14:15
672
“Mövcud beynəlxalq şəraiti düzgün xarakterizə etmək üçün əsas elementləri diqqətdə saxlamaq və xüsusilə mətbuatın çıxışlarını diqqətlə izləmək vacibdir”.
Bunu politoloq Tofiq Abbasov xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun fikrincə, hazırda Qərb mətbuatı demək olar ki, bütövlükdə Rusiyadan qaynaqlanan riskləri, təhdidləri və təhlükələri şişirdərək təqdim edir ki, bu da sağlam yanaşma hesab oluna bilməz: “Bu, beynəlxalq münasibətlər sistemində gərginliyi daha da artırır və obyektiv qiymətləndirməyə mane olur.
Ukrayna hadisələri 2022-ci ilin fevralında başlamazdan əvvəl də artıq bir çox Qərb ölkələrinin – xüsusilə Britaniya, Litva, Polşa, Almaniya və Niderlandın Ukrayna ordusuna ciddi dəstək verdiyi məlum idi. Həm silah yardımları göstərilir, həm də Ukrayna hərbi birləşmələri müxtəlif döyüş şəraitlərinə hazırlanırdı. Bu proseslər sonradan baş verən hadisələrin təsadüfi olmadığını göstərdi”.
T.Abbasov vurğulayıb ki, Rusiya 2022-ci ildə xüsusi hərbi əməliyyata başlayarkən bunu Ukraynanı qabaqlamaq məqsədi ilə etdiyini bəyan etmişdi: “Moskva bildirirdi ki, qarşı tərəfdən də hücum riski mövcuddur və bu addım preventiv xarakter daşıyır. Bütün bunlar onu göstərir ki, regionda baş verən proseslərə yalnız birtərəfli yanaşmaq doğru deyil”.
Günel Elxan