“İtaətkar dövlət arzusundadırlar” Dünya

“İtaətkar dövlət arzusundadırlar”

Qabil Hüseynli: "İstəyirlər ki, Amerika hara addımlasa, dinib-danışmadan onun arxasınca getsin"

"Azərbaycana qarşı fəaliyyətin kimlər tərəfindən həyata keçirilməsi və istiqamətləndirilməsindən asılı olmayaraq, bu işin arxasında dayananlar öz məqsədlərinə nail olmayacaqlar". Bunu ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycan əleyhinə kampaniya aparılması barədə məlumatı şərh edən politoloq Qabil Hüseynli bildirib.
"Biz yenə də üç il əvvəl "Eurovision" müsabiqəsi ərəfəsində hazırlanan və icrasına başlanılan demək olar ki, eyni ssenari ilə üz-üzəyik.
Azərbaycana qarşı həmin təzyiq rampaniyasına indi də Birinci Avropa Oyunları ərəfəsində start verilib. Bunun hansı məqsədlərdən irəli gəldiyi də aydındır.
ABŞ Azərbaycana qarşı belə bir kampaniyaya başlamaqla, ölkəmizin timsalında daha bir müti, itaətkar dövlət əldə etməyə çalışır.
O dərəcədə itaətkar dövlət ki, ABŞ-da qəbul olunan istənilən qərarı qeyd-şərtsiz qəbul etsin, Amerika hara addımlasa, dinib-danışmadan onun arxasınca getsin. Məqsəd budur.
Eyni zamanda bunu da açıq demək lazımdır ki, ABŞ və Qərbdəki bir çox dövlətlər müharibə vəziyyətində olan Azərbaycanda sabitliyin hökm sürməsini, inkişafdan qalmadığını həzm edə bilmirlər.
Ona görə də, hansı yolla olursa-olsun Azərbaycanın öz müvazinətini itirməsinə istiqamətlənmiş işlərə baş vururlar.
Bu fəaliyyətin arxasında dayanan beynəlxlaq təşkilatların da Azərbaycana münasibəti məlumdur. Onların ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunmaları da çox mətləblərə aydınlıq gətirir.
Amma əminliklə deyirəm ki, bu işlərin başında istər Con Kerri dayansın, istərsə də Böyük Britaniyanın xarici işlər naziri – onlar öz məqsədlərinə çatmayacaqlar.
Azərbaycan "Eurovision" müsabiqəsi kimi, Birinvi Avropa Oyunlarını da yüksək səviyyədə keçirərək, özünü dünyaya ən yaxşı formada təqdim edəcək".