Yanukoviç “qeyb” olub Dünya

Yanukoviç “qeyb” olub

Onun Moskvaya sığındığı bildirilir

Cavid

Ukraynada vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Prezident seçkilərinə strat verilməsinə baxmayaraq "Maydan" hələ də çalxalanmaqdadır. Hakimiyyətdən gedən sabiq prezident Vitktor Yanukoviçin isə yeri hələ də bilinmir. Onun saxlanıldığı və yaxud da gizləndiyi yerlərlə bağlı yalnız ehtimallar irəli sürülür. Yerli medianın yazdığına görə, guya Yanukoviçi ələ keçirmək istəyən qüvvələrlə onun ətrafındakılar arasında atışma olub. Ukrayna parlamentinin deputatı Oleq Lyaşko öz Facebook səhifəsində yazıb ki, Viktor Yanukoviçi Rusiya hərbi gəmisində Ukraynadan çıxarmaq istəyirlər: "Yanukoviçi Rusiya Federasiyasının Qara dəniz donanmasının diniz piyadası briqadasının ərazisində görüblər". Daha öncə Facebookda məlumat yayılıb ki, Viktor Yanukoviç Yaltadan keçərək Sevastopola gedib.
Ukrayna mətbuatı isə etibarlı mənbələrinə istinadən yayıb ki, Yanukoviç Vladimir Putinlə Ukraynanın parçalanması üçün danışıqlar aparıb.
Mənbə 21 fevral tarixində Yanukoviçin həqiqətən Xarkova qaçdığını və burada böyük bir toplantı keçirdiyini bildirib. Görüşdə ölkənin şərq vilayətinin rəhbərləri və onu maliyyələşdirən oliqarx Renat Axmetov iştirak edib. Daha sonra toplantıda Vladimir Putinlə telefon bağlantısı yaradılıb. Yanukoviç ölkənin şərq vilayətlərinin ayrıca respublika elan edilməsini təklif etsə də, bu görüş iştirakçıları tərəfindən xoş qarşılanmayıb. Şərq vilayətlərinin bəzi rəhbərləri və Renat Axmetov bu tip müstəqillikdən imtina edib. Daha sonra tək qalan Yanukoviç Putinin dəvətiylə Moskvaya yollanmaq istəsə də, ona Donetskdə mane olublar. Bu zaman Yanukoviçin korteji Donetskdən cənuba naməlum istiqamətə yollanıb. Yanukoviçin Krıma getmə ehtimalının da az olmadığı bildirilir. Eks-prezidentin bura gəldikdən sonra birbaşa Rusiyaya getdiyi və hazırda Moskvada olduğu deyilir. Onun məhz burada özünün ölkədən qovulmuş prezident kimi qələmə verəcəyi qeyd edilir. Mənbə Yanukoviçin bu addımının Putinin bundan sonra oyuna girib-girməyəcəyi ilə əlaqəli olduğunu deyib. O, Putinin oyuna girəcəyi təqdirdə Ukraynada üç konflikt zonası yaradacağını bildirib. "Moskva birbaşa üç istiqamətdə konflikt zonaları təşkil edəcək. Bunlar Krım, Donbas və Dnesteryanı ilə sərhəd bölgələr olacaq. Bununla da ya Rusiya istədiyini yeridəcək, ya da ki Ukrayna bölünəcək".
Yanukoviçin müşaviri Anna Herman isə məlumat verib ki, Ukrayna Ali Radasının vəzifədən uzaqlaşdırdığı eks prezident Viktor Yanukoviç ölkə ərazisindədir, amma heç kimlə əlaqə yaratmır: "O Ukraynadadır. Mən bilirəm. Mənim həmişə onun harada olduğu haqda məlumat öyrənmək üsullarım olub. Baxmayaraq ki, məni hər zaman ona təsir etməkdən uzaqlaşdırmaq istəyirdilər?"
Bununla belə Anna, Yanukoviçin dəqiq yerini deməkdən imtina edib. "Onu mən axtarmıram, siz axtarırsız", - deyə qeyd edib. Anna bildirib ki, artıq bir neçə gündür ki, Yanukoviçlə şəxsən danışmayıb: "Bir neçə gün əvvəl Yanukoviç Xarkovda olarkən mən ona bəyanat göndərmişdim və oxumasını xahiş etmişdim. Amma Viktor başqa bəyanat seçdi. Təəssüf ki, mən yanında deyildim. Mən ona orda bəzi sözləri deməyə imkan verməzdim. Bundan sonra biz onunla danışmadıq".
Qeyd edək ki, hələ də Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin harada gizlənməsi haqqında dəqiq məlumat yoxdur.
Bu arada Rusiyanın baş naziri Dmitri Medvedyev Ukraynada cərəyan edən siyasi hadisələrə fonunda bu ölkə ilə əldə olunan kredit razılaşması ilə bağlı məsələyə münasibətində deyib ki, Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmalar tam şəkildə icra olunacaq. Lakin hələlik Ukraynada legitim dövlət formalaşmayıb və buna görə danışıq aparmağa qarşı tərəfdən heç kim yoxdur. Soçidə çıxışı zamanı Medvedyev qeyd edib ki, Ukraynada yeni hökumət formalaşmayanadək, bu barədə ciddi qərarlar qəbul oluna bilməz: "Biz qonşuyuq, yaxın millətlərik və bir-birimizin sözlərini qulaq ardına vurmaq düzgün olmazdı. Rəsmilərlə əldə olunan razılaşmalar mütləq icra olunacaq. Lakin hazırda Ukraynada hökumət yoxdur. İndiki siyasi aktyorların legitimliyi isə, böyük şübhə altındadır".
O, həmçinin ölkəsinin Ukraynadakı səfirinin geri çağrılması məsələsinə münasibət bildirib. Yerli mətbuata açıqlama verən Medvedyev qeyd edib ki, Ukraynada baş verən gərgin proseslər bu ölkədəki rusların təhlükəsizliyini təhdid edir. Baş nazir səfirin Ukraynada baş verən proseslər barədə məlumatın alınması üçün geri çağrıldığını deyib: "Kreml Ukraynada baş verənlərdən məlumatsızdır. Səfirlikdə çalışan diplomat və Ukraynadakı digər rusların həyatı təhlükə altında ola bilər. Hazırda Ukrayna ilə əlaqəmiz tamam kəsilib. Bu ölkədə bizə məlumat verən heç kəs qalmayıb. Ukraynadakı hökumət orqanlarında baş verən dəyişikliklər bizdə şübhələr yaratdı. Bir çox xarici ölkələrin yeni hökuməti tanıması bu günədək Ukraynada baş verən hadisələrə əsl cavab oldu".
Ukrayanada baş verən siyasi hadisələrlə əlaqədar rəsmi Brüsseldən də reaskiya gəlib. Avropa Şurasının prezidenti Herman Van Rompöy Ukrayna xalqının azad yaşamaq istəyini və bunun üçün göstərdiyi iradəni alqışladığını bildirib: "Biz bu çətin dövrdə Ukraynaya dəstək olmağa və əməkdaşlıq müqaviləsi imzalamağa hazırıq. Biz bu ölkədə baş verən hadisələri yaxından izləyirik".
Ukraynada daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov isə bir neçə generalın aksiyalar zamanı vəzifə səlahiyyətlərini aşması faktı üzrə xidməti araşdırma təyin edib. Bu haqda idarənin saytında məlumat yerləşdirilib: "Ukraynanın bir sıra regionlarında Daxili İşlər Nazirliyinə tabe olan idarələrin rəhbərlərinin çıxaran xidməti vəziyyətlərindən sui-istifadə edərək, səlahiyyətlərini aşması ilə insanların dinc toplaşma hüquqlarının həyata keçirilməsinə mane olan, onların sağlamlığına və həyatına qəsd etməfaktı üzrə xidməti araşdırma başladılması əmri verilib".
Təhqiqatı DİN-nin 29 nəfərdən ibarət xüsusi komissiya həyata keçirəcək. Təhqiqatın gedişatını Avakov şəxsən nəzarəti altına götürüb.
Amma etirazçıların qəzəbi hələ soyumadığından Yanukoviçi dəstəkləyən qüvvələri hədəfdə saxlayırlar. Belə ki, Ukraynada "Kommunist" partiyasının lideri Pyotr Simonenkonun evi naməlum şəxslər tərəfindən yandırılıb. Daha sonra geniş ictimaiyyət əvvəl Yanukoviçin və baş prokuror Viktor Pşonkanın şəhər kənarında atılmış iqamətgahında olub və möhtəşəm evlərin şəkillərini çəkərək internete yerləşdirib.