14:05
637
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfəri çərçivəsində Baş Qərvənd "Ağıllı kənd" layihəsi ilə tanış olub.
Teleqraf xəbər verir ki, Prezident özünün sosial media hesabında paylaşdığı məlumatda layihəni regionun yenidənqurma prosesinin ən ruhlandırıcı simvollarından biri kimi qiymətləndirib.
O, slovakiyalı mütəxəssislərin və şirkətlərin bu işlərdə aktiv iştirakından məmnunluğunu ifadə edib:
"Slovakiya təcrübəsinin bu parlaq gələcəyin qurulmasında rol oynamasından və slovak şirkətlərinin bu iddialı layihənin reallaşdırılmasında yaxından iştirak etməsindən qürur duyuram. "Ağıllı kənd" layihəsi müasir infrastruktur və innovativ həllər vasitəsilə mülki həyata təhlükəsiz, layiqli və dayanıqlı qayıdış üçün vacib şərait yaradır".
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Peter Pelleqrini Ağdamda yeni məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.
Peter Pelleqrini vurğulayıb ki, təhsil ocağına Slovakiya dövlət xadimi, general Milan Rastislav Ştefanikin adı veriləcək. Prezident Peter Pelleqrini bunu iki ölkə arasındakı dostluğun sarsılmaz simvolu və gələcək nəsillərə qoyulan mühüm investisiya kimi xarakterizə edib.
O, əlavə edib ki, görülən işlər strateji tərəfdaşlığın praktikada ən yaxşı təzahürüdür:
"Bu, Slovakiya təcrübəsinin iş başında olmasıdır. Şirkətlərimiz baxışın reallığa çevrilməsinə və real nəticələrin əldə olunmasına töhfə verir".
14:18
518
14:18
1 022
13:57
651