AİB Gürcüstana 200 mln. dollarlıq krediti təsdiq edib Dünya

AİB Gürcüstana 200 mln. dollarlıq krediti təsdiq edib

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın dövlət maliyyə idarəetməsi və sosial müdafiə sistemlərindəki əsas problemləri həll etmək yolu ilə COVID-19 pandemiyasından təsirlənən iqtisadiyyatının bərpasını dəstəkləmək məqsədilə ölkə hökumətinə 200 mln. ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.

Məlumata görə, AİB-in Gürcüstandakı Maliyyə Dayanıqlığı və Sosial Müdafiəyə Dəstək Proqramı çərçivəsində təsdiqlənən kredit pandemiyanın sosial və iqtisadi təsirlərinin yumşaldılmasına yönəldiləcək.

"Hazırda Gürcüstanın səhiyyə sisteminin reaksiyası və cavab tədbirləri COVID-19-un yayılmasının qarşısının alınmasında ümumiyyətlə effektiv olsa da, pandemiya turizmin və birbaşa xarici investisiyaların azalması ilə iqtisadiyyata əhəmiyyətli dərəcədə mənfi təsir göstərib", - AİB-in açıqlamasında deyilir.

Qeyd edək ki, sözügedən kredit may ayında bank tərəfindən ölkəyə təsdiqlənən 100 mln. dollarlıq kredit xəttini tamamlayır. Mayda təsdiqlənən kredit xətti dövlətin sosial yardım tədbirlərini maliyyələşdirməyə və böhrana daha həssas olan əhaliyə dəstəyə yönəlmişdi. Bura pandemiya nəticəsində işlərini itirə biləcək 350 minə qədər dövlət işçisi üçün müvəqqəti ödənişlər, 250 minədək özəl və ya özünə işləyən işçilər üçün birdəfəlik ödəmələr, 1,2 mln. ailə üçün kommunal xidmətlər üçün subsidiya və altıaylıq 9 əsas ərzaq məhsulunun qiymətinin dondurulması daxil idi.