Dünyada tarazlıq pozula bilər Dünya

Dünyada tarazlıq pozula bilər

ABŞ-la Çin arasında ziddiyyətlər dərinləşir

ABŞ-ın Çinə qarşı başlatdığı "tarif savaşı" Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir. Ümumiyyətlə, qlobal ticarətdə etibarsız tərəfdaş imicinin formalaşması çox ciddi məsələdir. Bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, ABŞ və Çin hazırda bir-birinə qarşı kifayət qədər aqressiv qərarlar qəbul edirlər: "Tramp Administrasiyası hesab edir ki, ABŞ bir çox ölkələrə, o cümlədən Çinə kifayət qədər çox güzəşt edib və məhz bunun nəticəsində də Çindən idxal 500 milyard, Çinə ixrac isə 235 milyard dollar olub. Vaşinqton Çindən bənzər şəraiti ABŞ məhsullarına da yaratmasını tələb edir. ABŞ təkcə Çinə qarşı deyil, eyni zamanda, Şimali Amerika azad ticarət zonası haqqında sazişin (NAFTA) ləğvi ilə bağlı da addım atmağa çalışır. Hazırda Avropa Birliyi ilə də bənzər problem yaşanır. Bu faktiki olaraq qlobal ticarətdə mövcud münasibətlərin dağılmasına gətirib çıxara və nəticədə qlobal iqtisadi artım üçün çox böyük risklər formalaşdıra bilər. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ilin proqnozlarında qeyd edilən bu məqamları iqtisadi artım tempinə neqativ təsir edəcək amillər kimi göstərib. Əgər ABŞ və Çin arasında qarşılıqlı razılaşma əldə edilməsə, bu, dünya iqtisadiyyatının 35 faizindən çoxuna sahib olan iki nəhəng iqtisadiyyatın ümumi artım tempinə mənfi təsir göstərəcək".
İqtisadçı xüsusilə Çin üçün risklərin daha böyük olacağını deyib: "Çünki ixrac bazarları baxımından Çin ABŞ-dan daha çox asılıdır. Çin əhalisinin çoxluğunu və bunun yaradacağı sosial təsirləri nəzərə alsaq, bu risklər qlobal ticarətin ümumi həcminə, iqtisadi böyüməyə və bütün digər makro indikatorlara domino effekti ilə neqativ təsir göstərə bilər. Eyni zamanda, ən son nəticədə Çinin aqressiv qərarlar qəbul etməsinə gətirib çıxarar. ABŞ-ın mövqeyində Çinə qarşı yumşalma olmasa, ikinci ucuz məzənnə ilə öz ixracını subsidiyalaşdırmaq siyasətini daha da dərinləşdirəcək. Bu da öz növbəsində maliyyə bazarlarında tarazlığın pozulmasına gətirib çıxaracaq".
Qeyd edək ki, BMT-nin Ticarət və İnkişaf Komissiyasının nümayəndəsi Pamela Kok-Hamilton ABŞ-ın martın 1-dən Çin mallarına qarşı tarifləri "dondurması" fonunda dünyanın valyuta müharibəsi, devalvasiya və iş yerlərinin itirilməsi təhlükəsi ilə üzləşəcəyini bildirib.