Nümayəndələr Palatası Trampın impiçmentini səsə qoyacaq Dünya

Nümayəndələr Palatası Trampın impiçmentini səsə qoyacaq

ABŞ-ın Nümayəndələr Palatası bu həftə prezident Donald Trampın impiçment prosesini səsə qoyacaq. Palatanın demokrat spikeri Nensi Pelosi səsverməni cümə axşamı gününə təyin etdiyini bildirib. Nümayəndələrə ünvanladığı məktubunda spiker proseslə bağlı “bütün şübhələri” aradan qaldırmağa çalışdığını yazıb.
Pelosi deyib ki, impiçment prosesinə dair qətnamə “hazırkı və davam edən araşdırmaları təsdiq edəcək… Amerika xalqına açıq olan dinləmə prosedurlarını təmin edəcək, sübutları məhkəməyə təqdim etməklə yanaşı, prezident və onun vəkilinin məhkəmə hüquqlarını müəyyənləşdirəcək.”
Tramp və onun Respublikaçı tərəfdarları impiçmenti Nümayəndələr Palatasının səsvermə keçirmədiyinə görə qeyri-legitim adlandırır. Pelosi isə bu arqumenti “mənasız” hesab edir. Qanunlar palatanın prosesin təsdiqi üçün səsvermə keçirməsini tələb etmir və əksəriyyət təşkil edən Demokratlar bu proses üçün qaydalar tətbiq edə bilər.
Tramp administrasyasının keçmiş rəsmiləri həftə boyu Konqresdə bağlı qapılar arxasında ifadə verib. Demokratlar isə Trampın xarici ölkədən 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməsini istədiyini sübut edəcək məlumatlar toplamağa çalışır. Keçən həftə impiçment araşdırması aparan Nümayəndələr Palatasının Demokratları bir neçə nəfərin ifadələrini dinləyib.
Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib.Tramp adm inistrasiyası isə hələ ki, sənədləri təqdim etməkdən boyun qaçırır. Tramp bildirir ki, Nümayəndələr Palatasının Demokratları araşdırmanın rəsmiləşdirilməsi üzərində səsvermə keçirməyənədək əməkdaşlıq etməyəcək. (amerikaninsesi.org)