Beynəlxalq enerji təhlükəsizliyində Azərbaycanın rolu İqtisadiyyat

Beynəlxalq enerji təhlükəsizliyində Azərbaycanın rolu

Beynəlxalq enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik və geosiyasi gərginliklər enerji təhlükəsizliyi məsələsini beynəlxalq gündəmin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə Avropada enerji təminatının şaxələndirilməsi istiqamətində artan tələbat Azərbaycan kimi resurslara malik və eyni zamanda etibarlı tərəfdaş imicinə sahib ölkələrin strateji əhəmiyyətini daha da artırıb. 2025–2026-cı illərin göstəricilərinə baxsaq görərik ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan aktora çevrilib.
2025-ci ildə Azərbaycanda təbii qaz hasilatının 51.5 milyard kubmetrə çataraq əvvəlki illə müqayisədə 2.4 faiz artması ölkənin istehsal potensialının genişləndiyini və enerji sektorunun dayanıqlı inkişafını nümayiş etdirir. Eyni dövrdə qaz ixracının təxminən 25.2 milyard kubmetr səviyyəsində sabit qalması isə Azərbaycanın mövcud bazarlarda etibarlı və proqnozlaşdırıla bilən təchizatçı kimi mövqeyini qoruduğunu göstərir. Xüsusilə qlobal enerji bazarlarında qeyri-müəyyənliklərin davam etdiyi bir şəraitdə, mühüm üstünlük kimi qiymətləndirilə bilər. Avropa istiqamətində ixracın 12.8 milyard kubmetr səviyyəsində qalması və cüzi dəyişikliklər göstərməsi isə daha çox bazarın struktur transformasiyasını və Azərbaycanın öz mövqeyini qorumağa nail olduğunu göstərir.
Türkiyəyə qaz ixracı isə təxminən 10–11 milyard kubmetr səviyyəsindədir. Azərbaycan regional enerji təchizatında sabit rolunu qorumaqla yanaşı həm Avropa, həm də region bazarları arasında balanslı enerji siyasəti həyata keçirərək geosiyasi manevr imkanlarını genişləndirdirir.
2025-ci ildə neft hasilatının 27.7 milyon ton təşkil edərək 4.8 faiz azalması, eləcə də ixracın təxminən 23 milyon ton səviyyəsində qalması ilk baxışda azalma kimi görünsə də, bu proses daha çox enerji sektorunda mərhələli transformasiyanın göstəricisi kimi çıxış edir. Xüsusilə qaz sektorunun rolunun artması və enerji portfelinin tədricən diversifikasiyası Azərbaycanın daha çevik və dayanıqlı enerji modelinə keçid etdiyini göstərir.
Bununla yanaşı, enerji sektorunun dövlət maliyyəsində rolu hələ də güclü olaraq qalmaqdadır. 2025-ci ildə neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların 18.83 milyard manata çatması və 7.2 faiz artım nümayiş etdirməsi bu sahənin hələ də iqtisadi sabitliyin əsas dayaqlarından biri olduğunu təsdiqləyir. Hətta hasilatda nisbi azalma olması da sektorun effektiv idarə olunduğunu göstərir. Eyni zamanda, bu Azərbaycanın mövcud resurslardan daha səmərəli istifadə etməklə paralel şəkildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımlar atmaq üçün əlverişli imkanlar yaratdığını da ortaya qoyur.
Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri onun strateji əhəmiyyətini daha da gücləndirir. Enerji marşrutlarının şaxələndirilməsi, yeni bazarlara çıxış imkanlarının yaradılması və mövcud infrastrukturun genişləndirilməsi ölkəni yalnız təchizatçı deyil, həm də enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirir. Bu da onu göstərir ki, Azərbaycan faktiki olaraq enerji resurslarını geosiyasi alətə çevirmədən, onları əməkdaşlıq və qarşılıqlı fayda platforması kimi təqdim etməyi bacarır. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdıran əsas elementlərdəndir.
Eyni zamanda, beynəlxanq enerji bazarlarında baş verən transformasiyalar yeni çağırışlar da yaradır. Bərpa olunan enerji mənbələrinə keçidin sürətlənməsi, iqlim siyasətinin sərtləşməsi və bazarlarda rəqabətin artması Azərbaycan üçün yeni strateji yanaşmalar tələb edir. Bu baxımdan alternativ enerji sahəsində atılan addımlar ölkənin uzunmüddətli enerji strategiyasının mühüm elementinə çevrilib.
Ümumilikdə, tendensiyalar göstərir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi sistemində mövqeyini qorumaqla yanaşı, onu yeni reallıqlara uyğun şəkildə transformasiya etməyə çalışır. Ölkənin balanslı xarici siyasəti və etibarlı tərəfdaş imici bu prosesdə əsas üstünlük kimi çıxış edir. Azərbaycanın balanslı xarici siyasət modeli onu yaxın gələcəkdə beynəlxalq enerji sistemində mühüm aktorlardan biri kimi saxlamaq potensialına malikdir.

Əli Səlimov, iqtisadçı