Qərb Ukraynaya dəstək durmayacaq Dünya

Qərb Ukraynaya dəstək durmayacaq

NATO Rusiyanın hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıq edib
Almaniya artıq öz hərbçilərini Ukraynaya göndərməyi planlaşdırmadığını bildirib

Cavid

Donetskin şərqində keçirilən döyüşlərdə 19 Ukrayna əsgəri öldürülüb. Döyüşlər Bosa və Kiyev rayonlarında davam edir. Son döyüşlərdə ölən və yaralananlar haqqında məlumat verilmir. Rəsmilər bildirir ki, Ukrayna Milli Qvardiyası İlovayskda rusiyapərəst separatçılara qarşı döyüşən könüllülərə əlavə minomyotlar və anti-tank silahları göndərib. Daha əvvəl məlumat verilmişdi ki, Donetskdə partlayış zamanı Gürcüstan səfirliyinin binası dağılıb. Lakin diplomatlar əvvəlcədən oranı tərk etdiyindən ölən olmayıb.
Ukraynanın şərqində yaşanan gərgin vəziyyət ölkənin siyasi həyatına təsirsiz ötüşmür. Ölkənin iqtisadiyyat naziri Pavlo Şeremeta hakimiyyətin uğursuz siyasətinə qarşı çıxaraq vəzifəsindən istefa verdiyini bildirib.
Şeremeta ölkə iqtisadiyyatının dirçəlməsi üçün bu sahədə müəyyən islahatların keçirilməsini vacib sayır. Həmçinin, Beynəlxalq Valyuta Fondu da Ukraynaya maliyyə yardımı edilməsi üçün bu ölkədə iqtisadi islahatların keçirilməsini tələb edir.
Ukrayna qanunvericiliyinə əsasən, nazirlərin vəzifədən getməsinə parlament qərar verir. Parlamentin nazirin istefasını təsdiqləyəcəyi isə, hələlik real görülmür.
Ölkə prezidenti Pyotr Poroşenko isə ötən ay koalisiya hökumətinin dağılması ilə əlaqədar bu həftəsonu parlamentin buraxılacağını bildirib. Vəziyyətlə əlaqədar hökumət oktyabr ayının sonlarında erkən seçkilərə gedə bilər.
Onu da bildirək ki, Ukrayna prezidenti Petro Poroşenko BMT baş katibinin müavini Cefri Feltmanla görüşüb.
Tərəflər Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.
Petro Poroşenko qeyd edib: "Donetsk və Luqanskda insanlar sülh istəyirlər. Təklif etdiyimiz sülh planının implementasiyası fəaliyyətimizi müəyyənləşdirir. Biz başa düşürük ki, münaqişəni yalnız hərbi vasitələrlə həll etmək olmaz". Ukrayna prezidenti girovlarla bağlı problemdən də danışıb.
Almaniya hökuməti isə öz hərbçilərini Ukraynaya göndərməyi planlaşdırmadığını bildirib. Bunu Almaniya kansleri Angela Merkel Ukrayna böhranı ilə bağlı çıxışında deyib. "Biz Ukraynada konflikti həll etmək üçün öz əsgərlərimizi göndərməyəcəyik", - Merkel Qrim şəhərinin parlamenti qarşısında çıxış edərkən deyib.
Merkelin sözlərinə görə, Almaniya Ukrayna ətrafında böhranı həll etmək üçün yalnız diplomatik üsullardan istifadə edəcək.
Rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində çıxış edərək bildirib ki, Avropa Ukraynaya kömək etməyəcək. O, Ukraynanın ac qalacağını bildirib: "Ukrayna təhlükələri hiss etmir. Avropa ona kömək etməyəcək. O dondurulacaq, aldadılacaq, ac qalacaq. Bu formada onu asanlıqla və demək olar ki, havayı Rusiya və Belorusiyanın qucağına tullamaq olar".
Şimali Atlantika Alyansının (NATO) Baş katibi Andres Foq Rasmussen isə səlahiyyət müddətinin başa çatması ilə bağlı Almaniya mediasına müsahibə verib.
Rusiya ilə münasibətlərə toxunan Rasmussen bu ölkənin rəhbərliyini tənqid edib.
O bildirib ki, Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə daxil olduğu aydın və açıq şəkildə bəlli olub: "Rusiyanın Ukraynanın cənub-şərq bölgəsinə silah və döyüşçülər göndərdiyini gördük. Biz onu da müşahidə etdik ki, Rusiya güclü şəkildə Ukraynadakı gərginliyi alovlandırmağa çalışır və bunun üçün silahlı separatçılara dəstək verir. Yalnız bir şey aydındır: ruslar hərbi müdaxilə də daxil olmaqla bütün variantları nəzərdən keçirirlər".
Rasmussenin sözlərinə görə, bütün bunlardan sonra Ukraynanın Rusiyaya olan inamı və etibarı qalmayıb: "Rusiya ikinci dünya müharibəsindən sonra verdiyi bütün sözləri kənara ataraq, təhlükəsizlik qaydalarını pozdu. Artıq Avropa yeni təhlükəsilik qaydaları haqda düşünməlidir".
Baş katib deyib ki, NATO-nun qarşıdan gələn sammitində baş verən təhlükəyə daha tez reaksiya verilməsi məsələsi ciddi müzakirə olunacaq və müvafiq qərarlar veriləcək.
O bildirib ki, NATO prinsipial şəkildə Ukrayna Ordusunun yenidən qurulması və modernləşdirilməsinə dəstək verə bilər. Rasmussen əlavə edib ki, bu dəstək yalnız müdafiə və təhlükəsizlik sahəsinə aiddir.
Ukrayna Nazirlər Kabineti isə ölkənin cənub-şərqində gedən hərbi əməliyyatlar üçün daha 9 milyard qrivni ayırıb.
Dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitin əsas hissəsi - 6 milyard qrivnisi Müdafiə Nazirliyinə, 2 milyardı isə silahlı qüvvələrin digər birləşmələri üçün nəzərdə tutulub.
Kəşfiyyat məqsədi üçün isə 70 milyon qrivni ayrılıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Ukrayna hər ay hərbi əməliyyatlara 1,5 milyard vəsait xərcləyir.
Ukrayna KİV-ində yayılan digər bir məlumatda isə bildirilir ki, Ukrayna prezidentinin böyük oğlu, Aleksey Poroşenko ölkənin Cənub-Şəqrində terrorçulara qarşı əməliyyatlarda iştirak edir. Məlumatda qeyd edilir ki, Vinnitski vilayət şurasının 29 yaşlı deputatı evdə 3 aylıq oğlu Petyanı və həyat yoldaşı Yuliyanı qoyaraq gizli şəkildə döyüşməyə gedib. Bu haqda Poroşenko ailəsinə yaxın adamlar xəbər yayıblar. Mənbə bildirib ki, 4 həftə əvvəl Alekseyə çağırış vərəqəsi gəlib: "O indi Müdafiə Nazirliyinin terror əleyhinə əməliyyatlar keçirilən dəstəsində xidmət edir. Ola bilsin ki, Alekseyi döyüşçülər arasında başqa ad və soyadla tanıyırlar".
Terror əleyhinə əməliyyatlar mərkəzinin qrup rəhbəri Yuri Tandit bu məlumat təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü ciddi aparır. Bununla belə, prezident Pyotr Poroşenko heç yerdə oğlunun orduda xidmət etməsi ilə bağlı bir kəlmə belə danışmayıb.
Yeri gəlmişkən, azərbaycanlı, qazax və krım tatarlarından ibarət fəallar Donbas döyüşlərinə qatılmaq üçün özlərinin beynəlxalq batalyonunu yaradırlar.
Batalyonda neçə nəfər olacağı və onlardan neçəsinin azərbaycanlı olacağı barədə xəbər verilmir.
Qeyd edək ki, bundan əvvəl Maksim Neymanın başçılığı ilə, Ukrayna yəhudiləri də "Mativan" adlı Donbas batalyonu yaradıblar.
Donetsk vilayətinin Qırmızı Partizan kəndinin əhalisi isə artıq bir neçə gündür ki, susuz qalıb.
Xarici KİV-in verdiyi xəbərə görə, kəndə gələn bütün su xəttləri terrorçular tərəfindən partladılıb.
Kənd əhalisi uzun məsafə qət edərək bulaqdan su gətirmək cəhdləri də alınmır. Separatçıların snayperləri bulağa yaxınlaşan insanları atəşə tutur.
Sakinlərin bildirdiyinə görə, terrorçuların açdığı atəş nəticəsində bir neçə sakin həlak olub. Bulağın yaxınlığında olan kilsəyə də ciddi ziyan dəydiyi bildirilir.
Terrorçular hətta bulaqdan su gətirməyə gələn keşişləri də atəşə tuturlar. Ukrayna ordusu isə bəyanat yayaraq yaxın günlərdə kəndi separatçılardan tam olaraq təmizləyəcəyini bildirib.
Qondarma Donetsk Xalq Respublikasının Ali soveti isə Kiyevdən gələn humanitar yardımı qəbul etməkdən imtina edib.
Rusiyanın Luqansk üçün humanitar karvanına gəldikdə isə məlumata görə, Ukrayna gömrük rəsmiləri sərhəddə Rusiyanın humanitar yardım karvanının bəzi yük maşınlarında yoxlama keçirir. Yardım mühasirə altında olan Luqansk şəhəri üçün nəzərdə tutulub, amma karvan bir neçə gündür ki, ora gedə bilmir.
Rusiyanın karvanı ümumilikdə 270 yük maşınından ibarətdir. Məlumata görə maşınlarda 2000 ton yardım daşınır.
Dünən isə bildirilib ki, Ukraynanın şərq hissəsi üçün humanitar yardım daşıyan bir neçə Rusiya yük maşını Ukrayna sərhədini keçib.
270 ədəd maşından bir neçə KaMAZ "Donetsk" sərhəd məntəqəsindən ölkəyə daxil olub. Rusiya gömrük əməkdaşlarından biri bildirib ki, maşınlar gömrükdən keçir.
Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, ötən gecə ukraynalı gömrükçü və sərhədçiləri Rusiyadan gələn yüklərin qeydiyyatına başlamayıb.
"Ukrayna tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsindən yükü təyin edilmiş məntəqəyə çatdırılması hazırlığı barədə cavab aldıqdan sonra müvafiq işə başlayacaq" XİN-in açıqlamasında deyilir. Həmçinin bildirilib ki, separatçılar və Rusiya BQXK-nın işçiləri və yükün təhlükəsizliyinə təminat verməlidir.
Cənubi Gömrük idarəedicisi İnterfaks-Yuq agentliyinə gömrükçülərin humanitar yükün qeydiyyatına başladığını açıqlayıb. Bundan sonra maşınlar döyüşlərin davam etdiyi Donetskə tərəf hərəkət edəcək.