“Putinin səfəri Ankara üçün faydalıdır” Dünya

“Putinin səfəri Ankara üçün faydalıdır”

Elman Nəsirov: "Rusiya-Türkiyə münasibətlərinin inkişafı Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir göstərə bilər"

Vəfa Quluzadə: "Putinin Türkiyə səfəri siyasi müstəvidə heç bir irəliləyişə səbəb olmayıb"

Rusiya prezidenti Vladimir Putin Türkiyə səfəri zamanı 8 saatlıq görüşlər keçirib.
Diqqəti çəkən məqamlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Avropaya qaz çıxaracaq "Cənub Axını" layihəsini dayandırdıqlarını açıqlamalarıdır. 63 milyard kubmetr qaz daşıyacağı planlaşdırılan boru xəttinin hazırkı vəziyyətdə reallaşdırılmayacağı bildirilib:
"Bolqarıstandan icazə almadan Qara dənizin altından inşaat işlərinə başlamaq düzgün deyil. Deməli, bunu reallaşdırmaq olmayacaq. Baş tutacağı təqdirdə Bolqarıstan illik 400 milyon gəlir əldə edə bilərdi". Putinin açıqlamasına görə, bunun əvəzinə Türkiyəyə başqa bir boru xətti çəkiləcək. Bu xətt Türkiyə-Yunanıstan sərhədinin Türkiyə hissəsində qurulacaq qaz terminalına çəkiləcək.
Rusiya prezidenti vurğulayıb ki, Türkiyənin tələb edəcəyi təqdirdə 2015-ci il yanvarın 1-dən etibarən bu ölkəyə verilən təbii qazın qiymətinə 6% endirim edəcəklər.
Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan Yüksək səviyyəli əməkdaşlıq şurasının 5-ci toplantısının ardınca mətbuat konfransı keçiriblər. Konfrans zamanı Putin Almaniyadan sonra Türkiyənin Rusiyanın ikinci böyük ticarət partnyoru olduğunu bildirirək, "Ticarətin həcmi günbəgün artır, bununla bağlı nazirliklər ticarətin daha da artırılması üçün lazımi işləri görəcəklər. Bu il 4 milyon rus turist Türkiyəyə gəlib, 2016-cı ilin də "turizm ili" olmasını planlaşdırırıq" - deyə bildirib. Bundan başqa Rusiya prezidenti Türkiyəyə veriləcək qazın qiymətini də ucuzlaşdıracaqlarını bildirib: "Türk partnyorlarımızla olan enerji əməkdaşlığı ilə bağlı 2015-ci ilin yanvar ayının 1-dən maye qazın qiymətində 6% endirim edəcəyik".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Rusiya prezidentinin Türkiyəyə səfərini şərh edərkən deyib ki, səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu səfər çərçivəsində on sənəd imzalanıb ki, bu sənədlər nəticə etibarı ilə iki dövlətin münasibətlərini daha da yüksək səviyyəyə qaldırır: "Artıq Türkiyə və Rusiya ikitərəfli münasibətlərdəki ticarət-iqtisadi əlaqələrin səviyyəsini 38 milyarddan 100 milyard dollara qədər yüksəltməklə bağlı əldə edilmiş razılaşmanın daha da yüksəldilməsinə qərar veriblər. Eyni zamanda Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının daha da artırılması nəzərdə tutulur. Məlumdur ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən kənd təsərrüfatı məhsullarının alınmasına qadağa qoyub. Belə bir vəziyyətdə Türkiyə keçən il 1.3 milyard dollarlıq kənd təsərrüfatı məhsullarını Rusiyaya satırdısa, 2015-ci ildən bu rəqəmin iki dəfə artırmaqla bağlı razılaşma əldə olunub. Bundan başqa iki dövlət arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Belə ki, 2016-cı ildə hər iki ölkədə turizm ilinin keçirilməsi planlaşdırılır. Eyni zamanda Atom enerjisi ilə bağlı əməkdaşlıq sahəsində Rusiya Türkiyəyə 20 milyard dollarlıq investisiya yatırır. Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı 2010-cu ildə əldə olunan razılaşmaya əsasən 2016-cı ilin yazında Türkiyədə həmin AES fəaliyyətə başlayacaq. Xatırladım ki, ikinci belə bir AES-i Türkiyə üçün Yaponiya tikir. Üçüncünü isə Türkiyənin özü tikəcək. Bu məqsədlə 200-ə qədər türk mütəxəssisin Rusiyada təhsil alması razılaşdırılıb. Türkiyənin qaza olan tələbatının 65 faizini Rusiya ödəyir. Nəzərə alsaq ki, 2013-cü ildə Türkiyə Rusiya ilə qazın al və ver prinsipi ilə alışının dayandırılması ilə bağlı razılaşma əldə edib. Yəni, alınan qazın dərhal pulunun verilməsi prinsipi ləğv edilib. Bu da Türkiyə üçün daha sərfəli variantdır". Politoloq xatırladıb ki, iki ölkə arasında Krım, Ukrayna böhranı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur: "Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı bu ölkənin ərazisi kimi qəbul edir. Eyni zamanda Krımdakı tatarların taleyi ilə bağlı məsələlərdə Türkiyə və Rusiya arasında fikir ayrılıqları mövcuddur. Bunlarla yanaşı Suriya böhranı, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması kimi məsələlərdə rəsmi Ankara və Moskva müxtəlif mövqelərdən çıxış edirlər. Bütövlükdə isə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul edirlər. Türkiyə Qərbin müttəfiqi olsa da belə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu hadisənin özü də Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi üçün münbit şərait təmin edir. Hər iki dövlətin hazırkı vəziyyətdə düşdükləri şərait onların yaxınlaşmasını təmin edir. Məlumdur ki, Rusiya çox ciddi maliyyə sanksiyalarına tuş gəlib. Türkiyəyə isə qondarma erməni soyqırımı ilə bağlı təzyiqlər güclənib. Xüsusilə də Roma Papası Fransiskin Türkiyə səfəri zamanı Ermənistanla sərhədlərin açılmasının vacibliyi ilə bağlı bəyanatı bunu bir daha təsdiqləyir. Yəni, Türkiyəyə qarşı siyasi təzyiqlərə dini təzyiqlər də əlavə olunur. Belə vəziyyətdə Moskva və Ankara münasibətlərinin inkişaf tendensiyası diqqəti cəlb edir".
"Heç şübhəsiz ki, bu iki dövlətin münasibətləri yaxşılaşdıqca, Cənubi Qafqaz regionundakı problemlərin həllinə, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirsiz qala bilməz. Çünki, Ermənistanın özündə bir çox siyasi dairələr böyük narahatlıq hissi keçirirlər ki, onların müttəfiq hesab etdikləri Rusiya ilə düşmən hesab etdikləri Türkiyənin münasibətləri daha da inkişaf edir. Bu gün bir çox erməni ekspertləri bu yaxınlaşmadan narahatdır və həyəcan təbili çalırlar. Onların fikirlərinə görə, hadisələrin bu inkişafı elə bir nəticəyə çıxaracaq ki, Rusiya Türkiyənin xahişini yerinə yetirəcək. Yəni, Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə loyal münasibət bəsləyə bilər" - deyə, Elman Nəsirov bildirib.
Elman Nəsirov hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin inkişafı prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir göstərə bilər.
Politoloq Vəfa Quluzadə isə deyib ki, Kremlin son güvənc yeri sayılan mavi yanacağın da dünya bazarında qiymətdən düşdüyü gec-tez müşahidə olunacaq. Politoloqun sözlərinə görə, Kreml rəhbərinin bu gəlişi daha çox Türkiyəyə sərf edəcək: "Rusiyanın Avropa ilə əməkdaşlığı kəsiləndən sonra Putinin Ankara səfəri labüdləşdi. Sözsüz ki, Türkiyə Qərbin yerini verə bilməz. Birincisi, qardaş ölkənin ixrac edəcəyi mallar Avropanın mallarından həm kəmiyyət, həm də keyfiyyət baxımından geri qalır. İkincisi, neftin və qazın qiymətinin düşdüyü halda rus fəhləsinin, sadə vətəndaşların türk mallarını almağa imkanı da olmayacaq. Onlar Türkiyədən gələcək əti, toyuğu, balığı, meyvə və tərəvəzi hansı pulla alacaq? Məhz buna əsaslanaraq deyə bilərəm ki, Rusiyanın böhranı olduqca dərindir".
Vəfa Quluzadə Putinin Türkiyə səfərinin siyasi müstəvidə heç bir irəliləyiş əldə olunmadığını qeyd edib. O, bu gəlişin daha çox iqtisadi-ticari mahiyyət daşıdığını vurğulayıb: "Putin qazın indiki dəyərindən qat-qat aşağı düşəcəyini yaxşı anlayır. Ona görə də Qərbi qabaqlayaraq Türkiyəyə satdığı qazı 6% ucuz vermək qərarına gəlib. Artıq bu razılıq əldə olunub. Bu Ankara üçün faydalıdır. Amma Türkiyə Rusiyanın problemlərini həll etmək iqtidarında deyil. Uzaqbaşı Putin qardaş ölkə vasitəsilə bunu yüngülləşdirə bilər. Böhrandan çıxmağa isə nail ola bilməyəcək. Ərdoğanın sualını cavablandırarkən Putin Krım tatarlarından da danışıb. O tatarların hüquqlarını əvvəlkindən də artıq edəcəyinə söz verib. Bilirsinizmi, biz artıq o vəziyyətdə olmuşuq. Sovet ordusu Azərbaycanı işğal edəndə də bu cür bəyanatlar verib. O zaman da onlar deyirdilər ki, dünyanın ən yaxşı demokratiyası kommunizm və sosializmdir. Biz onun "dadını" görmüşük. Düşünmək olmaz ki, Ərdoğan Krım tatarlarının məsələsini həll edib. Hətta Putin protokol razılaşması zamanı da Qarabağ məsələsinin gündəmə gəlməsinə də imkan verməyib. Yəni Qarabağ məsələsi orada ümumiyyətlə, müzakirə olunmayıb. Amma mən gözləyirdim ki, Ərdoğan Türkiyənin vəziyyətini nəzərə alaraq Qarabağ məsələsini də Putinə "sırıya biləcək". Təəssüf ki, bu olmadı. Çünki işğal faktorunun qalması Rusiya üçün çox önəmlidir. Bir daha bildirirəm ki, 1 dekabr səfəri sırf iqtisadi-siyasi maraqları əhatə edirdi. Siyasi müzakirələrin heç birində irəliləyiş olmayıb. Nə Suriya, nə Krım, nə də ki, Qarabağ məsələsində heç bir yeniliklə yadda qalmadı".
Bəs "Cənub Axını"nın ləğv edilməsinin Azərbaycana hansısa təsiri varmı?
İqtisadçı İlham Şabanov bildirib ki, "Cənub axını" qaz layihəsinin dayandırılması Türkiyə ilə qonşu ölkənin istəyidir. Bunun Azərbaycanın reallaşdırdığı layihə ilə paralel bir layihə və TANAP-a nə müsbət, nə də mənfi bir təsiri var: "Çünki bizim alqı-satqı müqaviləmiz və real alıcılarımız var. Digər tərəfdən Rusiya niyə Türkiyə üzərindən belə layihəyə gedir? Çünki onun "Cənub Axını" layihəsinə Avropa "yox" deyir. Bunun nəticəsində Rusiya çıxılmaz vəziyyətdə qalıb, ona görə ki, bu layihəyə 4 milyard dollardan çox vəsait xərcləyib. Bolqarıstandan icazəni ala bilmədilər, nəticədə həmin xətti Türkiyə üzərinə yönəldib Yunanıstana çıxış əldə etməki istəyirlər. Onsuz da o boru xəttinin bir qolu Yunanıstana getməli və oradan da Avropa Birliyi üzvü olmayan Serbiya və digər Balkan ölkələrinə getməli idi. Bu baxımdan bu layihənin dayandırılmasının Azərbaycana heç bir təsiri yoxdur".

Əli