Ermənistana geri dönmək hüququndan məhrum ediləcəklər Dünya

Ermənistana geri dönmək hüququndan məhrum ediləcəklər

Ermənsitan Müdafiə naziri Davit Tonoyan tərəfindən təklif edilən qanun layihəsi üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq məcburi hərbi xidmət keçməyən 27 və ya ehtiyatda olma üzrə son yaş həddi olaraq 35 yaşı tamam olmuş Ermənistan vətəndaşlarına qarşı cinayət məsuliyyətindən azad olunma ilə bağlı qüvvədə olan qanun layihəsinin müddəti 31 dekabr 2019-cu il tarixdə başa çatır.
Erməni KİV xəbər verir ki, 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvədən düşən bu qanun bir çox şəxsi Ermənistana geri dönmək hüququndan məhrum edəcək.
Erməni vəkil Norayr Norikyan bildirib ki, bu qanun 2013-cü ildə qəbul edilib, lakin mütəmadi olaraq qüvvədə olma müddəti uzadılıb. “Bu məsələnin həll edilməsinə birmənalı şəkildə tərəfdaram. Lakin burada başqa bir məsələ var. Tonoyan qeyd edir ki, indi 22000 vətəndaşın bu vəziyyətdə olduğu bir şəraitdəyik. Bu şəxslər təyin olunmuş qaydalara uyğun olaraq məcburi hərbi xidmət keçməyiblər. Əgər bu şəxslər 31 dekabr tarixinədək qanunun bu imkanlarından istifadə etməsələr və müvafiq ərizələr təqdim etməsələr, biz onları Ermənistana qayıtma imkanından birdəfəlik məhrum edəcəyik”, - deyə Norikyan Tonoyanın təklif etdiyi qanun layihəsinin mənasını açıqlayıb.
Vəkilin sözlərinə görə, belə bir qanun vətəndaşları Ermənistana qayıtmamağa dair birdəfəlik qərar verməsinə məcbur edəcək. “İstənilən halda onlar Ermənistan vətəndaşlarıdır və Ermənistan bu məsələni nizama salmağa borcludur. Onları itirməmək üçün alternativ yol tapılmalıdır”, - deyə erməni vəkil qeyd edir.
Onun sözlərinə görə, hər hansı kompensasiya müqabilində həmin şəxslərin mühakimə statusu həll edilməlidir. “1 yanvar tarixindən sonra 22000 vətəndaşın taleyi qeyri-müəyyən qalacaq. Bu insanların statusunun dəqiqləşdirilməsi üzrə hüquqi tənzimləmə olmayacaq”, - deyə vəkil qeyd edib.
Xatırladaq ki, Ermənsitan hökumətinin dekabrın 12-də keçirilən iclasında müəyyən edilmiş qaydaları pozaraq hərbi xidmət keçməyən şəxslər haqqında Ermənistan qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiq edib. Erməni deputatların təklif etdiyi qanun dəyişikliyinə əsasən hərbi xidmətdən yayınmış şəxslər 2020-ci ilin 1 yanvar tarixindən etibarən vəsait ödəməklə cinayət məsuliyyətindən azad olma imkanından istifadə edə bilməyəcəklər.