Yevlaxda istehlakçı hüquqları ilə bağlı tədbir Hadisə

Yevlaxda istehlakçı hüquqları ilə bağlı tədbir

Tural


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyan istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans oktyabrın 23-də Yevlaxda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak etmişdir.
Tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının etibarlı qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai-iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 34 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanmışdır. Bu ilin 9 ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 63 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5240 yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bundan başqa, sahibkarların, istehlakçıların iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunur.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir. Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.