Yeni soyuq müharibə Dünya

Yeni soyuq müharibə

NATO və Rusiya hərbi mövqeyini gücləndirməkdədir

Cavid

NATO müdafiə nazirləri Rusiya tərəfindən gələn yeni təhlükəyə qarşı atılacaq növbəti addımlar haqqında razılıq əldə etmək üçün Brüsseldə görüş keçirirlər. ABŞ-ın Avropaya gələn müdafiə naziri Eş Karter bildirir ki, o, yeni bir soyuq müharibə başlatmaq niyyətində deyil. Əslində isə həm NATO, həm də Rusiya hərbi mövqeyini gücləndirməkdədir.
BBC-nin məlumatına görə, ötən həftə Prezident Vladimir Putin nüvə arsenalına 40 uzaq mənzilli ballistik raket əlavə etməkdə olduğu haqda elan verib. NATO isə buna cavab olaraq, Moskvanı gücünü nümayiş etdirib qorxu yaratmağa çalışmaqda ittiham edib. 28 ölkənin üzv olduğu ittifaq az-çox özü də bunu edir. Belə ki, NATO Polşanın şimalında düzəngahlıqda yeni çevik reaksiya qüvvəsini sınaqdan keçirir. QüvvəyəYüksək Hazırlıqlı Müştərək Missiya Qüvvəsi (Very High Readiness Joint Task Force) adı verilib. Bu,Ukraynadakı böhranlara qarşı birbaşa cavabdır, məqsəd isə 48 saat içində quru qoşunlarının səfərbər edilə bilməsidir. Keçmişdə NATO qüvvələrinin öz sərhədlərini qoruması üçün səfərbər edilməsinə bir aya qədər vaxt lazım olardı.
İndiyə qədər NATO-ya üzv olan doqquz ölkənin hərbi birlikləri əməliyyatlarda iştirak edib. Bunlara qərbdən Hollandiya və Almaniya qüvvələri, şimaldan isə Norveç və Litva qüvvələri də daxildir. Quru, dəmir yolu və hava yolu ilə aparılan onlarla hərbi konvoy cəhdindən sonra qüvvələr Polşada birləşərək təlim keçiriblər. Təlim zamanı Ukraynada baş verən hadisələrlə oxşarlıqlar müşahidə olunub. Qurulan məşqdə qüvvələr adi bir ordu ilə yox, silahlı bir qrupla döyüşürlər. Bu səhnə Krımı Ukraynadan ayırmaqda Rusiyaya kömək üçün "kiçik yaşıl adamlar"ın peyda olmasına bənzəyir. Qrup üzvlərini ələ keçirib məhv etmək üçün əvvəlcə Xüsusi Qüvvələr, ardından isə hərbi vertolyot və tanklar göndərilir.
Britaniya gələn il NATO-nun beş minlik çevik reaksiya qüvvəsinə min nəfərlik qüvvə göndərəcəyi vədini verir. ABŞ isə əsgər, pilotsuz casus təyyarəsi və sürətli təyyarələr göndərəcək. NATO-nun baş hərbi komandiri General Filip Bridlav bildirir: "Biz təxribatlara qarşı hazırlıqlı olmalıyıq." NATO-nun bir çox zabit və rəsmiləri kimi o da Rusiyanın adını çəkmək istəmir.
NATO vəziyyəti pisləşdirdiyini boynuna almaq istəməsə də, sərt danışmaqdan çəkinmir.
NATO-nun apardığı hərbi təlimlərlə adını çəkmədiyi ölkənin apardığı təlimlər arasındakı fərqi tez-tez vurğulayan General Bridlav deyir: "Yadda saxlayın ki, bizim təlimlərimiz açıq və şəffaf şəkildə aparılır və təxribat xarakteri daşımır. Bizim təlimlərimizi böyük qüvvələrin xəbərdarlıq etmədən hərəkət keçdiyi və işğala çevrilən təlimlərlə müqayisə edək." Aydındır ki, General burda Krımda baş verənlərə işarə edir.
Bu, düzdür. Rusiya on minlərlə qüvvənin iştirak etdiyi geniş-miqyaslı əməliyyatlar aparır. Ancaq NATO bu ilin sonuna qədər 300-dən çox birgə hərbi təlim aparmış olacaq. Bu, ötən il keçirilən təlimlərdən 100 qat artıq təlim deməkdir. NATO-nun şərq cinahında özünü daha zəif hiss edən üzv dövlətlər ittifaqın daha çox təlim keçirməsini istəyirlər. Litvalı bir general Rusiyanın növbəti hədəfinin Baltik dövlətləri ola biləcəyini bildirib: "Sərhədimizin o biri tərəfində qısa müddət ərzində hərəkətə keçə biləcək böyük hərbi qüvvələr olduğunu görürük."
Bu həftə ABŞ-ın müdafiə naziri Amerikanın Avropada əvvəlcədən hərbi qüvvələrini yerləşdirmək planları olduğu haqda məlumat verib. Beləliklə, ABŞ iki il əvvəl geri çəkdiyi bütün tanklarını indi geri göndərir. ABŞ-a məxsus zirehli briqada – Abrams tankları və Bradley döyüş maşınları daxil olmaqla, 250 zirehli maşın bu ilin sonuna qədər bəziləri Polşa, bəziləri də Baltik dövlətlərində olmaqla, Avropada yerləşdiriləcək. NATO artıq Rumıniya və Bolqarıstanla birgə bu ölkələrdə də yeni hərbi bazalar yaradıb.
Polşanın müdafiə naziri və baş nazir müavini Tomaş Semonyak bildirir: "Fikrimizcə, ABŞ-a məxsus hərbi texnikanın Avropada yerləşdirilməsi yaxşı ideyadır, çünki bu, təhlükəsizliyimizin artırılması deməkdir." Bütün bunlar harda sonlanacaq? Artıq Rusiyanın yeni raketlərinə qarşı ABŞ-ın Avropada nüvə mövqeyini gücləndirməyə çalışa biləcəyi ilə bağlı şayiələr var. Hələlik bu, o qədər də mümkün görünmür.Ancaq ABŞ sayca az da olsa, tanklarını Rusiya yaxınlığında yerləşdirməli olduğunu nəzərə alıb. Bəs bu, gərginliyi azaltmağa necə kömək edir? NATO bunun yeni bir soyuq müharibə olmadığını təkid etsə də, vəziyyət olduqca buna oxşar görünməyə və səslənməyə başlayır.