Ukraynadan ermənilərə “soyqırım” silləsi Dünya

Ukraynadan ermənilərə “soyqırım” silləsi

"Ermənistan niyə Qolodomoru tanımır?"

Bu sözləri "Joxovurd" qəzetinə açıqlamasında Ermənistanda səfərdə olan ukraynalı deputat Boris Tarasyuk söyləyib.
O, Ermənistan hakimiyyətinin artıq öz seçimini etdiyini bildirib: "İrəvanın bu qərarı Avropa Birliyi ilə yox, Moskva ilə bağlıdır. Əgər Ermənistan yaxın gələcəkdə Avropa Birliyi ilə hansısa sənəd imzalasa belə, heç vaxt ölkənin və hakimiyyətin götürdüyü Moskvayönlü kursu köklü şəkildə dəyişmək alınmayacaq. Mən nə Ermənistan-Türkiyə, nə də ki Ermənistan-Azərbaycan münasibətlərinə qarışmaq istəyirəm. 30-cu illərdə aclığa dözən 7 milyon ukraynalı Stalin repressiyaları nəticəsində həyatını itirdi. Ukrayna hər zaman kütləvi qırğına məruz qalan istənilən xalqı anlayır. Lakin mən indi sizdən soruşmaq istəyirəm. Niyə Ermənistan Qolodomoru inkar edir? Məsələn, mən "erməni soyqırımı"nı cinayət hesab edirəm, lakin bəs niyə Ermənistan və ermənilər 7 milyon ukraynalının ölümü ilə nəticələnən kütləvi qırğını soyqırım kimi tanımırlar?"
Qeyd edək ki, Qolodomor — ukrayn dilindəki iki sözdən – "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. 1932-1933-cü illərdə kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır. Qədim əkinçilik adətləri olan millət aclığa – ən dəhşətli işgəncəyə və ölümə məhkum edilmişdi. Soyqırım 1933-cü ilin qış və yaz aylarında özünün ən yüksək həddinə çatmışdı. Bu zaman hər gün 25 min insan dünyasını dəyişirdi. Qolodomor nəticəsində sovet Ukraynası əhalisinin 20-30%-i məhv edilmişdi.