18:55
539
“Azad sahibkarlıq və liberal iqtisadiyyat düzgün şəraitdə ölkənin inkişafı üçün güclü mühərrik rolunu oynaya bilər”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, rəqabət mühiti istehlakçı üçün qiymətlərin aşağı düşməsinə, xidmət və məhsul keyfiyyətinin artmasına, innovasiyaların sürətlənməsinə şərait yaradır:
“Özəl sahibkarlıq dövlət strukturlarına nisbətən bazarın tələblərinə daha çevik reaksiya verir və yeni iş yerlərinin əsas hissəsi məhz kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılır. Bu yanaşma cəmiyyətdə iş axtarmaq deyil, iş yaratmaq düşüncəsini formalaşdırır. Liberal iqtisadiyyat avtomatik olaraq rifah yaratmır. Tənzimsiz bazar mühiti inhisarçılığı gücləndirə, sosial bərabərsizliyi artıra və təhsil, səhiyyə kimi vacib sahələrdə sosial ədaləti poza bilər. Ən uğurlu model azad sahibkarlıqla güclü dövlət tənzimlənməsi arasında balansın qurulmasıdır. Skandinaviya ölkələri, Cənubi Koreya və Sinqapur kimi nümunələr bunu açıq şəkildə göstərir.Azərbaycanda formal olaraq özəl sektor mövcud olsa da, real rəqabət mühiti tam formalaşmayıb. Bir çox sahələrdə bazarın dövlətlə yaxın əlaqəli strukturların nəzarətində olması liberal iqtisadiyyatın üstünlüklərinin tam reallaşmasına mane olur”.
O bildirib ki, həqiqi azad sahibkarlıq üçün şəffaf hüquqi mühit, bərabər giriş imkanları və müstəqil məhkəmə sistemi əsas şərtlərdir: “Bu sütunlar olmadan liberal iqtisadiyyat anlayışı yalnız ritorika olaraq qalır”.
Günel Elxan