Rusiya Krımda güclənir Dünya

Rusiya Krımda güclənir

Cavid

Rusiya hökuməti Krımda hərbi gücünü artırır. Ötən gün ölkənin Hərbi Hava Qüvvələri Krıma 14 ədəd döyüş qırıcıları göndərib. Qırıclar Belbek aviabazasına yerləşdirilib. Rəsmi Moskva bildirib ki, bu tədbir yarımadada Rusiyanın təhlükəsizlik maraqlarını təmin etmək üçün vacib olub.
NATO-nun Avropadakı baş komandiri general Filip Bridlav məsələyə dair münasibətində qeyd edib ki, Rusiyanın Ukraynada işğallar həyata keçirmək üçün bu ölkə sərhədlərində kifayət qədər qoşunlar var. Bridlav Rusiyanın Ukraynada siyasi proseslərə təsir etmək məqsədilə hərbi gücünüdən istifadə etdiyini bildirib: "Dəqiq rəqəmlər barədə bir şey deyə bilmərik, lakin fakt budur ki, lazım gələrsə, Rusiya Ukraynaya qoşun yeridə bilər. Ukraynanın daxilində hələ də rusiyayönümlü separatçılara dəstək olan, onlara kömək edən rusların olduğunu müşahidə edirik. Regionda əsas narahatçılıqlardan biri odur ki, Rusiya separatçıların Ukraynaya rahat giriş-çıxış edə bilməsi, pul və silah-sursatın daşınması üçün geniş imkanlar yaradıb, sərhədləri açıq saxlayır"
Rəsmi Kiyev bir qədər əvvəl Rusiya tərəfdən Ukraynanın Donetsk və Luqansk vilayətində separatçılara yardım məqsədilə növbəti hərbi karvanın keçdiyini məruzə etmişdi.
Sözügedən vilayətlərdən döyüş xəbərləri də gəlib. Ukrayna müdafiə nazirliyi Donetskdə gedən atışmalar zamanı azı 2 hərbiçisinin öldüyünü, 2 nəfərin ağır yaralandığını bildirib.
Bu arada "İnsider" nəşri şəxsi mənbələrə istinadən bildirir ki, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov Ukrayna Prezident Administrasiyasında olarkən Rusiya və Ukrayna prezidentləri arasındakı telefon söhbətlərindən birinin şahidi olub.
"Pyotr Poroşenkonun Bloku" (BPP) fraksiyasının iclasının tamamlanmasını gözləyən jurnalistlər də Prezident Administrasiyasından Rusiya səfiri Mixail Zurabovun çıxmasının şahidi olublar. Mənbə "İnsider"ə bildirib ki, səfirin iştirakı ilə Ukrayna prezidentinin Putinlə ağır danışıqları olub. Mənbənin sözlərinə görə, prezidentlərin söhbəti saat yarım davam edib. Poroşenko fraksiyanın iclasına narazı halda gəlib.

"Rusiya ilə problem var. Onlar hücuma başlayacağı barədə hədələyirlər və separatçı respublikaların tanınmasını, həmçinin NATO-dan və Avropa Birliyindən imtinanı tələb edirlər", - nəşrin mənbəyi deyb.

Xatırladaq ki, bu, Rusiya prezidentinin Ukraynaya hərbi müdaxilə ilə bağlı ilk hədəsi deyil. Putin avqustun sonunda da onu Ukraynaya müdaxilədə ittiham edən Avropa liderlərini sərt tonda hədələmişdi.
Bu barədə isə İtaliyanın "La Repubblica" qəzeti Avropa Birliyi liderlərinin toplantısında gedən müzakirələrə istinadən yazmışdı. Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb: "Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib".

Qəzetin yazdığına görə bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: "Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm".
Putinin Barroso ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini "Financial Times" qəzetinə Avropa Birliyindəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib. Mənbə deyib ki, Putin Barrozoya belə deyib: "Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim Kiyevi iki həftəyə alardım". Ukrayna mediasının yazdığına görə, Ukrayna prezidenti Poroşenko NATO-nun Avropadakı qoşunlarının baş komandanı, amerikalı general Filipp Bridlavla görüşündə ABŞ ilə hərbi əməkdaşlığın aktivləşməsinə ehtiyac duyduqlarını bildirib.
Poroşenkonun sözlərinə görə, ötən yeddi ay ərzində Ukrayna ordusunu praktik olaraq yenidən qurmaq mümkün olub. O, ordunun hazırda güclü ruh və yüksək vətənpərvərliyə malik olduğunu deyib.
Qeyd edək ki, ABŞ Ukraynaya 20 radar sisteminin çatdırılmasına başlayıb. Bu Ukraynaya çatdırılacaq eyni sistemlərin birinci partiyasıdır. Radar sistemləri ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollar yardım çərçivəsində bu ölkəyə çatdırılacaq.
Xatırladaq ki, ötən həftə ABŞ Konqresinə Ukraynaya hərbi yardım haqqında qanun layihəsi təqdim edilib. Qanun layihəsi qəbul ediləcəyi halda Ukrayna tank əleyhinə və hava hücumuna qarşı silahlar ala biləcək. "H.R 5315" saylı qanun layihəsinin müəllifi Respublikaçılar Partiyasından olan senator Maykl Berdjesdir. Konqresdə dinləmələrdə çıxış edən senator bildirib ki, Ukraynada vəziyyətin çətin olmasına baxmayaraq, parlament seçkiləri ukraynalıların gələcəyinin Qərblə bağlı olduğunu nümayiş etdirdi.
Sözügedən qanun layihəsindən başqa hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:
1.H.R. 5190. "Ukraynanın təhlükəsizliyinin təmin olunmasında kömək haqqında" qanun layihəsi "separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək", eyni zamanda "Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazım dəstək" verilməsini nəzərdə tutur.
2. S.2828. "Ukraynada azadlığın dəstəyi haqqında" qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.
O da bildirilir ki, separatçıların nəzarət etdiyi Ukraynanın şərq regionlarında hazırda 7,5 min Rusiya hərbi qulluqçusu var.
"Unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədrinin köməkçisi Markiyan Lubkivski bildirib.
O, həmçinin qeyd etdi ki, Kiyev Ukrayna ərazisində, o cümlədən Donbas hövzəsi və Krımda Rusiyanın hərbi düşərgələrinin yerləşdiyi yerləri haqqında kifayət qədər informasiyaya malikdir.
Qeyri-rəsmi məlumatlar isə daha qorxuducudur. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk bir müddət əvvəl bildirib ki, Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırılıb.
Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edib ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.