Sarkisyandan Ərdoğana hiyləgər jest Dünya

Sarkisyandan Ərdoğana hiyləgər jest

Onun təbrik məktubunda əlaqələrin ilkin şərt olmadan inkişaf edəcəyinə əminliyini vurğulaması Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinin kənarında saxlamaq cəhdidir

Cavid

Ermənistan prezidenti Serj Sarkisyanın Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etməsi faktı medianın diqqətindən kənarda qalmayıb. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda bildirib ki, Türkiyə prezidenti seçilməklə əldə olunmuş ikitərəfli razılıqları həyata keçirə biləcək imkanınız var.
Bir çox ekspertlər hesab edirlər ki, Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı məlum çıxışına cavab olaraq, Sarkisyan da Türkiyəyə jest edib. Ekspertlərin sözlərinə görə, bu gedişat nəticəsində Türkiyə-Ermənistanın sərhədləri yaxın perspektivdə açıla, tərəflər arasında qarşılıqlı münasibətlər yarana bilər.
Onu da qeyd edək ki, Ərdoğanın qondarma soyqrımla bağlı başsağlığı verməsi ermənilər tərəfindən rəğbətlə qarşılanıb. Bu jest Qərbdəki ermənipərəst dairələrdə də məmnuniyyətlə qarşılandı və hətta bir ara Qərb mətbuatı yazdı ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Nobel sülh mükafatına namizəd ola bilər.
İndinin özündə də bu ölkədə yaşayan erməni camaatı Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı bəyanatının "bir əsrlik böhranı" bitirəcək addım olduğunu qeyd ediblər. Türkiyə baş nazirinin "ermənilərin ağrıları ortaq acımızdır" deməsi türk vətəndaşı olan ermənilərin gələcəyə olan ümidlərini artırıb. "Ankaranın uzatdığı barış əlini tutmaq lazımdır" deyən erməni icmasının nümayəndələri Türkiyənin son addımlarını müsbət qiymətləndirib.
Hətta o zaman erməni icmasının başçısı Bedros Şirinoğlu qeyd edib ki, baş nazir ilklərə imza atan bir liderdir: "Camaatın yüksək idarəçilərindən biri olaraq deyirəm, hörmətli baş nazir bütün diləklərimizi, bütün arzularımızı yerinə yetirib. Ərdoğanın bəyanatı Türkiyə tarixində bir ilk idi. Ona hər baxımdan minnətdarıq. Bu addımları ilə gələcəkdə Nobelə namizəd ola bilər. Məncə bu mükafatı qazanmağa layiqdir. Mən ona içimdən gözəl adam demək istəyirəm. Hazırda gözlərim doldu".
Erməni Universal Tolerantlıq Dərnəyi başçısı Cerri Hırimyan da Ərdoğanın başsağlığı verməsindən məmnunluq duyduğunu demişdi: "Baş naziri hər kəsə ibrət olacaq gözəl bir yanaşma göstərdi. Baş nazirimiz gözəl duyğuları ilə başsağlığı verib. Başsağlığı ən gözəl şeydir. Baş nazir əgər Nobelə namizəd göstərilsə biz onu alqışlayarıq".
O zaman ermənilər Ərdoğanın ünvanına hər nə qədər təriflər söyləsələr də, kimsə nə erməni terror təşkilatlarının Türkiyənin diplomatlarına qarşı törətdikləri terror aktlarında həyatlarını itirənlərin ailələrinin dərdlərinin "ortaq acıları" olduğunu dilə gətirmədi, nə də belə "barış mesajlarının" Dağlıq Qarabağdakı erməni avantürasına da bir gün son qoyacağını ifadə etmədi.
İndi bir çoxları hesab edirlər ki, bu dəfə Ermənistan prezidentinin də Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etməsi ermənilərin keçmiş baş nazirə münasibətinin davamıdır. Hətta Ermənistan ictimaiyyətində elə bir eyforiya formalaşıb ki, erməni məbtbuatında gələn il aprelin 24-də Türkiyənin yeni prezidentinin başçılıq edəcəyi geniş nümayəndə heyətinin İrəvana gələcəyi və qondarma soyqırımı abidəsini ziyarət edəcəyi kimi cəfəng xəbərlər yer alır.
Bu ağlasığmaz iddia ilə İrəvanda jurnalistlər qarşısında regional məsələlər üzrə ekspert Sərkis Atspanyan çıxış edib. O, məlumatın mənbəyini açıqlamayıb.
Bununla belə Atspanyan deyib ki, Ərdoğanın səfəri Ankarada dünya erməniləri ilə barışığa dair hazırlanmış böyük planın bir hissəsi olacaq. Dığa iddia edib ki, bu plan çərçivəsində Əskişəhərdə böyük erməni kilsəsinin restavrasiya olunması, Türkiyənin xəritəsində müəyyən erməni toponimlərinin bərpa edilməsi də nəzərdə tutulur və Türkiyəni Ermənistan sərhədi ilə birləşdirən, Mərmərə sahili boyu uzanan şosse yoluna erməni jurnalist Qrant Dinkin adı veriləcək. Və nəhayət bildirib ki, Türkiyə bu ölkədən sürgün edilmiş ermənilərin törəmələrinə vətəndaşlıq hüququ tanıyan qanun qəbul edəcək.
Atspanyanın sözlərinə görə, "Ərdoğan bu cür addımlarla beynəlxalq ictimaiyyətə nümayiş etdirəcək ki, ölkə Avropa dəyərlərinə üstünlük verir".
Bunun ermənilərin bir xülyası olduğunu düşünsək də, nə yazıq ki, indiyə qədər Türkiyədən bu sensassion iddialarla bağlı heç bir şərh verilməyib.
Aydın məsələdir ki, Dağlıq Qarabağı və ətraf 7 rayonumuzu işğal edən Ermənistan Türkiyəni neytrallaşdırmaq üçün bütün vasitə və imkanlardan yararlanmaq niyyətindədir. Elə yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərmək Ermənistan prezidenti Serj Sərkisyan üçün bu baxımdan göydəndüşmə fürsət idi.
Xüsusilə Sərkisyanın həmin məktubda ikitərəfli əlaqələrin ilkin şərt olmadan inkişaf edəcəyinə əminliyini vurğulaması Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinin kənarında saxlamaq cəhdidir. Rəsmi İrəvan ümid edir ki, Qarabağ məsələsində Türkiyənin neytrallaşdırılması Ankara-Bakı münasibətlərində dərin çatlar yaradacaq və bu da işğal faktının hüquqi müstəviyə keçirilməsində Ermənistanın əl-qolunu daha da açacaq.
Sərkisyan "ilkin şərt" dedikdə məhz Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə bağlı rəsmi Ankaranın mövqeyini nəzərdə tutur və "Qarabağ məsələsini bir kənara qoyaq" demək istəyir.
Politoloq Qabil Hüseynlinin fikrincə, təbrik məktubu Ərdoğanla qiyabi da olsa təmas yaratmaq üçün Sərkisyana lazım idi: "Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinə görə sərhədlər bağlanıb. Bundan da Ermənistan ciddi əziyyət çəkir. Sərkisyanın "ilkin şərt" açıqlaması da buna işarədir. Ola bilsin ki, qarşı tərəf də bu ifadəyə söykənərək yaxınlıq nümayiş etdirsin. Amma bu, gələcəyin işidir. Sərkisyanın təbrikini isə daha çox xahiş kimi qəbul etmək olar".
Lakin Türkiyə rəsmilərinin bu ölkədə müalicə alan yaralı Azərbaycan əsgərlərini ziyarət etməsi ermənilərin xülyalarını alt-üst edir. Məsələn, erməni analitiki Ruben Melkonyan bildirib ki, Türkiyə dövlət rəsmiləri tərəfindən yaralı azərbaycanlı əsgərlərin ziyarət edilməsi Azərbaycanyönümlü cəbhədə ciddiliyin davam etməsi ilə bağlı dəqiq mesaj idi".