“Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı” Hadisə

“Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı”

Alimlərimiz Kazanda beynəlxalq konfranslarda iştirak ediblər


RF Tatarıstan Respublikasının Kazan şəhərində "Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı: Şərq-Qərb kontekstində" (14-17 oktyabr 2015) adlı IV Beynəlxalq Türkoloji Forum keçirilib. Forum Kazan Federal Universitetinin L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutu, Qazaxıstan Respublikası L.N.Qumilyov adına Avrasiya Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanıb. Forum çərçivəsində türk xalqlarının folklorunu, dilini, ədəbiyyatını, sənətini və mənəvi mədəniyyətinin bir çox sahələrini əhatə edən 4 beynəlxalq konfransı təşkil olunub. Tədbirdə RF-nın türk respublikalarından və türk xalqlarının yaşadığı müxtəlif bölgələrindən, Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan çoxsaylı elm adamları iştirak ediblər. Forumu giriş sözü ilə Kazan Federal Universiteti L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr institutunun direktoru, professor Radif Rifkat oğlu Zamaletdinov açıb. Sonra Tatarstan Respublikası Yazıçılar Birliyinin sədri Rafis Xaris oğlu Qurbanov müasir dövrdə ədəbiyyatın qarşılaşdığı problemlər və cəmiyyətin həyatında ədəbiyyatın iştirakı məsələləri barədə danışıb. Daha sonra AMEA-nın Folklor institutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun foruma ünvanladağı təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Açılış iclasında Kazan Federal Universiteti Lev Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun Tatar ədəbiyyatı kafedrasının professoru Foat Qalimullinin "Tatar ədəbiyyatı türk xalqlarının bədii söz mədəniyyəti kontekstində", AMEA Folklor İnstitutunun şöbə müdiri, dosent Ağaverdi Xəlilovun "Türk xalqlarının eposunda ortaq motivlər", M.E. Yevselyev adına Mordva Dövlət Pedaqoji İnstitutunun professoru Vladimir Roqaçevin "Mordva folklorunda tatar xalqının təsviri", İ.N. Ulyanov adına Çuvaş Dövlət Universitetinin professoru Vitaliy Rodionovun "1960-1970-ci illər çuvaş ədəbiyyatşünaslığında məktəblərin mübarizəsi", L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun Tatar ədəbiyyatı kafedrasının professoru Əlfət Zakircanovun "Tufan Minullinin yaradıcılığında Şərq və Qərb ədəbi estetik ənənələrinin sintezi" adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bundan sonra forum öz işini folklor, dil, ədəbiyyat və sənət bölmələri üzrə müəyyənləşdirilmiş iclaslarda davam etdirib. AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun "Folklorda komizmin estetik mahiyyəti", şöbə müdiri Ağaverdi Xəlilovun "Oğuz eposunun janr tərkibi və yazılılıq ənənəsi", aparıcı elmi işçi Adil Cəmilin "Ümumtürk epik düşüncəsində Kırım tatar dastanları", Afaq Ramazanovanın "Arzu və Qəmbər dastanının urum variantı", aparıcı elmi işçi İslam Sadığın "Şumer və Altay dastanlarında ortaq motivlər", aparıcı elmi işçi Qalib Sayılovun "Lirik folklorda vahid inanc sistemi", böyük elmi işçi Vəfa İbrahimovanın "İngilis toyları ilə bağlı bəzi adət və inanclar" və b. məruzələr konfransın proqramına daxil edilib. "Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı sahəsində sosial-humanitar tədqiqatlar Şərq və Qərb fəlsəfi-estetik
fikri kontekstində" adlı bölmə iclası Foklor İnstitutunun şöbə müdiri A.Xəlilovun sədrliyi ilə keçirilib. Bu iclasda 40-a yaxın məruzə dinlənilib. M.X.Bakirovun sədrliyi ilə "Türk xalqlarının folkloru və folklorşünaslığı dünya bədii mədəniyyəti kontekstində" adlı bölmə iclasında 30-dək məruzə təqdim edilib. Peterburqlu soydaşımız M.Bayramovun sədrliyi ilə keçirilən "Bədii mətn: üslub və struktur" adlı bölmə iclasında 30-dək məruzə müzakirə edilib. Bütövlükdə, iclaslarda 150-yə qədər məruzə dinlənilib. Bütün məruzələr iki beynəlxalq elmi indekslə seçilən məcmuədə nəşr edilib. Məcmuənin redaksiya heyətinə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü M.K.İmanov və şöbə müdiri A.S.Xəlilov daxil edilib. Bu ilk ortaq tədbir AMEA Folklor İnstitutu ilə Kazan Federal Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Oktyabrın 19-23-də Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə "Dədə Qorqud və türk dünyası" adlı III Beynəlxalq Türk Dünyası Mədəniyyəti Konqresi keçirilib. 22 ölkədən 332 qonağın qatıldığı toplantı "Kitabi Dədə Qorqud" dastanının elm aləminə məlum olmasının 200 illiyi münasibətilə təşkil edilib. Konqresi giriş sözüylə Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekici açaraq 1992-ci ildən fəaliyyət göstərən institutun gördüyü işlərdən danışıb. Ege Universitetinin rektoru, professor, xanım Candəyər Yılmaz çıxışında başçılıq etdiyi təhsil ocağının 60 illik fəaliyyətini dəyərləndirib. Təşkilatçı qurumların rəhbərləri çıxış edərək tədbirin türk dünyası üçün önəmindən danışıblar. Açılış mərasimində Başqırdıstan, Xakasiya, Tuva, Qırğızıstan, Yakutiya, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan musiqiçilərin ifaları dinlənilib. Ölkəmizi sənətçi kimi təmsil edən tarzən Şəhriyar İmanov "Bayatı Şiraz" muğamını səsləndirib. Konqresdə "Kitabi-Dədə Qorqud"un türk tarixi, dili, sənəti, mədəniyyəti, ədəbiyyatı, musiqisi, coğrafiyası, dövlət idarəçiliyi və başqa sahələrə təsiri mövzularında məruzələr yer alıb. Azərbaycan konqresdə geniş heyətlə təmsil olunub. Toplantının ilk günü plenar iclasında Fikrət Türkmən, Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun kimi tanınmış folklorşünas-alimlərin məruzələri ilə bir sırada AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanovun "Bamsı Beyrək boyunda yalançı qəhrəman problemi" adlı məruzəsi dinlənilib. Sonra M.İmanov Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekiciyə xatirə hədiyyəsi verib. Sonrakı gün konqres öz işini bölmə iclaslarında davam etdirib. Ayrı-ayrı salonlarda keçirilən toplantılarda Folklor İnstitutunun əməkdaşları fəal iştirak ediblər. Filologiya üzrə fəlsəfə doktoru Nailə Əsgər "Dədə Qorqud Kitabı"nda şəhərlər və qalalar", xarici əlaqələr bölməsinin müdiri Əli Şamil "1926-cı ildə "Kitabi-Dədə Qorqud" haqqında aparılmış bir araşdırmanın yayımlanmamasının nədənləri", filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy "Kitabi-Dədə Qorqud"da dünya ağacında dəfnetmə ritualı", filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımova "Dədə Qorqud və kelt druidləri", Aynur Qəzənfərqızı "Oğuz dastanı "Kitabi Dədə Qorqud"un izləri qıpçaq kökənli kumukların şeirlərində və şumer mətnlərində",
Qumru Şəhriyar "Bəkil oğlu İmranın boyu"ndakı Bəkil simvolu ilə əkil-bəkil quşunun qarşılaşdırılması", filologiya üzrə elmlər doktoru Füzuli Bayat "Dədə Qorqud dəlilərinin etnopsixoloji simvolizmi", Soltan İmaməliyev "Azərbaycan rəssamlığında və heykəltəraşlığında Dədə Qorqud obrazı", filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov "Dədə Qorqud eposunda islam ideologiyası" mövzularında məruzələr ediblər. Çıxışçılara iştirak haqqında bəlgələr təqdim olunub. Beynəlxalq konqresə UNESCO-nun Türkiyə Milli Mərkəzi, Yunus Əmrə İnstitutu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və "TRT Avaz" kanalı dəstək verib.

Uğur