Atəşkəs razılaşması pozuldu Dünya

Atəşkəs razılaşması pozuldu

Ukraynada qanlı döyüşlər yenidən başlayıb
Poroşenkonun müşaviri: "Rusiyanı dayandırmağa bütün imkanlarımız var"

Cavid

Ukraynanın şərqində separatçılar hökumətin elan etdiyi atəşkəs rejiminə əməl etmir. Ukrayna Milli Qvardiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünən separatçı qrup tank və zirehli texnikanın köməyi ilə Ukrayna hərbçilərinin postlarına atəş açmağa başlayıblar. Slavyansk şəhərinin şimal-qərb bölgəsində yerləşən postlar da hücuma məruz qalıb.
Bir neçə saat çəkən döyüşlər zamanı Milli Qvardiyanın döyüşçüləri separatçılara məxsus tankı məhv ediblər. Lakin hərbçilər arasında da itkilər var. Döyüşdə 1 hərbçi vəfat edib, iki nəfəri isə yaralanıb. Terrorçuların itkiləri isə hələlik bəlli deyil. Ukrayna daxili işlər naziri Arsen Avakov da məlumatı təsdiqləyib.
Daha bir xəbərə görə, dünən gecə separatçılar Ukrayna ordusunun Kramatorskdakı bolk-postlarının birinə hücuma keçibər. Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib. Onun sözlərinə görə, separatçılar hücum zamanı Rusiya ordusuna məxsus 8 tankdan istifadə ediblər. Eyni vaxtda minaatanlardan da atəş açılıb. Cavab atəşi nəticəsində separatçıların 1 tankı vurulub, 1-i isə ələ keçirilib. Ukrayna ordusunun 4 hərbçisi həlak olub, 1-i isə yaralanıb. Separatçılar Ukrayna ordusuna məxsus 4 zirehli transportyoru vurublar. Terrorçuların itkiləri barədə məlumat yoxdur. Digər məlumata görə, yeddi saatlıq döyüşdən sonra yaraqlılar hərbi hissəni tutub. Batalyon komandiri əsir götürülüb. Şəxsi heyət başqa hissəyə köçürülüb. Bu, həmin hərbi hissəni tutmaq üçün dördüncü cəhddir.
Milli Qvardiyanın mətbuat katibi Viktoriya Kuçnir da Donetskdə hərbi hissəyə ilk hücum barədə məlumat verib. Qondarma "Donetsk Xalq Respublikasının" təmsilçiləri də döyüş gedən hərbi hissəni aldıqlarını təsdiqləyiblər.
Kramatorskdakı terrorçuların nümayəndəsi "İnterfaks"a bildirib ki, şəhər aeroportu uğrunda döyüşlər gedir. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, separatçılar Kramatorskda atəşkəsi pozub. Onlarla yaralı və ölənlərin olduğu barədə məlumat yayılıb.
Donbasda isə 8 separatçının öldürüldüyü barədə xəbərlər gəlir. Hərbçilərdən ölən olmayıb. May ayında Ukraynanın şərqində silahlı separatçılar tərəfindən oğurlanmış dörd ATƏT müşahidəçisinin azadlığa buraxıldığı barədə məlumatlar da yayılıb. Donetsk regionunda separatçıların lideri Alexander Borodainin deyib ki, müşahidəçilər Donetskdəki otellərin birindədir. Onun sözlərinə görə, ATƏT müşahidəçilərini qonşu Luqansk regionunda silahlı qrupun lideri saxlayıb. Borodai deyib ki, müşahidəçilərin azad edilməsi xoşniyyətli jestdir. ATƏT-in Kiyevdəki təmsilçisi də dörd nəfərin buraxıldığını təsdiqləyib. Xatırladaq ki, oğurlanmış ATƏT müşahidəçilərindən 31 gün xəbər-ətər olmayıb.
"Frans Press"in məlumatına görə, azadlığa buraxılmış 4 müşahidəçi yorğun və gərgin görünüblər, Donetskdə jurnalistlərə danışmaq belə istəməyiblər.
Qanlı döyüşlərin davam etməsinə baxmayaraq, Ukraynanın şərqində separatçılarla danışıqlarda rəsmi Kiyevi təmsil edən keçmiş prezident Leonid Kuçma danışıqların növbəti raundunun keçirildiyini təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin isə iyunun 26-da bildirib ki, atəşkəsin müddəti uzadıla bilər. O, Ukraynadan Rusiyaya keçənlərin sayının getdikcə artdığını da vurğulayıb.
"Associated Press" isə xəbər verir ki, minlərlə adam Rusiyaya keçmək üçün sərhədə düzülüb. Onlar avtomobillərində özləri ilə vacib əşyaları da götürüb.
Bu arada Luqansk və Donetsk separatçıları Oleq Tsaryovu vahid "parlament"in "spiker"i seçiblər. Qeyd edək ki, iki tanınmamış respublika birləşdiklərini elan ediblər. "İnterfax"ın məlumatına görə, hər iki region "xalq respublikaları birliyi" adlanan "konfederasiya" formalaşdıracaq.
Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenko isə deyib ki, Ukrayna bütün imkanlara malikdir ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etsin: "Dneprepetrovskda Rusiyanın bütün nüvə raketlərinin mühərriki istehsal olunur. Zaporojyedə Rusiya aviasiyası üçün lazım olan mühərriklərin 30 faizinə texniki xidmət həyata keçirilir. Nikolayevdə isə Rusiyanın bütün sualtı donanmasının mühərriklərinə xidmət göstərilir".
Eyni zamanda, Lusenko xəbərdarlıq edib ki, terrorçular və Rusiya diversantları tərəfindən atəşkəs rejiminin pozulması sanksiyaların üçüncü mərhələsinin tətbiqi üçün siqnal kimi qiymətləndiriləcək. Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə hərbi-sənaye kompleksi (HSK) sahəsində əməkdaşlığı qadağan edib. Lakin bu göstəriş hələlik icra olunmur. Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında "Voyevoda" RS-20V (NATO-nun təsnifatında "İblis") qitələrarası ballistik raketləri, helikopter mühərrikləri (Rusiya Hərbi Hava Qüvvələrinin ehtiyacının 70 faizi) və hərbi gəmilər üçün motorlar xusisi yer tutur. Erkpertlər isə hesab edir ki, Moskva - Kiyev hərbi əməkdaşlığının tamamilə dayandırılması Rusiya ordusu üçün ciddi çətinliklər yaradacaq. Əlavə edək, Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandıran yeganə ölkə deyil. Müasir silah texnologiyalarına sahib Qərb ölkələri də eyni qərar verib. Rusiya müdafiə nazirinin müavini Yuri Borisov Kiyevin bu siyasətindən ilk növbədə Ukrayna hərbi-sənaye müəssisələrinin zərər görəcəyini bildirib. Onun fikrincə, Ukrayna yeni satış bazarları axtarmalı olacaq və bu, xeyli vaxt çəkəcək. Ancaq ukraynalı ekspertlər ümid edirlər ki, Rusiya ilə hərbi əlaqələrdən imtina edən Ukrayna yeni bazarlarda möhkəmlənə biləcək. Buraya NATO-ya üzv ölkələr də daxil edilir. Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir ki, Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq. O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun cəmi 1 milyard dolları Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir. Hərbi ekspertin məlumatına görə, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edir: "Bu məhsulların ixracı artıq mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan "Vestinghouse" a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır".
Lakin Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalının jurnalistlərinə müsahibəsində deyib ki, ABŞ və Avropa Birliyi ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinin əleyhinədir. O bildirib ki, Rusiyanı cəzalandırmaq üçün ABŞ və Avropa Birliyinin sanksiyalardan istifadə etməsi normal deyil. Ukrayna lideri Qərb dairələrini qıcıqlandıra biləcək daha bir açıqlaması ilə diqqət çəkib: "Rusiyaya cəza kimi sanksiyalardan istifadə edilməsi mənim üçün xoş deyil. Bizə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması lazımdır".
Ukrayna dövlət başçısı onu da qeyd edib ki, Kiyev hakimiyyəti Rusiyaya qarşı istənilən imkanlardan yararlanmağa hazırdır. Bununla belə P. Poroşenko söyləyib ki, Rusiya ilə sülh razılığının əldə olunmasına hazırdır: "Rusiya bizim qonşumuzdur. Rusiyanın iştirakı olmadan Ukraynanın uzun müddətli təhlükəsizliyi perspektivindən danışmaq olmaz. Mən ümid edirəm ki, yeni münasibətləri quracağıq".