Qərblə anlaşmadan sonrakı İran... Dünya

Qərblə anlaşmadan sonrakı İran...

Qriqori Trofimçuk: "Elə bir zaman yetişəcək ki, ABŞ İranla uzun illərdir apardığı danışıqlardan boğaza yığılacaq"

Andrey Piontkovski: "Dünya neft bazarına neftin qiymətinin artmasına son qoyacaq İran kimi güclü oyunçu qayıdır"

Cavid

"Qərb bütün dünya neft ehtiyatını nəzarətdə saxlamaq istəyir. Buna əsas səbəb isə dünya neft ehtiyatının çox hissəsini əlində saxlayan Rusiyanın təcrid olunmasını daha artırmaq istəyidir". Bunu Rusiyalı politoloq Qriqori Trofimşukun mətbuata açıqlamasında bildirib.
O iddia edib ki, əgər siyasi planda İran Vaşinqton tərəfindən tam yenidən formatlaşdırılsa, o zaman burada Rusiya, Türkiyə və Azərbaycanın əleyhinə fəaliyyət göstərən amerikayönlü platforma yaranacaq: "Amma Tehran üzərindən sanksiyaların onun tam şəkildə tərksilah olmasından sonra götürüləcəyini hesab etmək də lazım deyil. Tehranın hazırkı hakimiyyəti tam şəkildə tərksilaha getməyəcək. Buradan belə nəticə çıxır ki, İran əvvəlki illərdə olduğu kimi yenə xaricdən zərbə və daxildən isə destablizasiyaya səbəb olacaq çıxışların ağuşuna düşüb. Elə bir zaman yetişəcək ki, ABŞ İranla uzun illərdir apardığı danışıqlardan boğaza yığılacaq. İran neftinin dünya bazarlarına axınının Qərbin marağında olması ilə bağlı söz-söhbət isə sadəcə, öz-özünü aldatmaqdır. Qərb üçün yalnız planetdəki bütün enerji yataqlarını nəzarətdə saxlamaq sərfəlidir. Bu isə Rusiyanın daha çox təcrid olunmasına şərait yaratmaq üçün edilir".
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə yaxın vaxtlarda İranın daxilində maraqlı proseslərin yaşanacağını söyləyib: "İran və Qərb arasında ilkin razılıq hələ yeni əldə olunub. Bu, uzun və səmimilik prinsipi üzərinə qurulmuş bir prosesdir. İlkin razılıq o demək deyil ki, mövcud sanksiyalar aradan qaldırıldı və İran üçün hər yerdə yaşıl işıq yandırıldı. Qərb özünün başqa tərəfdaşlarını və onların maraqlarını qorumaq öhdəliyindədir. Ərəb ölkələri və İsrail haqlı olaraq Amerikaya öz narahatlıqlarını bildirirlər. Amerika bütün bunları nəzərə alır və yaxşı bilir ki, İran hələ güvənəcək tərəfdaş deyil. Onlar da bu prosesi diqqətlə izləyirlər. Lakin burada önəmli bir məsələ var və görünür, Qərb maksimum vəziyyətdən istifadə etməyə çalışacaq. İranda bu razılaşmanı dəstəkləyən qruplar var. Siyasi hakimiyyət inteqrasiyanın tərəfdarıdır və inteqrasiyanın İrana inkişaf gətirəcəyinə əmindir. Dini hakimiyyət isə daha çox dünyadan özünü təcridetmə siyasətini dəstəkləyir. Bu o deməkdir ki, bu prosesin sonunda İranda maraqlı siyasi gedişlərin şahidi olacağıq. İnsanların rahat yaşamaq istəməsi dini hakimiyyətin qapanma siyasəti ilə əks fikir təşkil edəcək və bu da müəyyən prosesləri başladacaq. Sadəcə, bu zamanı doğru dəyərləndirmək lazımdır. Qərb bu prosesi dəyərləndirərsə, o zaman İranda dini hakimiyyətin gücü zəifləyə bilər".
Onun sözlərinə görə, İranın regionda nüvəyə sahib olması Azərbaycan üçün yaxşı heç nə vəd etmir: "Səbəb isə İranın Azərbaycana qarşı ənənəvi siyasətidir. Bu baxımdan Qərb və Avropa ilə tərəfdaşlıq gücləndirilməlidir. Rəsmi Bakı Qərbə öz narahatlığını bildirməlidir".
Türkiyəyə gəlincə, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri deyib ki, Ərdoğan bu gün var gücü ilə İranı zəiflətməyə çalışır: "Bu iki ölkə arasında daima rəqabət ən üst səviyyədə olub. Səbəb isə hər ikisinin də regionda güc mərkəzi olmaq istəyidir. Ərəb baharından sonra Türkiyə-İran münasibətləri daha da korlandı. Çünki İran başda Suriya olmaqla bir neçə dövlətdə siyasi hakimiyyətə dəstək verirdi. İran kəşfiyyatı Suriyada çox böyük və geniş məlumat toplama mərkəzinə sahib idi. Bu gün isə həmin mərkəz demək olar ki, yoxdur. İran isə bunun səbəbkarı kimi Türkiyəni görür. Ərdoğan isə İranın şiə hakimiyyətini, ümumiyyətlə, sevmir və İranda nələrinsə dəyişəcəyinə ümid edir, bu dəyişiklik prosesində birbaşa özü olmasa da, dolayı yolla iştirak etmək istəyir. O yaxşı bilir ki, Yəməndəki hadisələr sabah Türkiyə üçün də problem ola bilər. İran kəşfiyyatına birbaşa bağlı olan mətbuat orqanları, televiziya və bir neçə məscid Türkiyədə fəaliyyət göstərir. Bu da o deməkdir ki, İran Türkiyənin artıq içərisindədir. Ərdoğan bütün bunları görür və İranı zəiflətməyə, regionda siyasi proseslərdən kənarda qoymağa çalışır. Ərdoğanın İran səfəri çox da asan keçməyəcək. Buna səbəb Ərdoğanın bir müddət öncə Yəmən hadisələrinə görə İranı ittiham etməsidir. Lakin unutmaq lazım deyil ki, əgər Ərdoğanın əlində kəşfiyyat məlumatları olmasaydı, İranla bağlı heç zaman ittihamla çıxış etməzdi. Bu baxımdan Ərdoğan çox rahatdır və düşünürəm ki, həmin məlumatları İran hökumətinə bağlı qapılar arxasında təqdim edəcək. Lakin bu səfər hər hansı strateji dəyişikliyə səbəb olmayacaq".
Rusiyalı politoloq Andrey Piontkovski isə İranla bağlı anlaşmanın mümkün nəticələrini belə qiymətləndirib: "Dünya neft bazarına neftin qiymətinin artmasına son qoyacaq İran kimi güclü oyunçu qayıdır".
Bununla belə politoloq hesab edir ki, Tehranın yola gətirilməsinə baxmayaraq, neftin barreli 50 dollardan yuxarı qalxmayacaq: "Qərblə İran arasındakı razılaşma İranın son 15 il müddətində yaşadığı ağır iqtisadi sanksiyaların silinməsi və dünya neft bazarına güclü oyunçunun qayıtması deməkdir. İran Yaxın Şərqdə ən böyük neft istehsalçılarından biridir və dünya ehtiyatlarının 10%-i bu ölkədədir. İran artıq payızda öz neftini rahat şəkildə satmağa başlayacaq. Bəzi ekspertlərin proqnozlarına görə, "Brent" markalı neft 1 barrelə görə 20-30 dollara düşəcək. Lakin əminliklə demək olar ki, neftin barreli bundan sonra 50 dollardan yuxarı faiz qalxmayacaq. Bu məsələyə Rusiya heç bir təsir göstərə bilməz".