Fransada məscidlərə hücum başladı Dünya

Fransada məscidlərə hücum başladı

Parisdə "Charlie Hebdo" satirik jurnalının ofisinə edilən qanlı hücumdan sonra Fransada bir neçə məscidə hücum təşkil olunub.
Bu barədə "Frans Press" agentliyi istinadən xəbər verir.
Fransa Prokurorluğunun məlumatına görə, son 24 saat ərzində naməlum şəxslər ölkədəki ən azı üç məscidə hücum təşkil edib. Ümumilikdə hücumlar nəticəsində zərərçəkən olmayıb.
Fransanın qərbində yerləşən Le-Man şəhərində məscidin həyətinə dörd qumbara atılıb. "Le Maine Libre" qəzeti yazıb ki, qumbaralardan biri partlayıb, ancaq heç kim zərər çəkməyib. Bundan başqa, məscidin pəncərəsində güllə deşiyi aşkarlanıb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Yerli jurnalist Villi Kolin isə məscidin içərisinə üç qumbaranın düşdüyünü yazıb.
Ölkənin cənubundakı Por-la-Nuvel şəhərində isə naməlum şəxslər məsciddəki namaz zalına atəş açıblar. Xoşbəxtlikdən, atəş zamanı zalda heç kim olmayıb.
Bundan əlavə, bu gün səhər ölkənin şərqindəki Vilfranş-sür-Son şəhərində də məscid yaxınlığındakı kafe partladılıb. Bu hadisənin də müsəlmanlara qarşı hücumların bir hissəsi olduğu istisna edilmir.
Bundan başqa ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.