həbsdə saxlanılması ilə bağlı məsələlərdə Paşinyana və İrəvana ciddi təzyiq göstərəcək. Xaçaturovun həbs edilə bilməsi ehtimalı da Rusiya tərəfindən narazılıqla qarşılanacaq və bunun qarşısının alınması üçün addımlar atılacaq".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, dünya Ermənistandakı proseslərə demokratiyanın təntənəsi kimi baxsaydı, Nikol Paşinyanın islahatlarına maliyyə ayrılardı.
A.Quliyev bildirib ki, Ermənistanın baş naziri N.Paşinyan Azəbaycanın sərt xəbərdarlıqlarına özünəməxsus izah verməklə dünyanı yenidən aldatmağa cəhd göstərib:
"Azərbaycanın əsaslı xəbərdarlıqlarının guya daxili auditoriyaya hesablandığını və guya müəyyən qədər Ermənistanda baş verən proseslərlə bağlı olduğunu "əl-Cəzirə"yə bəyan edən Paşinyan beynəlxalq dairələrin çoxdan əmin olduqları həqiqətləri uğursuzcasına baş-ayaq qoymaq istəyib. Paşinyanın yanlış təqdimatına görə, guya Azərbaycan müharibə bəyanatları səsləndirərkən bunu Ermənistana qarşı yox, ancaq daxili auditoriyaya yönəldir və guya Ermənistandakı hadisələrin Azərbaycanda da təkrarlana biləcəyindən qorxduğu üçün azərbaycanlıların diqqətini Qarabağ məsələsinə cəmləşdirmək istəyir. Əvvəla, Paşinyanın dünya ictimaiyyətini çaşdırmaq istədiyi mahiyyət budur ki, Qarabağ məsələsində Azərbaycanda daxili auditoriya ilə işləməyə ehtiyac yoxdur, çünki Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın təcavüz yolu ilə qoparıldığını unutmadığı üçün müqəddəs müharibəyə hər vaxt hazırdır".
Ekspertin fikrincə, Ermənistanda baş verən hadisələrin Azərbaycanda təkrar olunma qorxusuna gəldikdə isə, N.Paşinyan burada özünün görə bilmədiyi incə məqamlara dünyanın da görmədiyini düşünür:
"Paşinyanın dünyaya demokratikləşmə kimi sırımaq istədiyi proseslərin sonrakı taleyi barədə ağıllı dairələr müsbət proqnozlar vermir, Ermənistanın bundan sonrakı halına şübhə ilə baxırlar. Dünya bu proseslərə demokratiyanın təntənəsi kimi baxsaydı, Paşinyanın islahatlar planına maliyyə ayırardılar. Ancaq dünyanın maliyyə mərkəzlərindən biri sayılan Brüsseldən əliboş qayıtdı. Sarkisyanla Koçaryan Ermənistan xalqını talan etmişdilər, Paşinyan da onları talan edir, yəni bir talançını digəri əvəzləyib".
Qeyd edək ki, 2008-ci ilin 1-2 mart hadisələri üzrə iş çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunurlar.
M.Arutyunyan axtarışa verilib, Y.Xaçaturov 5 milyon dram qarşılığında girovluğa buraxılıb, R.Koçaryan isə məhkəmənin qərarı ilə həsb edilib.