Putinin işğalçılıq siyasəti Qərb mətbuatında Dünya

Putinin işğalçılıq siyasəti Qərb mətbuatında

Qərb mətbuatı: "Ukraynanı cəzalandıran Rusiya Latviyada HATO ilə üz-üzə gəlməyə hazırlaşır"
"Bütün dünya görəcək ki, Putin NATO-nu ələ saldı və bu NATO deyilən təşkilat içi boş nağara kimi bir şeymiş"

Cavid

"Forbes" Rusiyanın yeni işğal planından yazıb. Jurnal yazır ki, Ukraynanın şərqində Rusiyanın yaratdığı separatçı rejimlərin oxşarı Latviyada da yaradıla bilər. Və belə bir ssenarinin həyata keçməsi 1949-cu ildə 12 dövlətin iştirakı ilə yaradılmış Şimali Atlantika Müqaviləsi Təşkilatına qarşı yönəlib. Ona görə də əminliklə demək olar ki, Qərb üçün Ukrayna böhranı İŞİD-dən daha dəhşətli nəticələr ortaya qoya bilər.
"Doğrudanmı ABŞ və Avropa elə zənn edir ki, zəifləyib əldən düşmüş Ukrayna Rusiya ilə ona sərf etməyən sülh müqaviləsi imzalasa, bununla da Putinin iştahası küsəcək və o, imperiyanı bərpa etmək fikrindən daşınacaq. Nə qədər məyusedici də olsa demək lazımdır ki, xanım Merkel və prezident Obama Ukraynanı Rusiya ilə sülh müqaviləsi bağlamağa təhrik edirlər. Halbuki həmin sülh müqaviləsi Ukraynanı əsrlər boyu təhdid edə bilər. Bu müqavilə Rusiyaya Ukraynanı həmişə müvazinətdən çıxarmaq imkanı verəcək. Nəticədə Ukrayna Avropa Birliyindən və NATO-dan kənarda qalacaq", jurnal yazır.
Jurnal qeyd edir ki, artıq belə bir versiya haqqında rusiyalı politoloqlar da müəyyən mülahizələr irəli sürüblər. Baltik ölkəsinə müdaxilənin arxasında isə Rusiyanın NATO-nu məhv etmək planı dayana bilər. NATO bir vaxtlar SSRİ-ni dağıtdı, hazırda isə Rusiyanı öz əhatəsində saxlayır. Əlbəttə, bu planda risk elementləri həddən ziyadə çoxdur, amma mükafat da çox böyük ola bilər.
Bəziləri hadisələrin belə bir ssenari əsasında inkişafına şübhə ilə yanaşır. Onların düşüncəsinə görə Putun buna cəzarət etməz: "Belələri 2008-ci ildə olmuş Gürcüstan hadisələrini xatırlasın, son olaylara nəzər salsın, ortada Krım məsələsi də var. Artıq Rusiya altı ildir ki, belə işlərlə məşğuldur. Ən önəmlisi isə odur ki, Rusiya başladığı bu kimi əməliyyatların heç birində məğlub olmayıb".
"Biz istəsək elə indidən baş verə biləcək hadisələrin gedişini planlaşdıra bilərik. Bu plana əsasən NATO sıradan çıxmalıdır. Bunun üçün isə tutaq ki, Latviya hədəfə alınır. Orada əhalinin dörddə biri etnik rusdur. Əslində bu müharibəni başlanmış da hesab etmək olar. Rusiya artıq xeyli müddətdir ki, Latviyada rusların hüquqlarının pozulması ilə bağlı təbliğat aparır. Rusiya prezidentinin təbliğat ruporu olan RTR kanalı Latviyanı ruslara qarşı diskriminasiyada ittiham edir".
Jurnalın şərhində deyilir ki, bu kimi təbliğat getdikcə daha da genişlənəcək. Sonra isə Rusiya kəşfiyyatına bağlı birliklərin agentləri Latviyanın rusların çoxluqda olan əyalətlərində üsyanlar təşkil edib yerli idarəçilik binalarını zəbt edəcəklər. Eyni vaxta Rusiya ilə Latviyanın sərhəddində "çoxdan planlaşdırılmış hərbi təlimlər"ə start veriləcək və Ukraynada olduğu kimi bu dəfə də Litvaya könüllülər göndəriləcək. Bununla da Latviya polisi və əsgərləri ilə atışmalar, getdikcə artan ölümlər...
Təbii ki, Latviya NATO-nün üzvü olduğundan təşkilatın nizamnaməsində olan 5-cü maddənin tətbiqini tələb edir. Belə olduqda NATO və ABŞ nə edəcək? Bu sualın cavabı bəlli deyil. Böyük ehtimalla NATO həmən hərəkətə keçməyəcək. Düşünəcəklər ki, bəlkə də ötüşdü.
Jurnal qeyd edir ki, belə bir məqamda prezident Putin yenidən "sülh təşəbbüsü" ilə çıxış edəcək: "Latviyada aranı qarışdırmaq təxminən Şotlandiyada referendum keçirmək kimi bir şeydir. Ancaq burada nəticələr tam əksinə hesablanıb. Bir də ki, balaca bir ölkədə baş verən xaotik vətəndaş müharibəsinə görə dünyanı ayağa qaldırmağa dəyməz ki. Heç həmin ölkəni xəritədə tapmaq da o qədər də asan deyil.
Nəticə nə ola bilər? Bütün dünya görəcək ki, Putin NATO-nu ələ saldı və bu NATO deyilən təşkilat içi boş nağara kimi bir şeymiş. Putin isə çardır. Kimi cəzalandırmaq lazımdır, kimə isə mükafat verilməlidir, bu kimi işlərə çar Putin baxır..."
Fransanın "Slate.fr" nəşrində dərc olunan "Pyotr Poroşenkonun ikiqat məğlubiyyəti" adlı məqalədə isə qeyd olunur ki, Vladimir Putin Ukraynanı Kiyevlə birgə idarə etmək istəyirdi və buna nail oldu: "Ukraynalılar müqavimət göstərə bimədilər. Avropalılar da çox gec dərk etdilər ki, Rusiya prezidenti əl çəkməyəcək".
Fransız nəşri hesab edir ki, fevral ayında hakimiyyət dəyişikliyinə gətirib çıxaran assosiasiya haqqında sazişin imzalanması Pyotr Poroşenko üçün görünən müvəffəqiyyət olsa da, bu yalnız qanlı müharibədən sonra mümkün oldu. Həşr müvəffəqiyyətin Ukrayna prezidentinə yalnız ikiqat - hərbi və siyasi planda məğlubiyyətdən sonra gəldiyini qeyd edib: "Sentyabrın 5-də Pyotr Poroşenko ürəkağrısı ilə rusmeyilli separatçıların irəli sürdüyü şərtlərlə razılaşmanı imzalamağa məcbur oldu. Hansı ki, bu şərtləri Rusiya prezidenti Vladimir Putin Monqolustan səfəri zamanı göstərmişdi. Poroşenkonun praktik olaraq seçimi qalmadı. Avqust ayında Ukrayna əsgərləri böyük müvəffəqiyyətlərə nail oldular. Separatçıların irəliləyişini saxlayan ordu onları iki hissəyə böldü. Bununla belə Rusiya hərbçilərinin qiyamçılara hərbi dəstəyindən sonra Ukrayna ordusu geri çəkilməyə məcbur edildi. "The Financial Times"in xüsusi müxbiri danışır ki, kiçik qarnizonun möhkəmləndirilməsi üçün gəlmiş Ukrayna ordusunun kiçik dəstəsi Rusiya qoşunlarının mühasirəsinə düşdü. Təslim olmaq barədə danışıqlara baxmayaraq, onlar tamamilə məhv edildi".
Separatçıların avqustun sonunda fərqləndirici nişanları olmayan çeçen muzdlular və Rusiya hərbçilərdən dəstək aldığını yazan müəllif Vladimir Putinin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya etdiyi xəbərdarlığı xatırladır: "Putin Avropa Komissiyasının prezidentinə bildirdi ki, əgər o istəsəydi, iki həftə ərzində Kiyevi alardı. Oxşar təhdid Putin tərəfindən Poroşenko ilə telefon söhbətində də səslənmişdi".
Qəzet yazır ki, döyüş meydanında məğlubiyyətdən sonra Ukrayna hakimiyyəti separatçılara siyasi güzəştlərə getməyə və Moskvanın tələblərinə uyğun planı təklif etməyə məcbur oldu: "Separatçıların ələ keçirdiyi ərazilər xüsusi statusu alacaq. Onlar üç il ərzində öz hüquq-mühafizə orqanlarını formalaşdırmaq, hakimləri və prokurorları təyin etmək, iqtisadiyyatı və büdcəni idarə etmək hüququnu alır. Rus dili Donbas hövzəsində birinci rəsmi dil olacaq. Xüsusi status həmçinin Rusiya ilə sıx əməkdaşlıq yaratmaq hüququ verir. Bu status federallaşmadan daha üstündür. Hansı ki, Poroşenko bu ilin iyun ayında əks-mərkəzləşmədən danışırdı. Ancaq müharibə öz sözünü dedi. İndi prezident faktiki olaraq Rusiyaya bu regionu idarə etmək, eyni zamanda Kiyev hökumətinə təzyiq etmək hüququ verdi. Vladimir Putin Pyotr Poroşenkoya zəng vurdu və bildirdi ki, əgər parlament xüsusi status haqqında qərar qəbul etməsə, Rusiya qoşunları Odessaya çatacaq və Ukrayna ərazisi üzrə Krıma quru dəhlizi yaradılacaq".
"Slate.fr" qeyd edir ki, Rusiyaya siyasi güzəştlər bununla da bitmir: "Avropa İttifaqı - Rusiya - Ukrayna üçtərəfli görüşdə assosiasiya haqqında razılaşmanın daha bir neçə ay təxirə salınması barədə qərar qəbul edildi".
Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Pyotr Poroşenkoya yazdığı məktub isə iki dövlət arasındakı münasibətlərin hələ xeyli müddət gərgin qalacağından xəbər verir. "Röyters" xəbər agentliyinin jurnalistləri Putinin 17 sentyabr tarixli məktubunu görüblər və ondan sitat gətirirlər. Məktubda faktiki hədələr var ki, Kiyev Avropa Birliyi (AB) ilə assosiasiya sazişini sürətləndirsə, Rusiya bazarı Ukrayna mallarının üzünə bağlana bilər. Putin yazıb ki, hətta yerli qanunvericiliyin həmin sazişə hazırlıq məqsədilə dəyişdirilməsi Moskvanın dərhal reaksiyasına səbəb olacaq.
"Yalnız Assosiasiya Sazişinə sistematik korrektələr, Rusiya-Ukrayna iqtisadi münasibətlərinin bütün spektrlərinin nəzərə alınması Rusiya-Ukrayna arasındakı hazırkı ticarət-iqtisadi əməkdaşlığı saxlamağa imkan verəcək", - deyə Putin yazıb.
Rusiyanın "Nezavisimaya qazeta" nəşri Moskvanın Avropa ilə azad ticarət aparacaq Ukraynanı 3 milyard avro "cəzalandıracağını" bildirib.
Qeyd edək ki, Ukrayna Rusiyaya polad məhsulları, kömür, kimyəvi preparatlar və taxıl ixrac edir. Tariflərin artırılması ildə 3 milyard avronun itirilməsinə gətirib çıxara bilər. Rusiya prezidentinin mətbuat katibi belə bir məktubun olması nə təsdiq, nə təkzib edib.
Sentyabrın 17-də Ukrayna Nazirlər kabineti AB ilə assosiasiya sazişinin həyata keçirilməsi üzrə tədbirlər planını təsdiqləyib. Məktuba istinadən "Röyters" bildirir ki, AB ilə razılaşmanın icra ediləcəyi halda Rusiya tərəfindən cavab ölçüləri özünü çox gözlətməyəcək. Cavab ölçülərinə gəlincə, söhbət Kiyev üçün Rusiya bazarının bağlanmasından gedir. Böyük Britaniyanın informasiya agentliyi Avropa diplomatlarının hesablamalarına istinadən vurğulayır ki, Ukrayna yüksək tariflərin tətbiqinə görə ildə 3 milyard avro itirə bilər. Brüsselin fikrincə, Moskva 2 mindən çox məhsulun Ukrayna və AB-nin müqaviləsindən çıxara bilər.
Bundan əvvəl isə Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna mallarına ticarət rüsumlarının tətbiqi haqqında qətnaməni imzalayıb. Ancaq bu qətnamə Kiyevin vaxtından əvvəl AB ilə azad ticarət zonası haqqında sazişi icra edəcəyi halda qüvvəyə minəcək.
Qış yaxınlaşdıqca Ukrayna Rusiya qazına alternativ axtarmaqda davam edir. Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib ki, Kiyev 1 milyon ton mazut ala bilər. Onun sözlərinə görə, mazutdan istifadə 1-1,5 milyard kubmetr qaz qənaət etməyə imkan verəcək.
Ukrayna həmçinin yanacaq kəsirini aradan qaldırmaq üçün kömürün idxalı ilə bağlı müqavilələri bağlayıb. İlin sonuna kimi Kiyevin 5,6 milyon ton kömür alacağı deyilir.
Ukraynanın enerjiyə qənaəti üzrə dövlət agentliyinin sədri Sergey Savçuk əmindir ki, ölkə ən yaxın 10 ildə qazın istehlakını iki dəfə azalda biləcək. Onun sözlərinə görə, 2025-ci ildə əhali üçün cəmi 8,5 milyard kubmetr mavi yanacaq kifayət edəcək. Bu arada Belorusa elektrik enerjisinin ixracı 50 faiz azalıb. Elektrik enerji sisteminin tarazlaşdırılması üçün Krıma da elektrik ixracının azaldığı bildirilir.