Tədarükün şaxələndirilməsinə xidmət edən enerji layihələrinə investisiyaları davam etdirmək istəyirik - ABŞ energetika naziri Dünya

Tədarükün şaxələndirilməsinə xidmət edən enerji layihələrinə investisiyaları davam etdirmək istəyirik - ABŞ energetika naziri

Tədarükün şaxələndirilməsinə xidmət edən enerji layihələrinə investisiyaları davam etdirmək istəyirik.

Bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm onlayn brifinq zamanı Trend-in sualını cavablandırarkən deyib.

O bildirib ki, qaz qiymətlərinin artımı mövcud tədarükün və Avropada enerji təhlükəsizliyinin etibarlılığı ilə bağlı ciddi narahatlıq və suallar doğurub:

"ABŞ açıq şəkildə bildirib ki, biz və tərəfdaşlarımız öz səmərəsi üçün tədarüklə manipulyasiya edə biləcək müəyyən qüvvələrə müqavimət göstərməyə hazır olmalıyıq. Biz bu qış etibarlı qaz tədarükünün təmin olunması üçün avropalı müttəfiqlərimizlə səyləri birləşdirmək istəyirik. Biz tədarükün şaxələndirilməsinə xidmət edən enerji həllərinə investisiyaları davam etdirmək istəyirik. Qaz qiymətləri ilə manipulyasiya cəhdlərinə xüsusi diqqət ayırmaq lazımdır. Ona görə də biz avropalı müttəfiqlərimizlə bu qış əlçatan qaz təchizatını təmin etməyə çalışırıq".

C.Qranholm qeyd edib ki, indi böhran anı başlayıb:

"ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasında çıxışı zamanı dediyi kimi biz yüksək sürətlə "qayıtmama nöqtəsi"nə doğru addımlayırıq. Siz Yunanıstanda, Kaliforniyada, Sibirdə, fərqli qitələrdə meşə yanğınlarının şahidi oldunuz və bu dalğalar getdikcə güclənir. İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun xəbərdarlıq etdiyi kimi, biz tezliklə tullantıları azaltmasaq, bu cür ekstremal hava şərtləri daha tez-tez qeydə alınacaq. Ona görə də biz təcili və ambisiyalı şəkildə fəaliyyət göstərməliyik. Bu böhran, həmçinin karbon tullantılarının azaldılması texnologiyaları üçün bazar imkanları da təqdim edir. Paris iqlim sazişini imzalayan ölkələr öz üzərinə ambisiyalı öhdəliklər götürüb. Onlara parnik qazı tullantılarını azaldan texnologiyalar tələb olunur. Beləliklə, bu onilliyin sonunadək qeyd olunan texnologiyalar bazarı 23 trilyon dollar təşkil edəcək".