“İlk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir” Hadisə

“İlk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir”

DSMF sədri: "Sığorta prinsiplərini daha da dərinləşdirməsək, ciddi maliyyə problemləri ilə üzləşə bilərik"

"Bu gün Azərbaycanın sığorta-pensiya sistemi maliyyə dayanıqlığı ilə seçilsə də, perspektiv dövrdə biz sığorta prinsiplərini daha da dərinləşdirməsək, ciddi maliyyə problemləri ilə üzləşə bilərik". "APA-Economics"in verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
DSMF sədrinin sözlərinə görə, aparılan aktuar tədqiqatlar nəticəsində Azərbaycanda pensiya islahatları aparılmasının zəruriliyi ortaya çıxıb: "Bu gün Avropanın bir çox ölkələrində pensiya sistemləri öz maliyyə dayanıqlığı problemini yaşayır, pensiyaların maliyyələşdirilməsində çox ciddi problemlər müşahidə olunur. Azərbaycanda isə pensiya sisteminin maliyyə dayanıqlığında heç bir problem yoxdur. Əksinə, ötən dövrdə DSMF-nin büdcə daxilolmalarında artım dinamikası davam edir. Baxmayaraq ki, böhrandan sonrakı dövrdə həmin illər dünya pensiya sistemində sosial böhran illəri kimi xarakterizə olunur. Bu, bizim bugünkü maliyyə dayanıqlığımızın əsas göstəriciləridir".
Bununla belə, E. Mehdiyev qeyd edib ki, makroiqtisadi göstəricilər daim dəyişdiyindən pensiya sisteminin göstəriciləri ölkənin dəyişən iqtisadi mühitinə daim uyğunlaşdırılmalıdır. DSMF sədri qeyd edib ki, Azərbaycanda ilk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir.
"Bu, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətində daha çox özünü göstərir. Biz bunu dəfələrlə qeyd etmişik. Bu gün Azərbaycanın sığorta-pensiya sistemi bir çox sosial sığortaya əsaslanmayan xərcləri qarşılayır. Hansı ki, bu vəsaitlər toplanan sosial sığorta və fərdi hesab nəticələrinə görə fərqlənməlidir. Bu gün unutmamalıyıq ki, sosial sığorta haqqı ödəyiciləri müəyyən alqoritm əsasında müəyyən zaman keçdikdən sonra bu vəsaitin arxasınca gələrək, öz pensiyalarını tələb edəcəklər. Amma bu gün biz bu məbləğləri dövlətin qəbul etdiyi qərarlar nəticəsində əhalinin pensiya təminatına yönəldirik. Bura 1992-ci ilə qədər təyin olunmuş pensiyalar, o cümlədən bu gün pensiya təyinatı üçün müraciət edən şəxslərə 1992-ci ilə qədər olan dövr üçün dövlətin verdiyi əvəzsiz pensiya kapitalları aiddir. Həmçinin, qanunun 20-ci maddəsi ilə bir çox imtiyazlı kateqoriya pensiyadan əlavə qulluq stajına görə əlavələr verilir. Qanunun 19-cu maddəsi baza hissəsinə görə, əlavələr verilir. Bunların heç birinin sosial sığortalanma, eləcə də, bu gün ödənilən və fərdi hesablarda qeydiyyata alınan vəsaitlərlə heç bir əlaqəsi yoxdur. Amma biz həmin məbləğləri toplanan sosial sığorta haqları hesabına maliyyələşdiririk. Dövlət büdcəsindən ayrılan transfertlər və bu xərclərin maliyyə yükü arasında ciddi, əhəmiyyətli fərq var. Bu o deməkdir ki, əgər bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanın pensiya sistemi müəyyən maliyyə çatışmazlığı ilə üzləşə bilər", - deyə E. Mehdiyev əlavə edib.
E. Mehdiyev vurğulayıb ki, digər tərəfdən sığorta-pensiya sisteminin özünün daxilində də bir sıra sosial sığorta prinsiplərinə əsaslanmayan proseslər gedir: "Bu daha çox sosial sığorta haqqı ödəyən insanların ödədiyi vəsaitlərin az sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilməsi problemidir. Bilirsiniz ki, ödənilən sosial sığorta haqlarının bu gün yalnız 50%-i fərdi hesablarda qeydiyyata alınır. 50%-i isə ümumi istifadədə saxlanılaraq aşağı sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilir. Aşağı sosial sığorta haqqı ödəyən insanlar daha çox özünəməşğul əhalidir, kənd təsərrüfatında mülkiyyətə torpaq payı olan insanlardır. Bunlar muzdla çalışan insanlardan ən azı 15 dəfə aşağı vəsait ödəyirlər. Amma onlarla bərabər baza hissələri əldə edirlər. Bu təbii ki, bir tərəfdən yuxarı sosial sığorta haqqı ödəyən insanların marağını azaldır və onlar əmək haqlarının tam leqallaşdırılmasında, sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsində maraq nümayiş etdirmirlər. Bunun səbəbi bəllidir. Digər tərəfdən isə bizim aktuar tədqiqatlarımız göstərir ki, aşağı sosial sığorta haqqı ödəyən insanlara daha çox məbləğlər vəd etməklə bu tendensiya davam edərsə, perspektivdə DSMF çox ciddi maliyyə çatışmazlığı ilə üzləşə bilər".