Krım referendum ərəfəsində Dünya

Krım referendum ərəfəsində

Moskva imperialist siyasətini referendum vasitəsilə həyata keçirmək niyyətindədir

Cavid

"Krım türkləri muxtar respublika daxilində cərəyan edən hadisələrin ortasında qalıb". Tatar Milli Məclisinin üzvü Əbdürrəhman Egiz ötən gün ölkədəki vəziyyəti şərh edərkən bu cür açıqlama verib. Parlament nümayəndəsi qeyd edib ki, muxtar respublika daxilində yaşananlar beynəlxalq bir problemdir və bu problemin sülh yolu ilə həllində hər kəs maraqlı olmalıdır. Egiz vəziyyətlə əlaqədar narahatlığını gizlətməyib və problem daha da dərinləşəcəyi təqdirdə bundan türklərin də əziyyət çəkəcəyini bildirib: "Rus əsgərləri istənilən halda Krımı işğal edib. Krım hazırda işğal altındadır. Biz Krım tatarları olaraq sıxıntılı günlər yaşayırıq. Çünki hər an bir təxribat ola bilər. Buna görə də, birgə yaşadığımız qəsəbə və kəndləri gecələr özümüz qorumaq məcburiyyətindəyik. Bu məqsədlə beynəlxalq dəstəyə ehtiyacımız var".
Əbdürrəhman Egiz, eyni zamanda, 30 martda respublikanın gələcəyi ilə bağlı keçiriləcək referenduma münasibət bildirərək hazırkı hökumətin qərarlarını tanımadıqlarını qeyd edib: "Çünki hazırkı hökumət qapalı və terroristlərin olduğu bir parlamentdə seçilib və mediyaya giriş qadağan edilmişdi. Bu şəkildə qəbul olunan qərarlar, hökumətin təyin olunması və referendum qərarı doğru deyil. Ona görə də, belə bir qərarı tanımırıq".
Egiz əlavə olaraq qeyd edib ki, Krım tatarları Ukraynanın bölünməsinə qarşıdır və hazırkı vəziyyətdə rus ordusu daha güclü olduğu üçün ona qarşı hərbi müqavimət göstərmək mənasıdır.
Rusiya prezidenti Vladimir Putin və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan telefonla söhbət edərək Krımda dinlərarası və millətlərarası sülhün təmin ediləcəyinə ümid etdiklərini bildiriblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Hər iki tərəf əminliklə bildirib ki, "Maydan"ın radikal və ekstremist qüvvələrinin aqressiv əməllərinə baxmayaraq, Krımda millətlərarası və dinlərarası sülh və sabitliyi qorumaq mümkün olacaq", - deyə məlumatda bildirilir. Putin və Ərdoğan bir-birlərini əmin ediblər ki, məsələ ilə bağlı müxtəlif səviyyələrdə münasibətlərin dəstəklənməsini təmin edəcəklər.
Qeyd edək ki, fevralın sonunda Ali Rada tərəfindən Ukrayna prezidenti Viktor Yanukoviçin səlahiyyətlərinin əlindən alınmasından sonra Krımın yeni rəhbərliyi ilə Kiyevin münasibətləri kəsilib, Muxtar Respublikada Rusiyaya meylli qüvvələr hakimiyyətə gəlib. Eyni zamanda yarımadaya qeyri-rəsmi şəkildə Rusiya qoşunları yeridilib.
Krım rəhbərliyi isə Rusiya Dövlət Duması ilə danışıqların aparılması üçün bu həftə Moskvaya səfər edəcək. "RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Muxtar Respublikanın Ali Şurasının spikeri Vladimir Konstantinov deyib.
"Dörd nəfərdən ibarət nümayəndə heyəti formalaşdırılıb. Martın 6-da Moskvaya yola düşəcəyik, martın 7-də isə həmkarlarımızla danışıqlar aparacağıq. Bütün məsələləri müzakirə etmək niyyətindəyik - dərman, ərzaq təminatı, humanitar məsələlər, maliyyə yardımı", deyə Konstantinov bildirib.
Onun sözlərinə görə, həmçinin Krımın turizm sahəsinin fəaliyyəti müzakirə olunacaq.
O həmçinin bildirib ki, Krımın statusu ilə bağlı referendum təxirə salınmayaraq martın 30-da keçirəcək.
Bu barədə Muxtar Respublikanın parlamentinin spikeri Vladimir Konstantinov deyib.
"Referendumun tarixi dəyişdirilməyəcək. Hamı razıdır ki, referendumun vaxtını qabağa çəkmək təşkilati problemlərə görə çox təhlükəlidir", deyə Konstantinov bildirib.
O əlavə edib ki, referendumun hazırlığı ilə bağlı təşkilati məsələlərinin həlli üçün Ali Şuranın azı iki iclası keçirilməlidir.
Qeyd edək ki, Krım rəhbərliyi artıq Ukrayna hakimiyyətinin əmrlərini yerinə yetirmir. Ukrayna hakimiyyəti isə Krımın yeni baş naziri Serqey Aksyonovun bütün qərarlarının qanunsuz hesab edildiyini bəyan edib.
O da bildirilir ki, Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Ukrayna Ali Radasının nümayəndələri ilə danışıqdan imtina etdi.
"İTAR-TASS"ın verdiyi məlumata görə, bunu muxtar respublikanın Nazirlər Kabinetinin sədri Serqey Aksyonov deyib.
S.Aksyonov bildirib ki, danışıqlardan imtinaya səbəb rəsmi Kiyevin hazırkı Krım rəhbərliyinin legitimliyini qəbul etməməsi ilə bağlıdır.
Ali Radadan isə bildirilib ki, Krım hökuməti ilə birgə monitorinq qrupunun yaradılmasına dair ilkin razılıq əldə olunub.
Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviç istefaya göndərildikdən sonra Krım Muxtar Respublikasında çoxluq təşkil edən ruslar yeni hakimiyyətə etiraz edərək, onların legitimliyini tanımayıblar.
Krım parlamentinin növbədənkənar sessiyasında isə "Ruskoye edinstvo" təşkilatının sədri Serqey Asyonov muxtar respublikanın Nazirlər Kabinetinin sədri seçilib. Bundan sonra Krımın öz müqəddəratının təyin olunması adı altında referendumun keçirilməsi ilə bağlı qərar qəbul olundu.
Yarımadanın yeni hökuməti Krımın Ukraynanın tərkibindən çıxması məqsədilə rəsmi Moskva ilə separat danışıqlara başlayıb. Hazırda yarmadanın həyati əhəmiyyətli obyektləri Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir.
Digər bir məlumata görə isə Krımda hərbi xidmət üçün müraciət edənlər yoxa çıxır.
Bu barədə Krım sakinləri sosial şəbəkədə şərhlər yazırlar. Onları bildirir ki, artıq hərbi xidmət üçün Ukrayna ordusuna müraciət edənlərin həyatı təhlükə altındadır. Onlara müxtəlif vasitələrlə təzyiq edilir, hətta bəzi vətəndaşlar oğurlanaraq yoxa çıxarılır.
Krım parlamentinin tatar deputatları isə belə addımın atılmasında əsas məqsədin xalq arasında qorxunu yaymaqdan ibarət olduğunu bildiriblər. Sakinlər göstərişin birbaşa Krım hakimiyyətindən gəldiyindən narahatdırlar.
Tatarlar sosial şəbəkədə provokasiyaya uymamaqla bağlı çağırışlar paylaşırlar: "Son günlər ukraynalılar xüsusilə tatarları provokasiyaya çəkmək istəyirlər. Refat Çubarovun çıxışından sonra heç bir tatar provokasiyaya cəlb olunmamağa çalışır. Başqa bir variant qalmadıqda isə rəhbərlik muxtariyyətin əleyhinə çıxanlar üçün yeni layihə hazırladı. Layihə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyənləri orduya yazılmasının qarşısını almaq və müxtəlif insanlara xəsarət verməklə, onları qəzəbləndirib provokasiyaya cəlb etməkdir. Hər şey çox sadədir. Biz qəzəblənək, hakimiyyətin üstünə qalxaq, Putin də rusları qorumaq adıyla ordunu qanuni şəkildə bura yeritsin. Aksyonov çox hiyləgərdir. Əmri yerinə yetirmək üçün rus kəşfiyyatının nümayəndələrindən belə istifadə edir. Əgər səbirli olsaq, onlarda heç bir şey alınmayacaq".
Sual yarana bilər ki, belə referendumlar MDB məkanında münaqişələr üçün president ola bilərmi və muxtar respublikanın rəsmi Kiyevlə razılaşdırmadan belə bir addım atamsı nə dərəcədə qanunauyğundur.
Ekspert Tərlan Həsənovun fikrincə, Krımda referendumun keçirilməsi təklifi və bu prosesin keçirilmə tarixinin təyin olunması Ukranya qanunvericiliyinə ziddir: "Birincisi ona görə ki, Krım rəhbərliyi rəsmi Kiyevə tabe olmur, öz fəaliyyətlərini muxtariyyət prinsipləri üzərində həyata keçirir. Hər halda Ukrayna qanunlarına hörmətlə yanaşılmalıdır. Ukraynada Yanukoviç hakimiyyətinin acı sonluğu Krıma Rusiya ilə birləşmək şansını verdi. Daha doğrusu, Rusiya Krımı öz caynağına keçirməyə cəhd göstərdi və buna qismən nail olub. Referendumun keçirilmə tarixinin müəyyənləşdirilməsi, Krım nümayəndə heyətinin Moskvaya səfərlərinin təyini, rəsmi Kiyevlə hesablaşılmaması və s. mövqelər artıq referendumun nəticələrinin bəlli olduğunu deməyə əsas verir. Bu bölgədə ruslar və ukraynalılar tatarlara nisbətən çoxluq təşkil edirlər. Bundan başqa rusiyameyilli digər millətlərin nümayəndələri də var. Mənə elə gəlir ki, referendumun nəticələri saxtalaşdırılacaq və rəsmi Moskvanın imperialist maraqlarını müdafiə edən nəticə ortaya çıxarılacaq".
Polditoloq Elşən Həsənov isə bildirib ki, bu referendum MDB-də məkanında münaqişələr üçün president ola bilməz: "Bu Rusiyanın planıdır. Rusiya münaqişə yaratdığı nöqtələrdə maraqlarını həyata keçirmək üçün son anda referendum variantını ortaya atır. Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində də bu variantı işə salmaq istədi. Lakin rəsmi Bakının güclü təzyiqi ilə üzləşdi. Düzdür, Krımı Qarabağ münaqişəsi ilə eyniləşdirmək olmaz, amma hər bir halda referendum rəsmi Moskvanın imperialist siyasətinin tələblərini ödəyən bir vasitədir. Amma belə referendumlar heç vaxt münaqişələr üçün örnək ola bilməz. Referendum xalqın iradəsinin təcəssümü olmalıdır, xalq tələb etməlidir, xalq seçimini etməlidir. Amma bu məsələdə Rusiya öz seçimini edib, Krım rəhbərliyi də bu seçimi reallışdırmaq üçün bütün imkanlarından istifadə edir".