Rusiyada prezident yox, Ali rəhbər olacaq? Dünya

Rusiyada prezident yox, Ali rəhbər olacaq?

Rusiyada Konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrup ölkənin əsas qanununa 100-dən çox maddənin əlavə edilməsini təklif edib. “Kommersant” qəzetinin yazdığına görə bunlardan biri də prezident postunun adının dəyişdirilərək “ali rəhbər” (Verxovnıy pravitel) edilməsidir.
Bundan başqa Pravoslavlığın ölkənin əsas dini elan edilməsi, Rusiyaya II Dünya Müharibəsinin “qalibi” statusunun verilməsi təklif edilir. Prezident titulunun “Ali rəhbər” postu ilə əvəz edilməsinin təklif olunduğu barədə xəbəri jurnalistlərə işçi qrupun üzvü, Dövlət Duması dövlət quruculuğu və qanunvercilik komitəsinin sədri Pavel Kraşennikov verib. O habelə bildirib ki, Konstitusiyada “Ali” sözünün hər yerdə baş hərflə yazılması nəzərdə tutulur.
Rusiya Konstitusiyasını dəyişdirmək planını prezident Vladimir Putin yanvarın 15-də Federasiya Şurasında etdiyi çıxışda açıqlamışdı. O habelə təklif etmişdi ki, Rusiya Konstitusiyasının beynəlxalq qanunlardan üstün tutulacağı təsbit edilməlidir.Putinin təkliflərindən biri də indiyədək ölkədə elə də nüfuzu və hakimiyyəti olmayan Dövlət Şurası adlı qurumu gücləndirmək idi.
Ekspertlərə görə, Putin bu dəyişikliklərlə özünün hakimiyyətini 2024-cü ildən də o yana uzatmaq istəyir. Həmin il Putinin son prezidentlik müddəti başa çatır.
Təkliflərlə yanaşı Putin habelə Konstitusiyaya düzəlişlərin hazırlanması üçün işçi qrup təyin etmişdi. Bu qrupa 75 nəfər daxildir. Bunların arasında hakimiyyətin təhqir olunmasına görə cəza nəzərdə tutan qanunun, habelə suveren internet ideyasının müəllifi Andrei Klişas da var.
Qrupa habelə Donbas separatçılarının “Donetsk Xalq Respublikası” deyilən qurumunun komandirlərindən yazıçı Zakhar Prilepin, Ümumrusiya Kazak Cəmiyyətinin atamanı Nikolay Doluda, idmançı Yelena Isinbaeva və başqaları daxildir.
Konstitusiyaya düzəlişlər haqqında qanun layihəsi Dövlət Dumasında birinci oxunuşda qəbul edilib. İkinci oxunuş fevralın 11-də keçirilməlidir. Konstitusiya dəyişikliklər paketi apreldə keçiriləcək referenduma çıxarılmalıdır.