Bağdadini ABŞ-la bağlayan tellər Dünya

Bağdadini ABŞ-la bağlayan tellər

ABŞ-ın ölü ələ keçirdiyini elan etdiyi İŞİD lideri Əbubəkr əl-Bağdadinin həyatındakı qaranlıq dövrlərə hələ də aydınlıq gəlməyib.
Onun həyatına damğa vuran hadisələr seriyası 2004-cü ildə İraqda ABŞ tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxıldığı dövrlə başlanıb.
Keçmişi haqqında bu günə qədər heç bir rəsmi qaynaqdan bilgi paylaşılmayan Əbubəkr 1971-ci ildə Bağdadın şimalındakı Samirə şəhərində orta-statistik ailədə dünyaya gəlib. Əsl adı İbrahim Əvvad Əli əl-Bədri olan Əbubəkr Pakistan hərbi kəşfiyyatının sabiq sədri, general Həmid Gülün verdiyi məlumata görə, 1988-ci ildə Əfqanıstanda görülüb.
Gül 2014-cü ilin may ayında AA-ya verdiyi açıqlamada həmin tarixdə Əfqanıstanın Host bölgəsində mücahid düşərgələrini gəzərkən ərəb gənclər arasında o zaman 17-18 yaşlarında olan Bağdadinin də olduğunu söyləyib.
Əbubəkr daha sonra Bağdaddakı universitetlərin birində İslam Elmləri Fakültəsində doktorantura təhsili alıb və orada müəllim kimi çalışıb. Bir müddət sonra məsciddə imamlıq etməyə başlayan Bağdadi ABŞ-ın 2003-cü ildə İraqı işğalından sonra Bağdaddan Ənbar vilayətinə gedib. Burada müqavimət hərəkatına qoşulub.
Bağdadinin İraq müqavimət hərəkatına dəstək verdiyi və 2004-cü ildə Fellus yaxınlığındakı evinə basqında saxlanılaraq 2009-cu ilə qədər Bağdadın cənubunda yerləşən, hərbi həbsxana kimi istifadə olunan Buka müşahidə düşərgəsində ABŞ-ın nəzarətində saxlandığı məlumdur.
Düşərgədə keçirdiyi zaman Əbubəkrin həyatının dönüş nöqtəsi olub.
Bağdadi burada həbsdə olan sabiq İraq kəşfiyyat işçiləri ilə münasibətlərini möhkəmləndirib, daha sonra da bu münasibətləri davam etdirib. Amerikalılar bir müddət sonra onu azadlığa buraxıb.
Bağdadinin düşərgədə saxlandığı dövr bu gün də sirr kimi saxlanır.
İddianı ilk dəfə gündəmə gətirən “Nyu York Tayms” qəzetindən sonra ABŞ-ın “Deyli Bist” (Daily Beast) xəbər saytı işğal zamanı Buka düşərgəsində ABŞ əsgəri Kennet Kinqdən aldığı müsahibəni yayımladı və məsələ daha da diqqətçəkici hala gəldi. Kinq Bağdadinin 2009-cu ilə qədər düşərgədə saxlandığını və həsbxananın bağlanıb iraqlıların nəzarətinə verilməsindən sonra onun da azadlığa çıxdığını təsdiq edib. O, Bağdadinin təxliyəsi zamanı ona “Nyu Yorkda görüşərik” sözlərini dediyini etiraf edib.
ABŞ hökuməti hələ də iddialara tam şəkildə cavab verməyib. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Cen Psaki 7 iyul 2014-cü ildəki mətbuat konfransında Bağdadinin ABŞ tərəfindən saxlanıldığını təsdiq və ya inkar edəcək bilgiyə sahib olmadığını demişdi.
Məsələ daha sonra Nümayəndələr Palatasında gündəm olmuşdu. Respublikaçılar Partiyasından Nyu Cersi ştatının senator Xristofer Smit Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinə verdiyi sorğu anketində “hamımızın bildiyi kimi Bağdadi ABŞ nəzarətində idi və azadlığa buraxıldı” ifadələrinə yer vermişdi. Daha sonra “Bağdadinin gedib İŞİD-i qura bilsin, ya da təşkilatı yenidən yaratsın deyə sərbəst buraxılmasına kim icazə verdi” sualını ünvanlamışdı.
Xarici İşlər Nazirliyinin Yaxın Şərq Məsələləri Dairəsinin İraq və İran üzrə nümayəndəsinin köməkçisi Bred Makqark bu suala “Bağdadinin azadlığa çıxması haqqında bilgim yoxdur, amma sizə bu mövzuda təbii ki, daha sonra cavab verə bilərəm. O əsnada mən hökumətdə işləmirdim” cavabını verib.
Bütün bu açıqlamalara rəğmən, Amerika Bağdadiyə dair bilgiləri hələ də ictimaiyyətdən gizlədir.
İraq Əl-Qaidəsinin lideri Əbu Müsəb əz-Zərkavi 2006-cı ildə Bağdadın Bakuba bölgəsində avia-hücum zamanı öldürüldü. Zamanla təşkilatın liderləri və adı dəyişərkən 2010-cu ildə həmin təşkilatın lideri Əbu Həmzə əl-Mühacir İslam dövləti qurmaq hədəfilə “İraq İslam Dövləti” adı altında hərəkata başladı.
İraqda təşkilatın ən əhəmiyyətli liderlərindən sayılan Mühacir və Əbu Ömər əl-Bağdadinin ölümündən sonra təşkilatın sədrliyinə Əbubəkr keçdi.
Suriyadakı nümayişlərin silahlı müqavimətə çevrilməsi ilə Məhəmməd Culani liderliyindəki Nüsra cəbhəsi Əl-Qaidənin Suriya qolu kimi quruldu.
9 aprel 2013-cü ildə Bağdadiyə aid bir səs yazısında Nüsra cəbhəsinin İraq İslam Dövlətinin bir qolu olduğunu elan etsə də, Culani onlara belə bir əmr gəlmədiyi səbəbilə çağırışı rədd etdiyini açıqladı. Bağdadinin bu çağırışı etməsində Nüsra cəbhəsinin lideri Culanin daha əvvəl İraqda Bağdadiyə bağlı olaraq savaşmasının təsiri olduğu bildirilir.
Bağdadi 2013-cü ilin aprelində təşkilatın adını İraq və Şam İslam Dövləti (İŞİD) olaraq dəyişdirdi.
İraq Əl-Qaidəsinin lideri olan Bağdadinin Nüsra cəbhəsi ilə İraq İslam Dövlətinin “İraq-Şam İslam Dövləti” adı altında bir araya gəldiyini elan etməsi ilə Əl-Qaidə lideri Eymən əz-Zəvahiriyə aid olduğu iddia edilən səs yazısında da İŞİD-in ləğv edildiyi, əməliyyatlarını sadəcə İraqla məhdudlaşdırmasının vacibliyi və Əl-Qaidəni Suriyada Nüsra cəbhəsinin təmsil etdiyi açıqlandı.
Bunun fonunda isə Bağdadi Zəvahirinin açıqlamalarını diqqətə almayaraq Suriyada qurduğu İslam Dövlətinə tabe olmağı rədd edən müxaliflərə qarşı əməliyyatlar keçirməyə başladı.
Bağdadi 2014-cü ilin iyununda özünü xəlifə elan etdi. Terrorçu lider 4 iyul 2014-cü ildə İraqın Mosul şəhərində verdiyi xütbədə ilk dəfə kameralara əks olundu.
Bağdadi uzun müddət komandirlərlə görüşündə üzünə maska taxıb.
Gün keçdikcə Suriyada Nüsra cəbhəsi də daxil olmaqla, bütün qruplara düşmən kəsilən İŞİD digər qrupları İslam dininə müxalif davranmaqda ittiham edərək onların əlindəki bölgələri işğal etməyə başladı.
Suriyadakı müxaliflər isə İŞİD-i fikirlərində ifratçılığa yol verməkdə ittiham etdi. Qarşılıqlı insidentlərdə çox sayda İŞİD-çi və müxalif öldü.
Bağdadinin, xüsusilə, Suriyada rejimə qarşı mübarizə aparan silahlı qruplara qarşı döyüşləri müxalifləri zəiflədərək Bəşər Əsəd rejimi ilə Rusiyanın işini asanlaşdırdı. Bağdadinin bir neçə min tərəfdarı ilə qurduğu təşkilat 2014-cü ildə İraq torpaqlarının üçdə birini, 2015-ci ildə Suriya torpaqlarının yarısını işğal altına alacaq qədər böyüdü. Təşkilatın qeyri-insani üsulları İslam dünyası və Qərbdə sərt reaksiyaya səbəb oldu.
Bağdadi İraq və Suriyada İŞİD-ə qarşı milli və beynəlxalq miqyasda aparılan mübarizədə təşkilatın işğal etdiyi bölgələrdən çəkilərək sahə hakimiyyətini itirməsindən sonra daim yer dəyişdirdi və gizliliyə daha çox əhəmiyyət verməyə başladı.
Haqqında zaman-zaman yaralandığı və öldürüldüyü iddiaları ortaya atılan Bağdadi ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, gecəyarısı gerçəkləşən xüsusi əməliyyatlar ölü ələ keçirildi.
ABŞ prezidenti Bağdadinin ABŞ əsgərlərinin yaxınlaşması ilə üzərindəki kamikadze jiletini partladaraq 3 övladı ilə birlikdə öldüyünü açıqladı.
Bağdadi son yayımladığı videolarda davamçılarına (Suriyanın şimalındakı) Baqoz müharibəsinin bitdiyini, ancaq təşkilatın hələ də ayaq üstə dayanmaq iqtidarında olduğunu iddia etmişdi.