Əmək müqaviləsi bildirişləri barədə e-xidmət Hadisə

Əmək müqaviləsi bildirişləri barədə e-xidmət

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti vətəndaşlara onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir. İstifadəyə verildiyi vaxtdan əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biri olan bu e-xidmətə müraciət edənlərin sayı mütəmadi olaraq artmaqdadır. Cari ilin sentyabr ayı ərzində "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 81118 dəfə istifadə olunub ki, bu da iyul ayı ilə müqayisədə 1,7 dəfə, avqust ayı ilə müqayisədə isə 2,2 dəfə çoxdur. Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında həmin e-xidmətdən yararlanan şəxslərin sayı 437196 nəfər təşkil edib.
Hər bir vətəndaş onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə bunun üçün ilk növbədə "Elektron Hökumət" portalına (www.e-gov.az ) daxil olmalı və ƏƏSMN-nin həmin e-xidmətini seçməlidir. Portaldan autenfikasiyadan keçənlər bu xidmətdən istifadə etmək imkanına malikdirlər.