Öcalan PKK terrorçularına təlimat verdi Dünya

Öcalan PKK terrorçularına təlimat verdi

İmralıda saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalan məktubunda aclıq aksiyasının məqsədinə çatdığını elan edərək tərəfdarlarını aclıq aksiyasını dayandırmağa səsləyib. Türk mediası xəbər verir ki, hazırda onunla görüşə tətbiq edilən qadağa aradan götürüldükdən sonra Abdulla Öcalan PKK terror təşkilatının üzvlərinə məktubla yeni təlimatlar verməyə başlayıb.

35 mindən çox insanın qətlinin baiskarı olan Öcalan mayın 22-də yazdığı məktubu vəkilləri İstanbulda ictimailəşdirib. PKK lideri ona görə aclıq aksiyası keçirənlərə müraciətində bu kampaniyanın məqsədinə çatdığını bildirib, həbsxanadakı PKK terrorçularına “dəyərli yoldaşlarım” deyə müraciət edərək təlimat verib: “Aclıq aksiyası keçirən, ölün orucuna başlamış dostlar, aksiyanıza son verməyinizi gözləyirəm. Mənimlə bağlı məqsədimizin nəticə verdiyini rahatlıqla açıqlayıb hər birinizə sevgimi ifadə edir, təşəkkürümü bildirirəm. Bundan sonra da məni müşayiət edəcəyinizi gözləyirəm”.

Qeyd edək ki, məktuba ilk reaksiya HDP-nin Hakkaridən seçilən deputatı Leyla Güvəndən gəlib. Leyla Güvən 200 gün davam etdirdiyi aclıq aksiyasını dayandırdığını elan edib. Bundan sonra bəlli olub ki, Türkiyənin müxtəlif həbsxanalarında saxlanılan PKK terrorçuları da İmralıdan gələn təlimata uyaraq aksiyalarını dayandırıb.