ABŞ İŞİD-i darmadağın edir Dünya

ABŞ İŞİD-i darmadağın edir

Vaşinqton terrorçu qorupu tam zərərsizləşdirə biləcəkmi?

Cavid

ABŞ ordusu dünən və bu gün Mosul bəndi yaxınlığında yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda, İŞİD silahlılarına aid 3 yük avtomobilinin məhv edildiyi, birinin isə yararsız hala gətirildiyi, bir zirehli texnikanın və bir artilleriya qurğusunun sıradan çıxarıldığı bildirilir.
Ötən gün isə Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi haqqında məlumat verilmişdi.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 123 hava hücumu təşkil etdiyi barədə məlumat verib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama orduya İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.
Bu arada yayılan məlumata görə, İraq qüvvələri, kürd döyüşçüləri və şiə silahlılar Kərkükün cənubundakı Süleyman Bəy qəsəbəsinə daxil olaraq "İslam Dövləti" yaraqlılarının 3 aylıq nəzarətinə son qoyub.
İraq qüvvələri dünən də iki aydır ki, "İslam Dövləti" yaraqlılarının mühasirəsində olan Əmirli qəsəbəsinə daxil olub.
ABŞ-ın təyyarələrinin müşayiəti ilə artıq qəsəbəyə humanitar yardım çatdırılmaqdadır.
ABŞ ordusu bildirib ki, bazar günü "İslam Dövləti"nə qarşı Mosul bəndi yaxınlığından başlayan hava hücumları davam edir.
Dünən habelə Britaniya baş naziri Devid Kameron parlamentə bildirib ki, Britaniya ABŞ-ın İraqda İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir. O, "İslam Dövləti"nin yaratdığı terror təhlükəsinə qarşı Britaniyanın yeni qanun qəbul etməli olduğunu bildirib.
İndi bütün dünyanın marağında Ukrayna hadisələrindən sonra, ABŞ-ın İŞİD-i məhv edib, etməyəcəyidir.
BBC-nin verdiyi xəbərə görə, ABŞ rəsmiləri İŞİD terror təşkilatının son zamanlar qarşılaşdıqları ən böyük təhdid olduğunu bildiriblər.
Müdafiə naziri Çak Hegel ABŞ-ın hava hücumlarının İraqda İŞİD-in irəliləməsini dayandırdığını, lakin yenidən hücum üçün təşkilatlana biləcəyini deyib. Çak Hegel İŞİD terrorçularının ideoloji, strateji və hərbi baxımdan güclü təşkilatlandığını, həmçinin külli miqdarda maliyyə dəstəyinə sahib olduğunu bildirib.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Martin Dempsey isə İŞİD-in Suriyadakı bazalarına hücum etmədən onları məğlub etməyin mümkün olmayacağını deyib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün 20 il ərzində İraqı izləyən analitik Judit Yaphe İŞİD terror təşkilatının məqsədləri və təşkilata qarşı mübarizə üsulları barədə Türkiyənin "Milliyyət" qəzetinə danışıb.
Yapheyə görə, sünnilər İŞİD-ə qarşı çıxmadığı müddətdə İraq və Suriya üçün dinclik yoxdur.
J.Yaphe 20 il ərzində MKİ-nin İraq analitiki olaraq çalışıb. Buna görə də İraqın həm keçmişi, həm də müasir tarixini ən incə detallarına qədər bilir. İraqda baş verənlərin əslində nə olduğuna gəlincə, analitik məzhəblərarası döyüşə çevrilən bir terrorçu qiyamına şahidlik etdiyini deyir. Amma analitik İŞİD-in İraqda etdiklərinin bütün sünnilərin bütün şiələrə qarşı qlobal bir döyüşünün olmadığını bildirir. "İraq və Suriyada təsirli olan İŞİD və "Əl-Nüsra" Cəbhəsinin hərəkətlərindən bəhs edirik", - Yaphe bildirir.
Amerikalı analitik İŞİD-in əsas istəyinin torpaq olduğunu vurğulayır: "Şəriət dövlətini quraraq sərhədləri ləğv edəcəklər. Beləliklə, daha çox döyüşçüyə təlim keçərək onları sıralarına qəbul edə biləcəklər. Daha sonra isə yerlərində sakit şəkildə oturmayacaqlar".
Amerikalı analitik İraq işğalının İŞİD-in yüksəlişinə müsbət təsir etdiyini deyir. Onun fikrincə, işğal nəticəsində bir çox bədbəxt sünni ortaya çıxdı: "İŞİD necə oldu ki, Mosul kimi bir şəhəri bu qədər asan ələ keçirə bildi? Mənə elə gəlir ki, öndə gedən sünni siyasətçilər, nüfuzlu tayfalar 2004-cü ildə "Əl-Qaidə"ni dəstəklədikləri kimi indi də İŞİD-i dəstəkləyirlər. İŞİD keçmiş BƏƏS-çilərin dəstəyi ilə müvəffəqiyyət qazanır".
J.Yaphe İŞİD-in Suriyadakı vətəndaş müharibəsində qazandığı qələbələrlə dünyanın dörd bir tərəfindən döyüşçü yığa bildiyini qeyd edir. Onun sözlərinə görə, terror təşkilatı nəzarət etdiyi torpaqlardan yığdığı vergi və neftayırma zavodlarından qazandığı pullarla İraqa keçdilər.
Analitik hesab edir ki, Vaşinqton İŞİD-ə tamamilə maneə törətməsi böyük ehtimalla mümkün deyildi. "Bir gecədə siyasi mədəniyyət yarada bilməzsiniz. Amma Corc Buş rəhbərliyi də bir çox səhvlərə yol verdi. Ordunun dağıdılması, dövlətin BƏƏS-çilərdən təmizlənməsi, sünnilərə ikinci sinif vətəndaşlar kimi baxılması, əslində, çox güclü siqnallar idi. Həmin andan etibarən milli birlik üçün bütün səylər heçə endirildi", - J.Yaphe dilə gətirib.
Analitik bildirib ki, amerikalılar kifayət qədər pul ilə hər şeyi düzəldə biləcəyini hesab edirlər. Amma vəziyyəti düzəldə bilməzdilər. Onsuz da əsl problem Nuri əl-Maliki ilə başladı. O, baş nazir olduğu gündən başlayaraq bütün idarəçilik mexanizmlərini aradan götürməyə başladı.
Yaphe 2004-cü ildən sonra qiyamı sünni ərəblərin bitirdiyini xatırladır: "Əl-Qaidə"ni dəstəkləyən tayfalar qorxunc bir səhv etdiklərini fərq etdilər. Amerikaya "bizi silahlandırsanız, döyüşərik" dedilər və "Əl-Qaidə"ni məğlubiyyətə uğratdılar. İŞİD-i də onlar təsirsiz hala gətirə bilər.
Amerikalı analitik kürdlərin müstəqilliyini elan etməsini mümkün, amma çətin hesab edir: "İran belə bir müstəqilliyi görmək istəmir, çünki ərazisində də kürd xalqı var. Kürdlər isə İranı dinləməlidir. Çünki kürdlər quru ərazi ilə əhatə olunmuş vəziyyətdədir. Qonşuları ilə yaxşı əməkdaşlıq içində olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Ölkənin xarici dəstəyə və sərmayələrə ehtiyacı olacaq. Yəni müstəqilliyini elan etsələr belə, ayaq üstündə dura biləcəyindən əmin deyiləm".