
Nursultan Nazarbayev: "Qazaxıstanın təhlükəsizliyini qorumaq üçün əlimizdən gələn hər şeyi etməliyik"
Cavid
Rusiya prezidenti Vladimir Putinin imperialist siyasəti, hətta Qazaxıstana belə göz dikməsi hələ də aktuallığını itirməyib. Çünki Rusiya prezidentinin "Seliger-2014" gənclər forumunda Qazaxıstanın gələcəyi barədə suala verdiyi cavab qonşu ölkədə kəskin reaksiyaya səbəb olmaqdadır.
Xatırladaq ki, o zaman tələbə Anna Sazonovanın sualına cavab verən Putin deyib ki, qazaxların heç vaxt dövlətçiliyi olmayıb. Qazaxıstanda Rusiya prezidentinin dediklərini təkcə narahatlığa əsas verən fikirlər kimi deyil, həm də Qazaxıstana verilən xəbərdarlıq kimi qiymətləndiriblər.
Tələbənin sualı tam mətnlə belə idi: "Bu gün Ukraynada millətçiliyin yüksəlişi barədə söhbətlər kəsilmək bilmir. Lakin Qazaxıstanda, xüsusən də ölkənin cənubunda millətçi əhval-ruhiyyənin artması kimi başqa bir situasiya da narahatlıq doğurur. Bizim nəzərimizcə, burada bu əhval-ruhiyyənin tormozlayıcı faktoru kimi prezident Nazarbayev çıxış edir. Həmçinin qazaxların Rusiya siyasi ritorikasını adekvat başa düşməsində çətinliklər var... Sual: "Biz gözləməliyikmi ki, cənab Nazarbayevin öz postunu tərk edəcəyi təqdirdə burada da Ukrayna ssenarisi inkişaf etsin? Bu istiqamətdə iş üçün strategiya varmı? Bizdə belə bir ehtimal var ki, onlar birləşmək istəyirlər. Və Avrasiya inteqrasiyasının perspektivləri nədir?"
Bu suala Vladimir Putin belə cavab verib: "Qazaxıstan bizim ən yaxın strateji müttəfiqimiz və partnyorumuzdur. Birincisi, prezident Nazarbayev sağ və salamatdır və Allaha şükür, heç yerə getmək niyyətində deyil. Amma müdrik bir rəhbər kimi o, öz ölkəsinin gələcəyi barədə daim düşünür".
Putin Nazarbayevi çox savadlı rəhbər saydığını deyib: "O misilsiz bir iş görüb. O heç vaxt dövlətçiliyin olmadığı bir ərazidə dövlət yaradıb. Qazaxların dövlətçiliyi olmayıb".
O habelə əlavə edib ki, hazırda Rusiya tərəfindən yaradılan Avrasiya İttifaqı Qazaxıstan və Belorusiya üçün iqtisadi inkişaf, onların "böyük rus dünyasının məkanında qalmaları" baxımından əlverişlidir.
Rusiya liderinin cavabını Qazaxıstanda ağrılı qəbul ediblər.
"Putinin bəyanatları Qazaxıstanda birmənalı reaksiya doğurmayıb. Müəyyən dairələrdə bu reaksiya hətta mənfi olub" Bunu Qazaxıstan Risk Qruplarının Qiymətləndirilməsi İnstitutunun direktoru Dosım Satpayev BBC-nin rus xidmətinə deyib.
Bununla belə, Putinin bəyanatları Qazaxıstanın özündə mövcud olan belə bir rəsmi ideologiya ilə üst-üstə düşür ki, müstəqil Qazaxıstanın yaradılması Nursultan Nazarbayevin adı ilə bağlıdır: "Bu zaman nədənsə mövcud dövlətçiliyin təşəkkülünə öz töhfəsini vermiş qazax xanlarının və xanlıqlarının çoxəsrlik tarixi üstündən xətt çəkilir. Yəni belə çıxır ki, Putin onu mövcud müstəqil Qazaxıstanın adı ilə bağlamaqla müəyyən mənada Nazarbayevin xeyrinə oynayıb".
Ekspertin qənaətinə görə, Putin yalnız hazırkı prezidentin apardığı daxili və xarici siyasət davam edərsə, Qazaxıstana partyor kimi baxacaq: "Putinin sözlərində belə bir ifadə də səsləndi ki, Qazaxıstanda Ukrayna ssenarisinin təkrar olunacağına ehtimal azdır. Lakin bu ifadə həm də belə bir ehtimalı açıq buraxır ki, geosiyasi şərait dəyişəcəyi təqdirdə bu ssenari mümkün də ola bilər".
Lakin Satpayevin fikrincə, Qazaxıstanda Putinin cavabından daha çox ona verilən sual rezonans doğurub. Bu sualda Qazaxıstanda çoxlarını narahat edəcək məqamlar səslənib.
Belə bir tezis verildi ki, guya Qazaxıstanda millətçilik artır və bu millətçiliyi yalnız hazırkı prezident buxovlayır və o postunu tərk edərsə, burada da Ukraynadakına bənzər problemlər yarana bilər.
Bu sualın özünü Qazaxıstanda təsadüf və ya improvizə məhsulu kimi yox, əvvəlcədən hazırlanmış və yaxşı məşq edilmiş səhnə quruluşu kimi qiymətləndiriblər.
"Bu bəyanatlar həm də Vladimir Jirinovskinin səsləndirdiyi bəyanatlarla eyni vaxta düşüb. Odur ki, Putinin dedikləri, başqa hadisələrlə də bağlı olaraq yaradılmış informasiya hay-küyünə qarışıb. Bunlar, həm Ukraynada baş verənlər, həm Jirinovskinin bəyanatları, həm də sosial şəbəkələrdə Qazaxıstandan şimal regionlarını almaq çağırışları edən iki qrupun peyda olmasıdır. Hər şey onu göstərmək üçün idi ki, Putin bu yolla Qazaxıstana xəbərdarlıq edir" - politoloq deyir.
Lakin Satpayevin fikrincə, hazırkı prezidentin hakimiyyəti şəraitində Rusiya ilə ciddi ixtilafların baş verə biləcəyi barədə düşünməyə dəyməz.
Nazarbayev bu yaxınlarda yenə də Avrasiya İqtisadi İttifaqını dəstəklədiyini bildirən bəyanatla çıxış edib, lakin əlavə edib ki, Qazaxıstan onun milli maraqlarına təhlükə yaranarsa, bu alyansı tərk edə bilər.
"Bizim üçün ciddi risk zonası hakimiyyətin ötürülməsidir. Hakimiyyətə Moskvanı çox da ciddi qəbul etməyən və təzyiqlərə boyun əyməyən yeni rəhbərlər də gələ bilər. Əlbəttə, bu halda belə bir risk var ki, Moskva Gürcüstanda və Ukraynada etdiklərini Qazaxıstanda da sınaqdan keçirsin" - deyə xəbərdarlıq edir Satpayev.
Qazax milli-vətənpərvərlərinin arasında da Nazarbayevdən əvvəl dövlətçiliyin nədən ibarət olduğuna dair vahid baxış yoxdur.
"Odur ki, onlar Qazaxıstanda dövlət başçısının bəyanatları da daxil olmaqla, bütün deyilənlərə az-çox dözümlə yanaşırlar" - deyir Satpayev. Lakin onlar Qazaxıstan tarixinə başqa qonşu ölkələrə, o cümlədən Ukraynaya qarşı təcavüzkar hərəkətlərdə günahlandırılan bir dövlətin başçısı tərəfindən müraciət olunmasını qəbul edə bilmirlər və Putinin Qazaxıstan tarixinə burun soxmasını istəmirlər.
"Belə bir sualı eşitmək təəccüblü idi" - Rusiya politoloqu Arkadi Dubnov deyir: "Lakin bununla belə, Putinin bu suala cavabına, onu Ukrayna hadisələri ilə bağlamadan baxmaq olmaz. Belə bir kontekst də nəzərə alınmalıdır ki, bu bəyanat Jirinovskinin çıxışından bir-iki gün sonra səslənib. Jirinovski bu çıxışında eyni mövzuda, lakin həmişə olduğu kimi son dərəcə sırtıq, bəlkə də həyasız şəkildə demək istəyib ki, "biz əvvəlcə Ukrayna ilə haqq-hesabı çürüdərik, sonra isə Qazaxıstanın rusdilli əhalisinin vəziyyətinə dair narahatlıqlara baxarıq".
Dubnov deyir ki, Qazaxıstana münasibət ona "pis polislə yaxşı polisin" əhvalatını xatırladır. Bu halda Jirinovski pis polis, Putin isə, əksinə yaxşı polisdir.
"Əvvəlcə Qazaxıstan elitasına xatırladırlar ki, bu elitanın taleyi ona Moskvadakı "böyük qardaş"ın münasibətindən tam asılıdır. Bu Jirinovskinin ifadəsidir. Daha sonra isə "böyük qardaş"ın özü - Putin deyir ki, "əşi yox e, hər şey qaydasındadır, amma o vaxta qədər ki, Nazarbayev hakimiyyətdə olacaq".
Dubnovun fikirincə, bu, həm Nazarbayevə, həm də qazax elitasına xəbərdarlıqdır ki, onların ölkəsində təhlükəsizlik yalnız hər şey bu gün Nazarbayevin hakimiyyətində olduğu kimi qalarsa, Rusiya və Qazaxıstan etibarlı strateji partnyor və müttəfiq olaraq qalarlarsa təmin oluna bilər:
"Putin Nazarbayevin işini davam etdirəcək qarantiyalı varis görmək istəyir" - Rusiya politoloqu deyir.
Qazaxıstanın rusdilli əhalisinin əksəriyyəti Nursultan Nazarbayevi dəstəkləyir. Onun hakimiyyəti rus dilindən millətlərarası ünsiyyət vasitəsi kimi istifadənin davam etməsini və bu dilin dövlət təsisatlarında qazax dili ilə yanaşı işlədilməsini təmin edib.
Qazaxıstan mətbuatı isə bildirib ki, Qazaxıstan parlamentinin sentyabrın 2-də öz işinə başlayan IV sessiyasının açılışında çıxışında ölkənin prezidenti Nursultan Nazarbayev deyib: "Ukrayna ətrafındakı hadisələrin gərginləşməsi beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq".
N.Nazarbayevin sözlərinə görə, dünyadakı geosiyasi risklər artır: "Dünyada ümumi daxili məhsulun haradasa 60 faizindən çoxunu istehsal edən dövlətlərin bir-birinə qarşı tətbiq etdiyi qarşılıqlı sanksiyalar isə dünyada artıq bərqərar olan iqtisadi münasibətləri kökündən dəyişməyə doğru aparır. Belə mürəkkəb şəraitdə Qazaxıstanın təhlükəsizliyini qorumaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Hökumət mənim tapşırığımla məhz bununla məşğuldur".
N.Nazarbayev ölkəsinin iqtisadiyyatı ilə bağlı çıxışında Qazaxıstanın təhlükəsizliyi məsələsinə xüsusi yer ayırıb. O, bunu Avropa Birliyi, ABŞ və Rusiyanın qarşılıqlı sanksiyaları ilə əlaqələndirib. Deyib ki, bu sanksiyalar və onların doğuracağı nəticələr Qazaxıstana mümkün neqativ təsirləri indidən bəlli olan təhlükə yaradır.
Ppolitoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikimət Hacızadə isə hesab edir ki, Rusiya Ukrayna ilə yanaşı, Avropaya da gücünü göstərir: "Putin Qərbə onu demək istəyir ki, mənim gücüm var, əgər əsəbiləşdirsəniz mən Kiyevi də qısa müddətə işğal edə bilərəm. Ancaq Rusiyanın qabağını kəsən bir nüans var. O da Qərbin tətbiq edəcəyi sanksiyalardır".
Hikmət Hacızadənin sözlərinə görə, Rusiya nə qədər hədə dolu bəyanatlar versə də, özü son dərəcə ehtiyatlı davranır: "Rusiyanın əl-qolunu Avropanın tətbiq edəcəyi sanksiyalar bağlayır. Yoxsa Rusiya çoxdan Kiyevə də hərbi müdaxilə etmişdi. Həm də Rusiya Ukraynaya tibbi yardım karvanı göndərməklə sülh missiyaçısı imicini yenidən bərpa etmək istəyirdi".