“Avropanın diqqəti yenidən Azərbaycana yönəlir” Siyasət

“Avropanın diqqəti yenidən Azərbaycana yönəlir”

“Son dövrlərdə bir sıra Avropa ölkələrinin, o cümlədən Çexiya Baş nazirinin Azərbaycana, eləcə də Ukrayna Prezidentinin ölkəmizə səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir”.

Bunu politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, xüsusilə Avropa dövlətləri Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır və bu, olduqca müsbət siqnaldır: “Həm Çexiya, həm Ukrayna, həm də Azərbaycan keçmiş SSRİ məkanında formalaşmış dövlətlərdir. Bu baxımdan onların bir araya gələrək yeni əməkdaşlıq modeli qurmağa çalışması tamamilə məntiqlidir. Bu, həm Rusiyanın təzyiqləri fonunda yeni bir təhlükəsizlik və qarşılıqlı dəstək modeli kimi görünür, həm də iqtisadi maraqlardan qaynaqlanır”.

Politoloq qeyd edib ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir və bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Bir çox dövlətlərin Azərbaycanla enerji sahəsində ciddi əməkdaşlığa ehtiyacı var. Səfərlərin əsas səbəblərindən biri də məhz budur”.

Ə.Mustafa vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda güclü və aparıcı dövlət olması da bu marağı artırır: “Şərq-Qərb nəqliyyat dəhlizinin, eləcə də Şimal-Cənub marşrutunun Azərbaycan üzərindən keçməsi ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu da Azərbaycanın tədricən regional oyunçuya çevrildiyini göstərir. Belə bir şəraitdə Avropa ölkələrinin və digər dövlətlərin Azərbaycan ilə əməkdaşlığa üstünlük verməsi həm məntiqli, həm də müsbət haldır”.

Günel Elxan