Putinin əzələ nümayişi Dünya

Putinin əzələ nümayişi

Moskva hərbi təlimlər keçirməklə bir daha gücünü göstərir

Cavid

Rusiya ordusu Stavropol və Krasnodar vilayətlərində, ilhaq olunmuş Krım, Şimali Osetiya bölgələrində və Ermənistanda hərbi təlimlərə start verib. Bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Xəbərdə bildirilir ki, 7 poliqonda keçirilən təlimlərərə 1700 min hərbi qulluqçu, 350 sayda hərbi və xüsusi texnika cəlb olunub. Bura Radioktiv Kimyəvi-Bioloji ordunun birləşmiş müdafiə qüvvələri, Qara dəniz və Xəzər flotu, HHQ və HHM-nin 4-cü komandanlığı da daxildir.
Şərti sahə döyüşləri zamanı hərbçilər Cənub komandanlığının 2012-ci ildən bu yana istifadəsinə verilmiş silah, hərbi və xüsusi texnikanın yeni və modermləşmiş nümunələrindən istifadəni mənimsəyəcəklər.
RF Müdafiə nazirliyinin məlumatına görə, təlim məşqlərində 6-cı Radioktiv Kimyəvi-Bioloji ordunun kimyəvi kəşfiyyat maşınları (zəhərləyici maddə və radioktiv yoluxmanın müəəynləşməsi üçün istifadə olunur), termo-teste qurğuları (aerozol pərdə yaratmaq üçün istifadə edilir), alovsaçan hərbi vasitə BMO-T (t-72 tankının bazasında), ağır alovsaçan TOS-1A "Buratino" və s. texnikadan istifadə olunur.
Xatırladaq ki, yeni hərbi təlimlər fonunda Rusiya Ukraynaya sayca 13-cü "humanitar" karvan göndərib.
Onu da bildirək ki, bundan öncə Rusiyanın Xəzər donanmasının gəmiləri və Cənub Hərbi Dairəsinin aviasiyası şərti düşmənin hava hücumunu dəf etmək üçün birgə manevrlər keçirib.
Döyüş şəraitinə maksimum yaxınlaşdırılan manevrlər Xəzər donanmasının bazalarında - Həştərxanda və Mahaçqalada keçirilib. Xəzər donanmasının rəsmisi Aleksey Rulev bildirib ki, hava hücumunun qarşısının alınmasını "Dağıstan" raket gəmisinin, "Qrad Sviyajsk" və "Uqliç" kiçik raket və artilleriya gəmilərinin, habelə "Volqodonsk", "Həştərxan" və "Mahaçqala" gəmilərinin heyətləri həyata keçiriblər.
Təlimlərdə Cənub Hərbi Dairəsinin iki "Su-24" bombardmançısı və iki "Su-25" hücum təyyarəsi də iştirak edib. Təlimlər zamanı gəmilər döyüş hazırlığı vəziyyətinə gətirilib, radiolokasiya müşahidə vasitələri hava hədəflərini aşkar ediblər, artilleriya bölmələri isə görüş məsafəsinin hüdudlarında düşmənin hava vasitələrini məhv ediblər. "Təlimlər zamanı şərti düşmənin təyyarələri Xəzər donanmasının gəmilərinə aşağı hündürlükdə, radarların aşkar etməsi baxımından çətin şərtlərdə hücum ediblər.
Bundan başqa təlimlərdə HHM qüvvələri və vasitələrinin düşmənin hava zərbələrinin dəf edilməsi zamanı idarə edilməsi həyata keçirilib"- deyə Rulev bildirib. Bu il ərzində Rusiyanın Xəzər donanması və sahil qoşunları ilk dəfə Qara dəniz donanmasının dəniz aviasiyasının və Cənub Hərbi Dairəsinin motoatıcı bölmələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirəcək. Həmçinin bu il Rusiya, Qazaxıstan və Azərbaycan donanmalarının birgə təlimləri planlaşdırılır.
Politoloq Qabil Hüseynlinin fikrincə, təlimlər Rusiyanın nədənsə ehtiyat edərək hansısa müharibəyə hazırlaşması təəssüratını yaradır: "Ordunun hərbi hazırlıq səviyyəsini yüksəltmək, əsgərlərin hərbi vərdişlərini inkişaf etdirmək üçün təlimlərin keçirilməsi vacibdir. Rusiyanın keçirdiyi hərbi təlim, miqyasına və coğrafi əhatəsinə görə, sıravi, qrafik üzrə olan təlimlərdən fərqlənir. Bu fövqəladə təlimlər sırasına daxildir və daha çox əzələ nümayişinə bənzəyir. Rusiyanın keçirdiyi hərbi təlimlərə Qara dəniz və Xəzər donanmalarının da qoşulması o deməkdir ki, Rusiya nədənsə ehtiyat edərək hansısa müharibəyə hazırlaşır.
Bu çox təhlükəli bir tendensiyadır. Həm də qarşı tərəfi təhrik etmək, psixoloji təzyiq altında saxlamaq məqsədi güdür. Rusiyanın maliyyə imkanları azaldıqca, iqtisadi inkişafı zəiflədikcə, hərbi xərclərini artırır. Belə təəssürat yaranır ki, bu ölkənin rəhbərliyi şüurlu şəkildə ölkəni iqtisadi iflasa doğru aparır. Belə böyükmiqyaslı hərbi təlim Rusiyanın hərbi büdcəsindən milyardlarla vəsait aparacaq. Bu, eyni zamanda, Rusiyanın güclənməsinə deyil, zəifləməsinə gətirib çıxaracaq. Zənnimcə, Rusiya Qərbin, xüsusən NATO-nun hansısa təhdidlərindən qorxur və buna qarşı hazırlaşır".
Ekspert Elşən Həsənov isə bildirib ki, Rusiyanın bu təlimlərə start verməsinə əsas səbəb, öz gücünü Qərbə göstərməkdir: "ABŞ başda olmaqla Qərbin Moskvaya sanksiyalarından sonra Rusiya əsas müttəfiqlərini aramağa başladı və Çinlə İranı öz tərəfinə çəkməyi bacardı. Rusiya üçün bu iki dövlətə yaxınlaşmaq çox vacibdir. Çin və İran ABŞ-a rəqib dövlətlər hesab olunur. Bu yaxınlarda Rusiya və İranın müdafiə nazirləri Sergey Şoyqu və Hüseyn Dehqan iki ölkə arasında hərbi əməkdaşlıq barədə sazişə imza atıblar. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın Xəzər dənizində və Cənubda keçirdiyi hərbi təlimlər məhz İran və Çinlə hərbi əməkdaşlığına hesablanıb".