14:56
623
“ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası mühüm diplomatik imkan yaratsa da, prosesin uğuru tərəflərin kompromisə hazırlığından asılıdır. Əsas ziddiyyətlər ərazi məsələsi, Ukraynanın təhlükəsizliyi və Rusiyanın siyasi tələbləri ilə bağlıdır. Buna görə də ilkin mərhələdə hərtərəfli sülh razılaşmasından daha çox atəşkəsə nail olmaq real görünür”.
Bunu politoloq Elman Telmanoğlu Xalqcəbhəsi.az-a açıqlamasında Rusiya–Ukrayna müharibəsində sülh danışıqlarının perspektivlərini şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Ukrayna üçün əsas məsələ gələcək hücumların qarşısını alacaq etibarlı təhlükəsizlik təminatlarının yaradılmasıdır: “Bu baxımdan ABŞ və Avropanın konkret öhdəlikləri, atəşkəsə beynəlxalq nəzarət və razılaşmaların icra mexanizmləri mühüm rol oynaya bilər. Ərazi məsələsində faktiki nəzarətin dəyişməsi həmin ərazilərin hüquqi statusunun tanınması kimi qiymətləndirilməməlidir.Avropanın danışıqlar prosesində iştirakı da həlledici əhəmiyyət daşıyır. Çünki müharibənin nəticələri qitənin təhlükəsizliyinə birbaşa təsir göstərir. Avropa dövlətləri Ukraynaya dəstək, atəşkəsin monitorinqi və müharibədən sonrakı bərpa prosesində mühüm rol oynaya bilərlər”.
Politoloq vurğulayıb ki, ABŞ və Avropa arasında mövqelərin uzlaşdırılması əldə olunacaq razılaşmanın dayanıqlığını gücləndirə bilər:
“Ən real yanaşma mərhələli danışıqların aparılmasıdır. İlk növbədə atəşkəs və humanitar məsələlər, daha sonra isə təhlükəsizlik təminatları və ərazi mübahisələri müzakirə olunmalıdır.ABŞ-ın vasitəçiliyi prosesi irəli apara bilər, lakin dayanıqlı sülh tərəflərin öhdəliklərinə əməl etməsindən asılıdır. Əks halda, razılaşma müharibəni bitirmək əvəzinə, yalnız münaqişəni müvəqqəti dondura bilər”.
Günel Elxan