Bir mənzildə iki yanğın Hadisə

Bir mənzildə iki yanğın

Təəssüf ki, məişət tullantılarını təmizləmək məişətimizi tullantıya çevirənlərdən xilas olmaqdan daha asandır

Elçin Mirzəbəyli

Məmur özbaşınalığı və məsuliyyətsizliyi ən ağır fəsadlara yol aça, vətəndaşları hətta ölüm təhlükəsi qarşısında qoya bilər. Bu, sıravi azərbaycanlı üçün sensasion bir dəyərləndirmə deyil, sıradan bir hadisədir. Və bu sıradan bir hadisə(lər) təəssüf ki, harınlıqdan boynu yoğunlamış bəzi neondental məmur zümrəsinin həyat kredosuna, yaşam tərzinə çevrilib. Sanki eyni ssenari fərqli şəxslərin iştirakı ilə təkrarlanır və... yenə təkrarlanır. Hadisə baş verir, məsuliyyət daşıyanlar min bir bəhanə ilə yaxalarını kənara çəkir, ağzı azacıq söz tutan birilərini kamera qarşısına keçirir və zərrə qədər də xəcalət çəkmədən içtimaiyyəti yalan yağmuruna tuturlar. İrişə-irişə, qımışa-qımışa, xroniki həyasızlıqla...
...Növbəti sıradan bir hadisə martın 26-da, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı binada baş verdi. Binadakı 19 saylı mənzil, daha doğrusu mənzildəki zibilxana yandı... Yanğınsöndürənlər öz işlərini zamanında yerinə yetirib getdilər. Yanğın söndürüldü və mənzilin Yura adlı alkoqol aludəçisi olan sahibinin cəsədi çıxarılıb ekspertizaya göndərildi. Və iş qaldı kamera qarşısında canfəşanlıq etməyi sevən icra strukturlarına...
O icra strukturlarına ki, onlara Yuranın mənzilindən üfunət qoxusunun yayıldığı barədə sakinlər tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdi və hər zaman olduğu kimi qulaq ardına vurulmuşdu...
...32 saylı Mənzil İstismar Sahəsi və səs çıxarmaqdan başqa bir işə yaramayan MİS-ə nəzarət edən icra strukturlarının ənənəvi məsuliyyətsizliyi ucbatından Yuranın zibilləri martın 27-də yenidən alovlandı. Və yenidən yanğınsöndürənlər gəlib öz vəzifələrini yerinə yetirdilər... Aşağı mərtəbədə yaşayan sakinlər isə növbəti dəfə üfunətli tüstü ilə nəfəs almaq məcburiyyətində qaldılar. Bir neçə saat öncə min bir əziyyətlə təmizlədikləri mənzilləri yenidən suya qərq oldu. Əsəblər yenidən tarıma çəkildi, rahatlıq yenidən pozuldu...
...Bu sıradan bir hadisədir, daha öncə də vurğuladığımız kimi. Sakinlərin xəbərdarlığı qulaq ardına vurulmasaydı yanğın baş verməyəcəkdi. Birinci yanğından sonra nümayiş etdirilən məsuliyyətsizlik olmasaydı, yanğınsöndürənlər eyni hadisə yerinə ikinci dəfə gəlmək, sakinlər isə eyni hadisənin fəsadlarını ikinci dəfə aradan qaldırmaq məcburiyyətində qalmayacaqdılar.
...İndi bu hadisənin miqyasını daha geniş şəkildə təsəvvür edin... Allah göstərməsin!
Məsuliyyət də böhtan deyil ki, asanlıqla istənilən şəxsin üzərinə ata biləsən... Əgər məsuliyyəti bötançılıqla əvəz etmək mümkün olsaydı Yasamal rayonundakı bəzi vəzifəli şəxslər çox güman ki, bunun öhdəsindən birnəfəsə gəlməyi bacarardılar.
Mərhum Yuranın mənzili və mənzilin yerləşdiyi binanın həyəti yəqin ki, zibildən təmizlənəcək. Təəssüf ki, məişət tullantılarını təmizləmək məişətimizi tullantıya çevirənlərdən xilas olmaqdan daha asandır.