Tovuzda növbəti görüş Hadisə

Tovuzda növbəti görüş

Qənirə Paşayeva: "Gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir"


Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əlimərdanlı kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb.
Q.Paşayeva bildirib ki, Əlimərdanlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.
Məktəbin direktoru Nizami Qurbanov çıxış edərək məktəbdə təhsilin vəziyyəti, əldə olunan uğurlar barədə danışıb və yaxınlaşan qəbul imtahanlarında ötən illə müqayisədə daha da yaxşı nəticələr gözlədiklərini deyib.
Müəllimlər isə Əlimərdanlı orta məktəbinin binasının təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinə və ya indiki binanın təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu deyiblər.
Millət vəkili də Bakıya qayıtdıqdan sonra bununla bağlı yenidən hökumətə xahiş və müraciət edəcəyinə söz verib.
Millət vəkili həmçinin bildirib ki, gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir.
"Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür" - deyən millət vəkili məktəbyaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb:"Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.
Eyni zamanda, hərbi hazırlıq dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət təsirini göstəriridi. Məktəb rəhbərliyimizdən, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırırram. Nə qədər məktublar alıram ailələrdən.
Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən inanıram ki, Əlimərdanlı kənd məktəbi kollektivi bu məsələyə bundan sonra daha da böyük diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik".