Ərdoğanın məşhur gedişi: AB dərhal Türkiyəni dəstəklədi... Dünya

Ərdoğanın məşhur gedişi: AB dərhal Türkiyəni dəstəklədi...

Əsəd qüvvələrinin İdlibə hücumları nəticəsində Türkiyə yeni miqrant axını ilə üz-üzədir. Türkiyə bu miqrantları ölkədə saxlamaq imkanında deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov İdlibdə 33 türk əsgərinin şəhid olması xəbərindən sonra Türkiyənin qaçqınların Avropaya gedişinə maneəni aradan qaldırmasını şərh edərkən deyib. O bildirib ki, artıq 100 mindən çox suriyalı miqrant Yunanıstan sərhədinə axın edib:
“Suriyalı miqrantlar mövzusu aktualdır və hər bir Avropa İttifaqı ölkəsinin yaxından izlədiyi məsələdir. Bu gün Türkiyədə 3 milyondan çox miqrant var. Avropa da bunu yaxşı bilir. Çoxları elə bilir ki, Türkiyə miqrantlardan ucuz işçi qüvvəsi kimi istifadə edir. Lakin vəziyyət heç də belə deyil. Suriyalı miqrantlar Türkiyə iqtisadiyyatına böyük yükdür. İdlibdə Türkiyənin başlatdığı “Bahar qalxanı” hərbi əməliyyatları ilk növbədə cənubdan gələn miqrant axınına mane olmaq məqsədi daşıyır.
Bu gün artıq Yunanıstan və Bolqarıstan başda olmaqla, digər ölkələr Türkiyəyə dəstək nümayiş etdirirlər. Səbəb isə aydındır. Türkiyənin bir neçə gündür miqrantlar üçün Avropaya sərhədi açması və 100 mindən artıq miqrantın Avropaya axın etməsi AB-ni ciddi iqtisadi risk altında qoyur. Bu, Avropa üçün böyük təhlükədir. Artıq Fransa və digər ölkələr də Türkiyəyə dəstək verib.
Hətta martın 5-i Türkiyə və Rusiya prezidentlərinin görüşünün baş tutmasında Almaniya və Fransanın təzyiqləri böyük rol oynayıb. Yəni miqrantlar üçün Avropaya qapıları açmaqla Ərdoğan Qərbin dəstəyini tam ala bildi. Əslində bu, bir daha onu göstərir ki, Qərb Türkiyənin sərhədləri açmasından çox qorxur və belə bir iqtisadi, sosial yükə hazır deyil”, - deyə o bildirib.