Avropa Birliyi Ukraynadakı hadisələri müzakirə edəcək Dünya

Avropa Birliyi Ukraynadakı hadisələri müzakirə edəcək

AŞPA da Rusiya ilə bağlı qətnamə qəbul edib

Cavid

Son günlər ərzində Rusiyapərəst üsyançılarla Ukrayna ordusu arasında döyüşlər yenidən gərginləşib. Ukrayna ordusuna əsasən son 24 saat ərzində ordunun doqquz əsgəri öldürülüb. Debaltsevo şəhəri və Luhanskaya kəndi yaxınlığında üsyançılar ağır minomyot və artilleriya atəşi həyata keçirir. BMT təxmin edir ki, Donetsk və Luhansk regionlarında ötən aprel ayından bəri 5000-dən çox adam öldürülüb, bir milyondan çox adam isə qaçqın düşüb. Separatçılar və rus hərbçiləri Debaltsevo rayonu ətrafına canlı qüvvə və hərbi texnika yığmaqda davam edir. Bu barədə "İnformasiya Müqaviməti" qrupunun rəhbəri Dmitri Tımçuk məlumat verib. Dmitri Tımçuk bildirib ki, hazırda müxtəlif rayonlarda 5 taktiki batalyon qrupu (onlardan biri Rusiya Hava-Desant Qoşunlarının hərbi qüvvələridir), o cümlədən 3 artilleriya qrupu döyüşlər aparır". Onun sözlərinə görə, Debaltsevo rayonu ətrafına 2500 canlı qüvvə, 35-ə qədər tank, 50 zirehli döyüş maşını, 50-yə qədər özüyeriyən artilleriya qurğuları və 22 reaktiv yaylım atəş sistemləri gətirilib: "Debaltsevoya uğursuz hücumdan sonra düşmən öz mövqelərinə çəkilib və döyüş qabiliyyətini bərpa edir. Staxanov rayonuna çoxlu sayda hərbi qüvvə gətirilir".
Qeyd edək ki, Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə baxılacağı gözlənilir. Ukrayna mediasında açıqlamasında siyasi ekspertlər qəbulu edilməsi gözlənilən yeni sanksiyalarla bağlı fikirlərini bildirib. Pavel Melnik hesab edir ki, iclasda Rusiyanınəsas ixrac məhsullarına embarqo tətbiq oluna bilər: "Silah satışına embarqo tətbiq oluna bilər. Bu, Rusiyaya ciddi zərbə olacaq. Çünki Rusiya böyük miqdarda silah ixrac edir".
O, həmçinin hesab edir ki, Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması gündəmə gələ bilər: "Bu, Rusiya maliyyə sisteminin iflası olacaq və Rusiya ikinci Dnestrayanıya çevriləcək. Orada da banklar normal işləmir və beynəlxalq bank ödənişləri yoxdur. Bütün əməliyyatlar nağd aparılır. Ölkə ümumiyyətlə yalnız maliyyə resursları deyil, yeni texnologiyalara da möhtac olacaq".
Anti-böhran Tədqiqatları Mərkəzinin prezidenti Yaroslav Jalilo hesab edir ki, iclasda sadəcə "LXR" və "DXR"in terror təşkilatları kimi tanınması barədə qərar qəbul edə bilər. Ekspertin fikrincə, indiki mərhələdə ənənəvi sanksiyalar potensialı bitib və daha güclü ölçüləri tətbiq etmək lazımdır: "Amma Avropa Birliyi buna getməyəcək. Qurumdakı güclü lobbi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəmir. Amma onlar anlamırlar ki, artıq bu hakimiyyətlə işləmək mümkün deyil".
Onu da qeyd edək ki, AŞPA da Rusiya ilə bağlı qətnamə qəbul edib. Belə ki,Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ukraynada humanitar vəziyyət və qaçqınlar haqqında qətnaməni qəbul edib. Qətnaməni iclasda iştirak edən 155 deputatdan 140-ı dəstəkləyib, 7 deputat qarşı çıxıb.
Rusiya deputatları qətnamənin əleyhinə səs veriblər. AŞPA Rusiyanı Ukraynada terrorizmi maliyyələşdirməməyə, qanunsuz silahlı qruplara dəstək göstərməməyə, həmçinin Minsk razılaşmalarının icrası üçün separatçılara təsir etməyə çağırıb.
Qətnamədə həmçinin Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejdu Savçenko və bütün digər müharibə əsirlərinin azad edilməsinə çağırış yer alıb. AŞPA onların hamısının Rusiya həbsxanalarında qanunsuz saxlanıldığını bildirib.
Qətnamədə həmçinin qeyd olunub ki, Rusiya Donbas hövzəsinə göndərdiyi yük maşınları əslində humanitar yardım deyil və Rusiya bununla beynəlxalq hüququ pozur. Krımın Rusiya tərəfindən zəbtinin də qanunsuz olduğu qətnamədə əksini tapıb.
Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edə biləcəyi ilə bağlı bildirib ki, heç bir yeni sanksiya Rusiyanı Ukraynanın ərazisini tutmaqdan imtina etməyə məcbur etməyəcək: "Putini artıq heç bir sanksiya qorxutmur. Avropa BirliyiUkrayna hökumətinə anlatmağa çalışdı ki, Rusiya onların müttəfiqi və işgüzar partnyorudur. Avropa Birliyi həmçinin anlatmağa çalışdı ki, Ukrayna ərazisinin Rusiya tərəfindən tutulması Ukrayna hakimiyyətinin problemidir, Avropa Birliyinin baş ağrısı deyil".
Ekspertin qənaətinə görə, Ukrayna hakimiyyəti ABŞ və Avropa Birliyinin göstərişlərini yerinə yetirmədən öz ağlı ilə düşünsəydi, Rusiya ilə müəyyən güzəştlərə nail olmaq mümkün idi.
Operativ-strateji Analiz Mərkəzinin tədqiqat proqramları bölməsinin rəhbəri Petr Kopka isə deyib ki, Krım Uzaq Şərq və Şərqi Sibirin itirilməsi qarşılığında Rusiya üçün mənəvi kompensasiya ola bilər.
Onun sözlərinə görə, Şərqi Sibir və Uzaq Şərq üzərində nəzarəti gizli şəkildə gücləndirən Çin üçün Rusiyanın dostu rolunu oynamaq sərfəlidir: "Pekin ilk növbədə Rusiyanın enerjidaşıyıcısılarına maraq göstərir. Şimal rayonlarının urbanizasiyası və Rusiya sərhədinə Çin əhalisinin yerdəyişməsi üçün burada lazımı infrastruktur qurulmalıdır. İkincisi, Çin hələ də Rusiya ilə hərbi-texniki əməkdaşlığa ehtiyac duyur. Üçüncüsü, pisləşən demoqrafik vəziyyət şəraitində Şərqi Sibir və Uzaq Şərqin idarə edilməsi Moskva üçün getdikcə çətinləşir. Nəhayət, Pekinə də aydın olub ki, zaman içində Moskva ilə Şərqi Sibir və Uzaq Şərq regionlarının əlaqələri zəifləyəcək. Ukrayna macərası isə bu prosesi yalnız tezləşdirir. "Bunu Kremldə nə qədər anlayırlar, demək çətindir. Ancaq güman edə bilərik ki, Krım və "Novorossiya" adlanan ərazilər Şərqi Sibir və Uzaq Şərq əraziləri üzərində nəzarətin mümkün itkisi əvəzində mənəvi kompensasiyadır. İddia etmək olar ki, Kremldə bunu anlayırlar. Və prosesin sürətləndirilməsi üçün mümkün olan hər şey edirlər".