Türkiyədəki gizli ermənilər milli kimliklərinə qayıdır Dünya

Türkiyədəki gizli ermənilər milli kimliklərinə qayıdır

Bunun üçün qardaş ölkənin müxtəlif bölgələrində erməni dərnəkləri yaradılır

Türkiyədə uzun illər milli və dini kimliklərini gizlədərək yaşayan ermənilər yenidən öz kimliklərinə qayıdırlar. Türkiyəli jurnalist Sibel Hürtaşın "Al-Monitor" üşün hazırladığı reportajda belə deyilir.
Sibel Hürtaşın yazdığına görə, son olaraq bu ilin may ayında Tincelidə yaşayan 12 erməni toplu şəkildə keçirilən dini mərasimdə öz kimliklərinə qayıdıb: "Müsəlman kimi yaşayan, yaxud müsəlmanlaşdırılan ermənilərin hekayəsi 1915-ci ildən başlayır. Müsəlman ailələr tərəfindən övladlığa götürülən uşaqlar, müsəlmanlarla evləndirilən qadınlar və istisna olaraq müsəlmanlığı seçən erməni ailələri bu yolla xilas olduqlarını bildirirlər.
Ötən yüz il ərzində kimliklərini gizlədərək yaşamaq məcburiyyətində qalan ermənilərin arasında öz milli kimliklərinə dönüşlə bağlı önəmli bir hərəkətlilik başlayıb. Bu hərəkətlilik İstanbul erməniləri ilə yanaşı Anadolu erməniləri arasında da qabarıq şəkildə nəzərə çarpmaqdadır. Xüsusilə də Tuncelidə yaşayan ermənilər arasında... Miran Pirgiç Gültəkin də onlardan biridir. "Al-Monitor"-un suallarını cavablandıran Gültəkin Ələvilər arasında yaşamaqla xilas olduqlarını bildirir: "Ələvilərin arasında kütləvi şəkildə yaşayan ermənilər ələvi olaraq tanınsalar da xristian mədəniyyətlərini qoruyub saxlamağa çalışırlar. Məktəbə getdiyim zaman erməni olduğumu bilirdim, amma erməniliyin nə demək olduğunu anlamırdım. Pasxa bayramlarında anam soğan qabığı ilə yumurtaları qırmızıya boyayar, "bahar bayramıdır, gedin tarlada yeyin" deyərdi. Ailəm İrəvan radisounu dinləyərdi...
48 yaşımda milli kimliyimə dönməyə qərar verdim. 70 yaşındakı qaynatam, oğlum və qohumlarımdan biri ilə gedib xaç suyuna çəkildik. Sonra adımı dəyişdirərək Miran Pirgiç oldum".
"Al-Monitor"un yazdığına görə, Anadolu erməniləri son zamanlar sürətlə təşkilatlanır və kütləvi xaç suyuna çəkilmə mərasimlərində öz milli kimliklərinə qayıdırlar. Bu prosesə öncüllük edənlərin arasında haqqında danışdığımız Miran Pirgoç Gültəkinin qurduğu Dersim (Tunceli) Erməniləri Dərnəyi də var. Bununla yanaşı Malatya, Muş, Batman, Sivas, Hatay erməniləri də dərnək quraraq təşkilatlanıblar. Adıyaman və Diyarbəkir erməniləri isə təşkilatlanma ərəfəsindədirlər. İndiyə kimi ələvi, kürd, ərəb kimi tanınan ermənilər artıq təşkilatlanaraq öz milli kimliklərinə qayıdırlar. Bu arada qeyd edək ki, erməni dərnəklərinin məqsədi yalnız kütləvi dini mərasimlərlə milli kimliytə qayıtmaqdan ibarət deyil. Dərnəklər həm Ermənistan, həm də Türkiyənin müxtəlif bölgələrindəki erməni təşkilatları vasitəsi ilə erməni gənclərinin bir-biri ilə qaynaşmaları, öz mədəniyyətlərini öyrənmələri üçün müxtəlif tədbirlər həyata keçirirlər. Artıq 4 ildir ki, Ermənistan gəncləri Tunceliyə, Tunceli gəncləri isə Ermənistana gedirlər.

BayMedia