Azərbaycanda intibah dövrü fəlsəfi və ictimai fikri Hadisə

Azərbaycanda intibah dövrü fəlsəfi və ictimai fikri

Fəlsəfi məzmun ayrı-ayrı ideyalar və ya bütöv təlim şəklində nəsr və nəzmlə ifadə edilirdi

XI-XII əsrlərdə Azərbaycanda fəlsəfəni elmi nailiyyətlərlə birləşdirərək fəlsəfi mövzuları (dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və s.) tədqiq edən Şihabəddin Marağayi, Əbu Səid Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və b. filosoflar məlumdurlar. XI-XII əsrlərdə Azərbaycanda batinilik, ismaililik və sufilik cərəyanlarının yayılması sürətlənir. Həmin cərəyanların fəlsəfi ideyaları ölkədə həm mənəvi mədəniyyətin, həm də sosial həyatın müxtəlif sahələrinə fəal təsir göstərib. Əsasən XI-XII əsrlərdən başlayaraq adı çəkilən cərəyanların nəzəri təlimləri, Sovet dövrü istisna olmaqla, Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrində geniş yer tutub. Azərbaycanda əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk növbədə sufi fəlsəfəsinin nəzəri əsasları haqqında əsərlər yazmış alim-mütəfəkkirlər olublar. Onların əksəriyyəti dünyəvi təhsil almış və fəlsəfi problemlərə əsasən vəhdət əl-vücud adı altında tanınan və dünya fəlsəfi düşüncəsi üçün universal fenomen olan panteizm mövqeyindən yanaşıblar. Onlar Allahın və ilahiləşdirilmiş varlığın sirlərinin irrasional dərkinə üstünlük versələr də, bir çox hallarda varlığın rasional dərkini inkar etməyib, mədəniyyət tarixində dünyəvi elmlərin dərin bilicisi kimi də tanınıblar. XI-XII əsrlərdə Azərbaycanda qeyri-ortodoksal sufilik fəlsəfəsinin yaradıcıları dünya mədəniyyəti tarixində tanınmış Baba Kuhi Bakuvi (948-1050), Eynəlqüzat Miyanəci (1099-1131), Əxi Əbü-l-Fərəc Zəncani və mötədil sufiliyin yaradıcılarından olan Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi (1145-1234) və b. fəlsəfi irsi olub. Eynəlqüzat Miyanəci sufi fəlsəfəsinin nəzəri əsaslarını İbn Ərəbidən əvvəl "Həqiqətlərin seçilmişləri", "Əsaslar", "Aşiqlərin sevinci və təşnələrin bidəti" və s. əsərlərində verib. Dini fəlsəfəyə zidd olduğuna görə o, arasıkəsilməz təqiblərdən sonra 1131-ci ildə 32 yaşında dərs dediyi mədrəsədə edam edilib.
Azərbaycan fəlsəfi fikri XI-XII əsrlərdə sufi fəlsəfəsinin radikal yönümü ilə seçilən nümayəndələri ilə yanaşı mötədil sufiliyin nəzəriyyəçiləri ilə də təmsil olunub. İslam Şərqində özünün mötədil sufilik məktəbini yaradan Azərbaycan filosofu Əbu Həfs Sührəvərdi olub. Sührəvərdi Şərqdə sufizmin dərsliyi kimi qəbul edilmiş "Mərifətlərin töhfələri" əsərində sufiliyin bidətə aparan panteizmini əl-Qəzalidən əvvəl islah edərək onu ortodoksal İslam teologiyası ilə bağlamağa və barışdırmağa cəhd göstərib, dövrünün mədəniyyət tarixinə peripatetik fəlsəfənin və hər cür bidətə aparan ideyaların qatı əleyhdarı kimi daxil olub. Azərbaycan filosofu Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-91) dünya mədəniyyətində məşhur işraqilik fəlsəfəsinin banisidir. Bu fəlsəfi təlim onun "İşraq fəlsəfəsi", "Nur heykəlləri", "İşıq haqqında risalə" və s. əsərlərində şərh olunur. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən qaynaqlanan, peripatetizmin rasionalizmini, sufilərin fəlsəfi baxımdan əhəmiyyətli olan varlığın vahid substansionallığı haqqında ideyasını və dini təsəvvürlərin avtoritarlığını özündə birləşdirən Sührəvərdi təlimi bu gün də Şərq və Qərb fəlsəfə tarixçilərinin diqqətini cəlb edir.
Dövrün fəlsəfi fikri Azərbaycan ilahiyyatçıları Əbuhəfs Zəncani, Əbu Ömər Osman Dərbəndi, Əbülfəz Üşnuhi, Əbubəkr Urməvi, Əbu Xəfif Şirvani və başqa mütəfəkkirlərin ortodoksal təmayüllü teoloji risalələrində əksini tapıb.
İntibah dövrü fəlsəfi və ictimai fikrinin əsas təzahür formalarından biri folklor və fəlsəfi poeziya idi ki, burada fəlsəfi məzmun ayrı-ayrı ideyalar və ya bütöv təlim şəklində nəsr və nəzmlə ifadə edilirdi. Dövrün fəlsəfi və ictimai problemlərini əks etdirən fəlsəfi poeziyanın görkəmli nümayəndələri sırasına Məhsəti Gəncəvi, Əfzələddin Xaqani və Nizami Gəncəvinin adları daxildir. Fəlsəfi poeziyanın zirvəsi sayılan Nizami irsi, ilk növbədə onun "Xəmsə"si XII əsrdə Azərbaycanın və İslam Şərqinin fəlsəfi təfəkkürünün poetik formada əksini tapmış nümunəsidir ki, bu da sonralar fəlsəfi təfəkkürü nəzmlə açıqlayan Şərq "Xəmsə"lərinə örnək olub. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən qaynaqlanan və onların özünəməxsus sintezini əks etdirən Nizami "Xəmsə"sində ontoloji aspektdə panteizm yönümlü idealizm, qnoseologiyada rasionalizmlə irrasionalizmin sintezi, sosial və etik görüşlərdə şəxsiyyəti və cəmiyyəti kamilliyə aparan zahiri və batini yolların təsviri ehtiva olunub.
Orta əsrlərdə Şərqin və Azərbaycanın İntibah mədəniyyətində müxtəlif növ təfsirlər də məlum idi. Çoxaspektliliyi ilə seçilən təfsirlər dil, bədiilik, üslub, fəlsəfə, elm, bir sözlə, təfsir obyektinin məzmun və formasını aça bilən bütün məqamların professional şərhini əhatə edərək bütövlükdə məlum hermenevtik yanaşma metoduna uyğun idi. Bu növ təfsirlər içərisində Azərbaycan klassik mədəniyyətinin nümayəndələri Xətib Təbrizi və Yusif Xoylunun ərəb filosofu Əbül-Əla əl-Məərrinin "İlk qığılcım" poemasına verdikləri təfsirlər xüsusi yer tutur. Bu təfsirlər poemanın fəlsəfi aspektdən şərhinin dərinliyi və müfəssəlliyinə görə sonralar hər iki təfsirçinin fəlsəfi dünyagörüşünün tədqiqi üçün imkan və zəmin yaratdı.
XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi və sosial-siyasi fikri ölkənin sosial-siyasi və ümummədəni kontekstində dövrün tələblərinə uyğun inkişaf edirdi. Lakin bu kontekst XIII-XIV və XV-XVI əsrlərdə xeyli fərqlənirdi. Belə ki, XIII-XIV əsrlərdə ölkə ərazisində müstəqil Eldənizlər və Atabəylər dövlətləri devrilir, monqolların və Teymurilərin hakimiyyəti bərqərar olur. XV-XVI əsrlərdə isə Azərbaycan xarici istiladan tədricən azad olur, müstəqil Ağqoyunlu, Qaraqoyunlu dövlətləri və Azərbaycan Səfəvi imperiyası yaranır.
XIII-XIV əsrlərdə ölkədə xarici istila zülmü yerli feodal zülmü ilə birləşərək genişmiqyaslı xalq üsyanlarına səbəb olurdu. Bu üsyanlarda adətən əsas rolu yüzminlərlə sakini olan və iqtisadiyyatı inkişaf etmiş şəhərlərin əhalisi, ilk növbədə iqtisadi, ideoloji və siyasi cəhətdən təşkilatlanmış və bir çox hallarda tacirləri, yerli mülkədarları, ruhaniləri və kəndliləri ətrafında birləşdirən sənətkarlar silki oynayırdı. Ölkəsinin müdafiəsinə qalxan xalqın ideoloji dayağı mövcud təriqətlərin qeyri-ortodoksal, bir sıra hallarda ifrat şiəliyi və ardıcıl panteizmi ilə səciyyələnən fəlsəfi yönümlü təlimləri idi.
XIII-XVI əsrlərdə keçmiş fəlsəfi cərəyanlar zəminində yeni, özünəməxsus fəlsəfi baxışlara malik, məhz Azərbaycanda yaranmış müstəqil hürufi, nöqtəvi, qızılbaş, gülşəni və s. təriqət və ideoloji cərəyanlara rast gəlinir. Arasıkəsilməz müharibələrə və istilalara baxmayaraq həmin dövrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına dünyəvi elmlərin yüksəlişi - XIII əsrdə Şərq alimlərinin elm ocağına çevrilmiş dünya şöhrətli Marağa rəsədxanası və Marağa universiteti, XIV əsrdə Təbrizdə dünyəvi elmlər, fəlsəfə və ilahiyyat tədris olunan Dar üş-Şəfa tibb kompleksi, XIV əsrin əvvəllərində Təbrizdə dəqiq elmlərlə yanaşı fəlsəfənin dərindən öyrənildiyi Rəbbi-Rəşidi elm şəhərciyinin yaranması, əlyazmalarını hifz edən çoxsaylı kitabxanaların və hətta ölkənin kağız istehsalına ehtiyacını ödəyən Kağazkunan şəhərinin olması təsir edirdi.
Fəlsəfi və ictimai fikrin inkişafına ölkədə müxtəlif din (zərdüştilik, təktanrıçılıq, şamançılıq, bütpərəstlik, yəhudilik, xristianlıq, İslam və s.) və dillərin (türk-Azərbaycan, ərəb, fars, udi, gürcü və s.) mövcudluğu etnosların birgə qarşılıqlı anlaşma və etimad şəraitində yaşaması və mədəni əlaqələri də böyük təsir göstərirdi. Müxtəlif dinə, dilə və siyasi bölgələrə mənsubluğu Azərbaycan mədəniyyətini və fəlsəfəsini zənginləşdirən amillər idi. Ərəb və fars dilləri ilə bərabər artıq XII əsrdən türk dili də elitar ədəbi dil kimi tanınırdı. Azərbaycanın fəlsəfi ədəbiyyatında türk-azərbaycandilli yazılı abidələr getdikcə artırdı. Bunlardan XIII əsrə aid alleqorik "Əhməd Hərami" anonim etik risaləsini, Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və XIII-XVI əsrlər fəlsəfi poeziyasının başqa çoxsaylı nümayəndələrinin məlum irsini göstərmək olar. Azərbaycan xalqının fəlsəfi mədəniyyəti XIII-XVI əsrlərdə əsasən İslam və xristian mədəni bölgələrində inkişaf edirdi. Lakin xristian bölgəsinin yazılı mədəni abidələri Azərbaycan albanlarının etnik assimilyasiyasına hər vasitə ilə cəhd edən erməni kilsəsinin əli ilə uzaqgörənliklə məhv olunduğundan, Azərbaycanın alban mənəvi mədəniyyəti və xüsusən fəlsəfi dünyagörüşü haqqında məlumat çox məhduddur. XIII-XVI əsrlərdə İslam mədəni kontekstində inkişaf edən Azərbaycan fəlsəfəsi əvvəlki dövrdə olduğu kimi, teosofiya daxilində Şərq peripatetizmi, təriqət fəlsəfəsi, fəlsəfi poeziya, təfsirlər və s. formalarda inkişaf edirdi və dövrün sosial-siyasi durumu fəlsəfəyə, xüsusən genişlənən sosial bazaya malik fəlsəfi cərəyanlara, onların ortodoksal dinə münasibətinə ciddi təsir göstərirdi. Din xadimlərinin bir çox hallarda monqollar və teymurilərlə əməkdaşlığı xarici (istilaçı) və yerli sosial zülmə qarşı yönəlmiş cərəyanların fəlsəfi görüşlərində bidət təmayülünü artırırdı. Bu cərəyanlar fəlsəfədə materializm təmayüllü ardıcıl panteizmi təbliğ edir və panteizmə əsaslanan hülul nəzəriyyəsini sosial problemlərin həllinə yönəldirdi. Mistik özünüdərk və fərdi kamilləşmə artıq real məqsədlərə, siyasi-sosial məsələlərin həllinə istiqamətləndirilirdi. İslamın panteizmə əsaslanan yeni bidətçi yozumlarının sayı artır və onlara qarşı ortodoksal din və dövlət xadimləri tərəfindən aparılan amansız mübarizə şiddətlənirdi.
XIII-XVI əsrlərdə peripatetik fəlsəfənin nümayəndələri Siracəddin Urməvi, Əfzələddin Xünəci, Nəsirəddin Tusi və b. idi. Görkəmli filosoflar Mahmud Şəbüstəri, Əvhədi Marağayi isə həm peripatetizmi, həm də sufiliyi təmsil edirdilər. Həmin mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaşı nücum, təbabət, riyaziyyat, məntiq və hüquq problemləri də mühüm yer tuturdu. Məntiq elmi Şəmsəddin Məhəmməd Xalxali, Şükrüllah Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi və b. əsərlərində işlənib. Bu dövrdə peripatetizm nümayəndələri ölkə və bölgə fəlsəfi ənənələrini elmin nailiyyətləri ilə birləşdirərək bir sıra fəlsəfi problemlərin materialist təmayüllü yozumunu vermiş, hərəkət və inkişafın ümumiləşdirilmiş təsvirini, maddi və mənəvi aləmin fenomenləri arasındakı qarşılıqlı əlaqələri dialektik izah etmişlər. Dövrün peripatetiklərinin təlimi X-XII əsr Azərbaycan fəlsəfəsi ənənələrinin, elm və mədəniyyətinin nailiyyətlərinə söykənən davamı idi.

Zümrüd Quluzadə,
fəlsəfə elmləri doktoru